Qəbələdəki 12-ci Türk Dövlətləri Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin təntənəsi oldu » Shirvanqazeti.az - Şirvan Qəzeti

Qəbələdəki 12-ci Türk Dövlətləri Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin təntənəsi oldu


Prezident İlham Əliyev:   “Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.”

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev  iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə Görüşü iştirakçılarını salamlayaraq, Qəbələnin qədim tarixini və zəngin mədəni irsini xatırladıb. O bildirib ki, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş Qəbələ uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuş və bu torpaqlarda qədim dövlətçilik ənənələrinin əsasını təşkil edib.

Dövlət başçısı çıxışında vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, mühüm geosiyasi mərkəzə çevrilmişdir. Prezident İlham Əliyev qeyd edib ki, ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir və bu birliyin əsasını möhkəmləndirir.

Çıxışda regional sülh və təhlükəsizlik məsələləri əsas mövzulardan biri kimi səsləndirilib. Dövlət başçısı bildirib ki, təhlükəsizliyin təmin olunmadığı şəraitdə davamlı inkişaf mümkün deyil. Bu baxımdan, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələrindən danışan dövlət başçısı qeyd edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu, təkcə Azərbaycanın milli iradəsinin və əzminin təntənəsi deyil, həm də bölgədə ədalətin və sülhün bərpasının göstəricisidir.

Prezident İlham Əliyev, həmçinin, Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişinin regionda sabitliyə və əməkdaşlığa yeni təkan verəcəyini bildirib. O, Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin artıq beynəlxalq səviyyədə dəstəkləndiyini vurğulayıb.

Dövlət başçısı çıxışında nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinə də geniş yer ayırıb. Prezident qeyd edib ki, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Türk dünyası arasında etibarlı körpü rolunu oynayır. 2022-ci ildən bu yana Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması, Ələt Beynəlxalq Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ölkəmizin bu sahədəki strateji mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını “böyük regional layihə” kimi dəyərləndirərək qeyd edib ki, bu dəhliz Orta Dəhliz və Şimal-Cənub marşrutlarının mühüm tamamlayıcısı olacaq.

Enerji sahəsində də Azərbaycan mühüm rol oynayır. Hazırda ölkə 14 ölkəyə təbii qaz ixrac edir və 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələr hesabına təmin etməyi planlaşdırır. Prezident bildirib ki, Azərbaycan etibarlı tərəfdaş kimi regionun və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir.

Çıxışda iqtisadi inteqrasiya və investisiya əməkdaşlığının genişləndirilməsi də xüsusi vurğulanıb. Azərbaycan indiyədək qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan artıq sərmayə yatırıb. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yaradılan birgə fondlar qarşıdakı illərdə mühüm layihələrin reallaşdırılmasına imkan verəcək.

Prezident İlham Əliyev gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib.

Sonda dövlət başçısı Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək göstərən qardaş ölkələrə təşəkkürünü bildirib. Füzulidə, Ağdamda və Cəbrayılda qardaş dövlətlərin dəstəyi ilə inşa olunan məktəb və mədəniyyət ocaqlarını Türk həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirib.

Qəbələ Zirvə Görüşü Türk dünyasının birliyinin, qarşılıqlı etimadın və ortaq gələcəyə inamın parlaq təzahürü kimi tarixə düşdü.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az