Şamaxı rayonu Mərzəndiyə kəndində içməli su layihəsi istifadəyə verildi » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı rayonu Mərzəndiyə kəndində içməli su layihəsi istifadəyə verildi


Sentyabrın 8-də Şamaxı rayonunun Mərzəndiyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi keçirilib. Tədbirdən əvvəl Şamaxı şəhərində bu münasibətlə tədbir təşkil olunub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, müxtəlif qurumların rəhbərləri, əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Mərzəndiyə kəndi sakinləri uzun müddətdir bu günü səbirsizliklə gözləyirdilər. Artıq kənd əhalisi keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur. Qeyd edilib ki, layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir.
Mərzəndiyə kəndi 1 350 nəfərlik əhalisi və 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb: birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.
Tədbirdən sonra qonaqlar kənddə suyun açılış mərasimində iştirak ediblər. Kənd sakinləri bu işlərin görülməsində əməyi olan hər kəsə, mühəndislərə, sahə işçilərinə və dəstək verən bütün qurumlara dərin təşəkkürlərini bildiriblər.
Layihə çərçivəsində kəndin su təchizatı üçün müasir avadanlıqlar quraşdırılıb: suburaxıcılar, havaburaxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar. Hal-hazırda 110 evə su verilir və sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Yaxın vaxtlarda 220 evin hər birinə fərdi su çıxışı təmin olunacaq.
Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5 628 metr uzunluğunda, diametri 110 mm olan polietilen borularla su xətti çəkilib. Onun 1 400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6 900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi inşa edilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az