Dekabrın 26-da Bakıda 2025-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev idmançılarımızın il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirərək bildirib ki, 2025-ci il Azərbaycan idmanı üçün rekord göstəricilərlə yadda qalıb. Dövlət başçısının sözlərinə görə, idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal qazanıb, onlardan 600-dən artıq medal qızıl əyarlı olub. Bu nəticələr ölkədə idmanın inkişafının uğurla davam etdiyini bir daha nümayiş etdirir.
Prezident qeyd edib ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl proqramlar həyata keçirilir. Son illər ərzində ölkənin idman infrastrukturu demək olar ki, sıfırdan qurulub. Bölgələrdə idmanla məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində iki yeni Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılıb və bununla da bölgələrdə bu tip komplekslərin sayı 46-ya çatıb.
Dövlət başçısı vurğulayıb ki, sağlam gənc nəslin yetişdirilməsi həm idman uğurlarının, həm də ölkənin gələcək inkişafının əsas şərtidir. Uşaqların erkən yaşlardan idmana cəlb olunması onların fiziki sağlamlığı ilə yanaşı, mənəvi tərbiyəsinə də müsbət təsir göstərir. Prezident gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Çıxışda qeyd olunub ki, Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi hər bir vətəndaşda qürur hissi yaradır. Son beş il ərzində Azərbaycanın qalib ölkə kimi tanınması idmançıların məsuliyyətini daha da artırır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi beynəlxalq yarışlarda çıxış edirlər.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizdə keçirilmiş beynəlxalq idman tədbirlərinə də toxunub. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə yüksək səviyyədə təşkili Azərbaycanın böyük idman potensialına malik olduğunu sübut edib. Oyunlarda Azərbaycan komandası ümumi hesabda ikinci yerə layiq görülüb.
Bu il Bakıda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsi də xüsusi qeyd olunub. Prezident bildirib ki, bu yarış dünya miqyasında böyük maraq doğurur və onun Bakıda təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Formula 1 yarışlarının da ənənəvi olaraq yüksək səviyyədə keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu yarışlar Azərbaycanın turizm potensialının artmasına və ölkəmizin dünyada tanıdılmasına mühüm töhfə verir.
Dövlət başçısı gələcək planlardan danışaraq bildirib ki, 2026-cı ildə Qusar rayonundakı Şahdağ Xizək Turizm Mərkəzində Xizək üzrə Dünya Kuboku keçiriləcək. Bu, Azərbaycan tarixində ilk dəfə baş verəcək və ölkəmizi beynəlxalq qış idmanları təqviminə daxil edəcək. Şahdağ Xizək Mərkəzində infrastrukturun davamlı şəkildə genişləndirildiyi, yeni trasların və imkanların yaradıldığı qeyd olunub.
Prezident İlham Əliyev Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirib və bu ada layiq şəkildə fəaliyyətin davam etdiriləcəyini bildirib.
Çıxışın sonunda dövlət başçısı idmançıların və idman mütəxəssislərinin əməyinin daim dövlət tərəfindən qiymətləndirildiyini vurğulayıb. Prezident İlham Əliyev mərasim iştirakçılarını qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, onlara yeni qələbələr və uğurlar arzulayıb.




