Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda səyyar qəbullar: sakinlərin müraciətləri diqqət mərkəzində


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rəhbərliyi ilə keçirilən səyyar qəbullar rayon sakinlərinin gündəlik problemlərinin birbaşa dinlənilməsi və onların həlli istiqamətində mühüm addım kimi çıxış edir. Avqustun 29-da Yusif Məmmədəliyev qəsəbəsi, Avaxıl, Nağaraxana, Qızmeydan və Pirbəyli kəndlərində baş tutan görüşlərdə sakinlər öz müraciətlərini səsləndiriblər.

Yusif Məmmədəliyev qəsəbəsi
Sakinlərdən Ağayev Zaur Böyükağa oğlu qış mövsümündə yolların qardan təmizlənməsi, elektrik enerjisi və təbii qaz təchizatında ötən illərdə yaranmış problemlərin aradan qaldırılmasını xahiş edib.
İsmayılov Nəriman Zeynalabdin oğlu qəsəbədə yerləşən Şamaxı Astrofizika Rəsədxanasında ayrılmış tibbi otağa ixtisaslı tibb işçisinin verilməsini vacib məsələ kimi qaldırıb.
Adgözəlzadə Hamayıl Nadir qızı isə görkəmli alim, akademik Yusif Məmmədəliyevin xatirəsinin anılması məqsədilə tədbirlərin keçirilməsinə dəstək göstərilməsini istəyib.



Avaxıl kəndi

Salehov Ədalət Saleh oğlu kənddə qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsini xahiş edib.
Hidayətov Şahin Hidayət oğlu küçə işıqlandırmasında mövcud nasazlıqların aradan qaldırılması və qaz təchizatında fasilələrin dayandırılması ilə bağlı müraciət edib.
Qubatov Ceyhun Barat oğlu isə əkin sahəsinə həmkəndlisinin mal-qarası tərəfindən dəymiş ziyanın ödənilməsini tələb edib.




Nağaraxana kəndi
Mirzəyev Tağı Əhyət oğlu kəndin su və kanalizasiya xəttinin yenilənməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.



Qızmeydan və Pirbəyli kəndləri
Mustafayeva Bahar Tərlan qızı güclü külək nəticəsində evinin dam örtüyünə dəymiş ziyanın aradan qaldırılmasını, həmçinin kənd bulağına gedən su xəttinin təmirini vacib məsələ kimi qaldırıb.
Kərimov Akif Ömər oğlu məişət tullantılarının müntəzəm təmizlənməsini xahiş edib.
Qurbanov Qurbani Baba oğlu Pirbəyli kəndinə gedən yolun təmir olunması və kəndin elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciət edib.
Qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar
Qəbullarda səslənən müraciətlər göstərir ki, kənd və qəsəbələrin əsas problemləri infrastruktur və kommunal xidmətlərlə bağlıdır. İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bütün müraciətləri diqqətlə dinləyərək aidiyyəti qurum rəhbərlərinə operativ tapşırıqlar verib. O, çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramları çərçivəsində kənd və qəsəbələrin sosial rifahını yüksəltmək, sakinlərin gündəlik həyat şəraitini yaxşılaşdırmaq əsas vəzifələrdəndir.

Səyyar qəbullar bir daha sübut edir ki, dövlət-vətəndaş dialoqunun gücləndirilməsi, insanların səsinin birbaşa eşidilməsi və onların qayğılarının operativ həlli regionların davamlı inkişafı üçün mühüm şərtdir. Sakinlərin adbaad səsləndirdikləri müraciətlər də bu qəbulların real nəticələrə yönəlik olduğunu göstərir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az