Azərbaycan tarixində qadınların rolu və cəmiyyətdə yeri
Azərbaycan tarixində qadınlar hər zaman mühüm rol oynamış, Vətənin müdafiəsində, dövlət quruculuğunda və ictimai həyatda fəal iştirak etmişlər. Qədim dövrlərdən bu günə qədər Azərbaycan qadınları cəsarət, müdriklik və vətənpərvərlik nümunəsi göstərmişlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların igidliyi və qəhrəmanlığı xüsusi qeyd olunur. Tariximizdə Tomris, Nüşabə, Sara Xatun, Möminə Xatun, Nigar, Həcər və Tutu Bikə kimi qadın liderlər xalqımızın yaddaşında qəhrəmanlıq simvolu kimi yaşayır.
Şərqdə qadınlara seçib-seçilmək hüququ ilk dəfə Azərbaycanda verilmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar bu hüququ əldə etmiş və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlamışlar.
Azərbaycan qadınları əsrlər boyu milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunmasında mühüm rol oynamışlar. Müasir Azərbaycan qadınları da yüksək bilik və zəkaları ilə cəmiyyətin inkişafına töhfə verirlər.
Ölkəmizdə dövlət qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi dövründə qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmış, onların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, kişi və qadınların hüquq və azadlıqları bərabərdir. Dövlət gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının qorunması və onların ictimai həyatda iştirakının artırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu sahədə beynəlxalq sənədlər də təsdiq edilmiş, Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulmuşdur.
1998-ci il 25 sentyabr tarixində keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı ölkədə qadın siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Həmin ildən etibarən hər beş ildən bir keçirilən qurultaylar qadın problemlərinin müzakirəsi və onların cəmiyyətdə rolunun gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram kimi qeyd olunur. Hər il bu bayram münasibətilə ölkənin inkişafına töhfə verən qadınlar orden, medal və fəxri adlarla təltif edilirlər.
Bu gün dövlət qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qadın hüquqlarının qorunması, onların sosial-iqtisadi və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksəlməsinə töhfə verir. Onun həyata keçirdiyi humanitar, mədəni və xeyriyyəçilik layihələri Azərbaycan qadınının mərhəmət və yüksək mənəvi dəyərlərini təbliğ edir.
Ölkədə qadın siyasətinin effektivliyini təmin edən amillər
Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün mühüm hüquqi və institusional addımlar atılmışdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və qadın siyasətinin inkişafına dair sərəncamın imzalanması bu sahədə mühüm mərhələ olmuşdur.
2000-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman qadınların dövlət idarəçiliyində və rəhbər vəzifələrdə təmsil olunmasına imkan yaratmışdır. Həmçinin 2000–2005-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiqlənmişdir.
2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, “Gender bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilmişdir.
Hazırda 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı gender bərabərliyinin gücləndirilməsi, qadınların təhsil, məşğulluq və rəqəmsal bacarıqlarının artırılması, sosial cəhətdən həssas qruplara aid qadınların xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədi daşıyır.
Plan əmək bazarında gender fərqlərinin azaldılması, qadınların iqlim dəyişikliklərinə qarşı mübarizədə və ictimai proseslərdə iştirakının artırılması, medianın gender bərabərliyinin təşviqində rolunun gücləndirilməsi kimi istiqamətləri də əhatə edir.
Qadın hüquqlarının hüquqi təminatı
Azərbaycanda qadın hüquqları Ailə, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələri ilə qorunur. Azərbaycan 1995-ci ildə BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiyasına qoşulmuşdur. Həmçinin Beynəlxalq Əmək Təşkilatının qadın əməyinin qorunması ilə bağlı konvensiyaları da qəbul edilmişdir.
Ölkədə qadınların sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramları həyata keçirilmişdir. Bunlara 2008–2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, həmçinin 2011–2015-ci illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı daxildir.
Fəal vətəndaş mövqeyi sərgiləyən Azərbaycan qadını
Müstəqilliyin bərpasından sonra Azərbaycan qadınları dövlət quruculuğu prosesində fəal iştirak etmiş, ölkənin sosial-iqtisadi və mədəni inkişafına töhfə vermişlər. Bu gün qadınlar təhsil, səhiyyə, ordu quruculuğu və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.
Statistik məlumatlara görə, ölkə əhalisinin təxminən 50,2 faizini qadınlar təşkil edir. 2026-cı ilin əvvəlinə işçi qüvvəsində qadınların payı 48,4 faiz, məşğul əhali arasında isə 48,1 faiz olmuşdur. Qadın sahibkarlığının payı 23,7 faizə çatmışdır.
Qadınlar Milli Məclisdə də təmsil olunurlar və VII çağırış parlamentdə 26 qadın deputat fəaliyyət göstərir.
Qadınların ictimai fəallığının artırılması məqsədilə 2024-cü ildən həyata keçirilən “Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi regionlarda yaşayan qadın və gənc qızların liderlik və rəqəmsal bacarıqlarının inkişafına, onların ictimai fəallığının artırılmasına xidmət edir. 2024–2025-ci illərdə layihəyə 3500-dən çox qadın və gənc qız cəlb olunmuşdur.
