Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlətimizin başçısı nitqində Azərbaycanın son onilliklərdə keçdiyi çətin yola, ədalət uğrunda mübarizəsinə, əldə etdiyi tarixi Qələbəyə və beynəlxalq münasibətlərdə yeni mərhələyə diqqət çəkib.
İŞĞALDAN QƏLƏBƏYƏ GEDƏN YOL
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, uzun illər ərzində Azərbaycanın ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalı altında qalıb, bir milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayıb. ATƏT-in Minsk qrupu isə problemi həll etmək əvəzinə status-kvonu qorumağa çalışıb.
Dövlət başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq hüquqa və humanitar normalara tam riayət edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu Qələbə təkcə hərbi zəfər deyil, həm də beynəlxalq hüququn bərpası idi. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi.
SÜLH PROSESİ VƏ YENİ REGİONAL REALLIQLAR
2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
Zəfər müharibəsindən dərhal sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Bu məqsədlə beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürüldü, sülh müqaviləsinin layihəsi təqdim olundu.
2022-ci ilin oktyabrından başlayaraq 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi Azərbaycanın təşəbbüsü ilə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli formatda və kənar müdaxilələr olmadan aparıldığına görə müsbət nəticələr verdi.
Nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp isə buna şahid qismində imza atdı.
Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan, köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının fəaliyyətinə son qoyulması üçün birgə müraciət ünvanladılar. Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Bununla yanaşı, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) yaradıldı. Layihə xüsusilə Zəngəzur dəhlizi üzərindən maneəsiz keçidi təmin etməklə regionun sabitliyinə və əməkdaşlığına yeni imkanlar açacaq. Bu, Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirəcək.
AZƏRBAYCAN–ABŞ MÜNASİBƏTLƏRİNDƏ YENİ SƏHİFƏ
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün yeni üfüqlər açır.
ABŞ Prezidenti Donald Trampın Azərbaycanın maraqlarına zidd olan 907-ci düzəlişin icrasını dayandırması isə dövlət başçısı tərəfindən xüsusi tarixi addım kimi qiymətləndirildi. Bu qərar Azərbaycanın regionda artan nüfuzunun və etibarlı tərəfdaş imicinin təsdiqi oldu.
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaş doğma yurduna dönüb. Lakin mina təhlükəsi və itkin düşmüş dörd min azərbaycanlının taleyi hələ də ciddi humanitar problem olaraq qalır. Prezident beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal dəstək göstərməyə çağırdı.
QLOBAL ÇAĞIRIŞLARA CAVAB
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəallığına toxundu. COP29-un ev sahibi kimi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı tarixi qərarların qəbuluna nail olduğunu bildirdi. Bakı Maliyyə Hədəfi inkişaf etmiş dövlətlərin 2035-ci ilə qədər iqlim maliyyəsini illik ən azı 300 milyard dollara çatdırmasını nəzərdə tutur.
Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bu göstərici ilə ölkəmiz boru kəməri vasitəsilə qaz təmin edən ölkələr arasında dünyada birinci yerdədir. Bu, Azərbaycanın Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyində və təchizat marşrutlarının şaxələndirilməsində rolunu göstərir.
Azərbaycan və Suriya son vaxtlar enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək tərəfdaşlığı gücləndiriblər. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisi vasitəsilə Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla ölkənin elektrik enerjisi çatışmazlığı azaldılıb.
Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə sərmayə qoyur. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
İQTİSADİ DAYANIQLILIQ VƏ BEYNƏLXALQ MÖVQELƏR
Yoxsulluq və işsizlik tarixi minimum – 5 faizə endirilib ki, bu da ölkəmizin böyük nailiyyətidir.
Azərbaycan iqtisadiyyatını neft və qazdan əlavə sahələrdə şaxələndirib, qeyri-neft sektorunu inkişaf etdirib və islahatlarla investisiya mühitini yaxşılaşdırıb. Bu da iqtisadi artıma gətirib çıxarıb.
Son vaxtlar “Moody’s” və “Fitch” beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini artırıblar. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri səbəbindən ölkəmizə sərfəli investisiya dərəcəsi verilib. Bu, iqtisadi dayanıqlılığın və əlverişli investisiya mühitinin göstəricisidir.
Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcdan təxminən 16 dəfə çoxdur.
ƏDALƏTLİ VƏ ƏDALƏTSİZ DÜNYANIN SEÇİMİ
Prezident İlham Əliyev çıxışının sonunda beynəlxalq ictimaiyyəti ədalətli, ikili standartlardan uzaq və qanunun aliliyinə hörmət edilən bir dünya qurmağa çağırdı:
“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu.”
Bu çağırış həm Azərbaycanın müasir beynəlxalq münasibətlərdə oynadığı fəal rolu, həm də gələcək üçün ədalətli və davamlı sülhün təminatçısı kimi mövqeyini əks etdirir.




