Azərbaycan: enerji layihələrinin etibarlı təchizatçısı!


Azərbaycan-Britaniya  münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Bu gün iki ölkənin münasibətləri ən yüksək səviyyəyə çatıb. Tarixə nəzər salaq.
 2022-ci il 6 oktyabr.  Çex Respublikasının paytaxtı Praqada  “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı təşkil olunub. 44 ölkənin dövlət hökumət başçıları müzakirə masasında bir araya gəlib.
2023-cü il 1 iyul. Moldova tarixində ən böyük Beynəlxalq tədbir:   “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı. Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçılarının görüşü keçirilib.
2023-cü il 5 oktyabr. “Avropa siyasi birliyi”nin 3-cü Zirvə toplantısı:   İspaniyanın Qranada şəhərində dövlət və hökümət başçılarının görüşü baş tutub. Və nəhayət,
2024-cü il 18 iyul. London “Avropa siyasi birliyi”nin 4-cü Zirvə görüşünə ev sahibliyi etdi. Bakı və Londonun qarşılıqlı etimadına söykənən siyasi dioloqla yanaşı xüsusi ilə, enerji sahəsində ki, əlaqələr 1 əsrdən artıqdır ki,bir birinə bağlayır.
Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

“ENERJİ SAHƏSİNDƏ BAKIDA MÜƏYYƏNLƏŞDİRDİYİMİZ STRATEJİ TƏRƏFDAŞLIQ BİZİM AVROPAYA QAZ TƏCHİZATIMIZIN 2027-Cİ İLİN SONUNA QƏDƏR İKİQAT ARTIRILMASINI NƏZƏRDƏ TUTUR”
Prezident İlham Əliyevin cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edərək qeyd edib ki, “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın təbii qazını səkkiz ölkənin aldığını   vurğularaq onlardan beşinin  - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniyanın  Avropa İttifaqının üzvü olduğunu bildirib:  “İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
“Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq”,- deyən Prezident İlham Əliyev bildirib ki, bu, bizim hədəfimizdir:  “Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır”.

“ÜÇ İLDƏN ARTIQDIR Kİ, BİZ MÜHÜM QAZ TƏCHİZATÇISINA ÇEVRİLMİŞİK”
“Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik”-deyə bildirən dövlətimizin başçısı diqqətə çatdırıb ki,  indi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik: “Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”.
Azərbaycan artıq tam müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə qarşısındakı ən böyük əngəl sayılan 30 illik işğal faktına son qoyulması Bakının sahib olduğu istər iqtisadi, istərsə də siyasi potensialını geniş miqyasda dünyaya təqdim etməsi ayrı-ayrı beynəlxalq güc mərkəzləri tərəfindən də təqdirlə qarşılanır. İndi isə qarşıda COP29 sammiti dayanır. Bu sammitin əsas gündəliyi və şüarı da elə Bakının həyata keçirdiyi beynəlxalq əməkdaşlıq kursuna tam uyğundur: Qlobal şimalla qlobal cənub arasında konsensusun əldə edilməsi. Dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrlik zamanı nümayiş etdirilən liderlik keyfiyyəti COP29 çərçivəsində qarşıya qoyulan hədəflərə də nail olunacağını söyləməyə əsas verir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az