Sentyabrın 30-da Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir və uğurla inkişaf edir.
Azərbaycan və İtaliya arasında imzalanmış iki mühüm sənəd – 2015-ci ildə bağlanmış Strateji tərəfdaşlıq haqqında Saziş və 2018-ci ildə qəbul olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə – ikitərəfli əlaqələrin möhkəm hüquqi bazasını formalaşdırıb. Bu illər ərzində münasibətlər təkcə siyasi sahədə deyil, həm də iqtisadi və enerji əməkdaşlığında sürətlə inkişaf edib.
Bu gün Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Dövlət başçıları arasında tez-tez baş tutan görüşlər, qarşılıqlı etimad və səmimi dialoq strateji tərəfdaşlığın əsas dayaqlarındandır.
İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşı kimi çıxış edir. Ticarət dövriyyəsi ildən-ilə artır, birgə layihələrin coğrafiyası isə genişlənir.
Energetika əməkdaşlığı isə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan neft və qazını İtaliyaya ixrac etməklə həm dünya bazarına çıxışını təmin edir, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu, tərəfdaşlığın strateji xarakter daşımasının əsas göstəricilərindən biridir.
Prezident İlham Əliyev bildirib ki, İtaliya hazırda Azərbaycanın birinci ticarət tərəfdaşıdır, neft və qaz ixracında öncül mövqedədir. TAP layihəsinin həyata keçirilməsində Prezident Mattarellanın şəxsi dəstəyini yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci ildən etibarən Azərbaycan qazı İtaliyaya ixrac olunur. Hazırda isə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə dünya liderlərindən biridir.
Dövlət başçısı həmçinin Avropa İttifaqına elektrik enerjisinin ixracı üzrə işlərin aparıldığını bildirib. Bu istiqamətdə yeni infrastruktur layihələrinin reallaşdırılması planlaşdırılır.
Humanitar əməkdaşlığa toxunan Prezident İlham Əliyev 1 oktyabr tarixində İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutacağını xatırladıb və bunun iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan münasibətlərində də son dövrlər müsbət dinamika müşahidə olunur və bu prosesdə İtaliyanın dəstəyi əhəmiyyətlidir.
Çıxışının sonunda Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq rəsmi sənədlərdə, həm də praktiki əməkdaşlıqda özünü təsdiqləyib və beynəlxalq münasibətlərdə nümunəvi xarakter daşıyır.
İtaliya-Azərbaycan Universitetinin açılışı iki ölkə arasında təhsil və humanitar əməkdaşlığın güclənməsinə xidmət edir.
Oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. Bu mühüm layihə Azərbaycan ilə İtaliya arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsini göstərməklə yanaşı, elm və təhsildə strateji tərəfdaşlığın bariz nümunəsidir.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihənin reallaşdırılması üçün ADA Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisələri – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Elə həmin il universitet binalarının təməli hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə qoyulub.
Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində başlayıb. Hazırda burada 8 bakalavr və 2 magistr proqramı üzrə ümumilikdə 640 tələbə təhsil alır. Onlardan 538-i bakalavr, 102-si magistr pilləsindədir. Tədris proqramlarına elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisasları daxildir. Proqramlardan üçü ikili diplom təhsilini nəzərdə tutur. Bundan başqa, universitet peşəkarlar üçün ixtisasartırma və sertifikat proqramları da təklif edir.
Yeni tədris korpusları müasir texnologiyalarla təchiz olunub. Burada İtaliyanın Bolonya və Milan Politexnik universitetləri ilə birgə yaradılmış 6 tədqiqat və 7 tədris laboratoriyası fəaliyyət göstərəcək. Bundan başqa, memarlıq kitabxanası, şəhərsalma və landşaft studiyaları, foto-video emalatxanaları, dizayn mərkəzləri və praktiki dərslər üçün xüsusi emalatxanalar istifadəyə verilib.
Universitetdə yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun mədəni irsinə istinad edir. Burada tələbələr və müəllimlər hər il layihələrini təqdim edəcək, biznes mühiti ilə əlaqələr quraraq universitet-sənaye-dövlət əməkdaşlığını gücləndirəcəklər.
İtaliya-Azərbaycan Universitetinin açılışı ölkələrimiz arasında humanitar münasibətlərin möhkəmlənməsinə, qarşılıqlı etimadın daha da artmasına xidmət edir. Bu layihə həm də İtaliyanın qabaqcıl təcrübəsini Azərbaycana gətirməklə milli təhsilin inkişafına mühüm töhfə verir.






