Şamaxıda dünya mətbəxləri bir arada – Beynəlxalq Barbekü Festivalı böyük maraqla qarşılandı REPORTAJ » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda dünya mətbəxləri bir arada – Beynəlxalq Barbekü Festivalı böyük maraqla qarşılandı REPORTAJ


4–5 oktyabr tarixlərində Şamaxının Meysəri kəndi Azərbaycanda ilk dəfə Beynəlxalq Barbekü Festivalına ev sahibliyi edib. Tədbir Şamaxı Rayon İcra Hakimiyyəti, “Nəsimi Bağları” Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə baş tutub.

Festivalda 30-dan çox ölkədən məşhur şeflər, “Michelin” mükafatı laureatları və kulinariya assosiasiyalarının rəhbərləri iştirak edib. Tədbirin əsas məqsədi Azərbaycanın mətbəxini, qonaqpərvərliyini və mədəni dəyərlərini dünyaya tanıtmaq, həmçinin qastronomiya turizmini genişləndirmək olub.

Pavilyonlarda yerli və xarici aşpazlar milli təamlarını təqdim edib, tanınmış şeflər ustad dərsləri keçirib. Uşaqlar üçün təşkil olunan əyləncəli dərslərdə azyaşlılar məşhur şeflərlə birlikdə burger hazırlayıblar.

Festival çərçivəsində komandalar arasında yarış da keçirilib. Hər komanda verilən resept əsasında yemək hazırlayıb və “dad”, “bişirmə dərəcəsi” və “təhvil forması” meyarlarına görə qiymətləndirilib. Fərqlənən iştirakçılar sertifikat, medal və kubokla mükafatlandırılıb.

Tədbirin yaddaqalan məqamlarından biri də Azərbaycan milli mətbəxi şousu olub. Xarici şeflər milli təamlarımızı öz üslublarında hazırlayaraq təqdim ediblər.

Beynəlxalq Barbekü Festivalı Şamaxıda həm kulinarlar, həm də qastronomiya həvəskarları üçün unudulmaz təcrübə və mədəniyyətlərarası dialoq meydanı olub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az