Bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır


PREZİDENT İLHAM ƏLİYEV: "Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir"

2023-cü ilin 19-20 sentyabr tarixlərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Xocalı soyqırımının qisası alındı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı.

AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ  İLHAM ƏLİYEVİN İŞTİRAKI İLƏ XX ƏSRİN ƏN DƏHŞƏTLİ CİNAYƏTİNİN BAŞ VERDİYİ XOCALI ŞƏHƏRİNDƏ FACİƏ QURBANLARININ XATİRƏSİ YAD EDİLDİ.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərində soyqırımı memorialının təməlini qoyması tarixi hadisə olmaqla, həm də Qalib Ölkənin Qalib Liderinin Azərbaycanın bütün ərazilərində suverenliyimizi bərpa etməklə 32 illik həsrətə son qoyduğunu göstərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlqoyma mərasimində, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı söyləyib: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.
Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında  cənab Prezident İlham Əliyevin dediyi kimi, biz tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında almaqla silahlı qüvvələrimiz, igid oğullarımız onların qanını yerdə qoymadı. Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışlarına beynəlxalq ictimaiyyət adekvat cavab verilmədi. Beynəlxalq təşkilatlar Xocalı faciəsinə biganə münasibət göstərdilər. Ötən müddət ərzində Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində keçirilən aksiyalarla özünü göstərdi, kitablar, məqalələr dərc edildi, sərgilər təşkil olundu. Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlar səfərbər edildi. Bunun nəticəsidir ki, dünyanın 18 ölkəsi faciəni soyqırımı kimi tanıyıb.
Dövlət başçısı  çıxışında onu da xüsusi olaraq vurğuladı ki, həmin ölkələr arasında böyük dövlətlərin adları yoxdur. Xocalı soyqırımını tanımamaq, inkar etmək ədalətsizlik, vicdansızlıqdır və işğalçı, faşist ölkə ilə həmrəy olmaq deməkdir. Dünya birliyi anlamalıdır ki, belə hadisələrin günahkarları, bəşəriyyətə qarşı qanlı cinayət törədənlər cəzasız qaldıqca beynəlxalq qurumlar daha da acizləşir, təhlükəsizlik problemləri yaranır. Hansı şəraitdə və hansı xalqa qarşı törədilməsindən asılı olmayaraq soyqırımı hadisəsi diqqətdən kənarda qalmamalı, onu törədənlər sərt şəkildə cəzalandırılmalıdır. Bunun üçün Beynəlxalq Haaqa Məhkəməsi var, Xocalı soyqırımını törədənlərin də adı və ünvanı bəllidir. Əgər dünya birliyi ədalətin tərəfindədirsə Koçaryan, Sarkisyan və digərlərini müttəhimlər kürsüsündə mühakimə etməlidir ki, bəşəriyyət bir daha belə faciələri yaşamasın.
"Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik",-deyən dövlətimizin başçısı Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik: "Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik", - deyə dövlət başçısı bildirdi.
Respublika Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında, görüşlərində və müsahibələrində sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirir ki, irəli sürülən prinsipə əsaslanan sülh müqaviləsi imzalana bilər: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".
Üç ilə yaxındır ki, davam edən və iki  istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə "hə" deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi "mövqe" Ermənistan üçün yaxşı gələcək vəd etmir.
“Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?”- deyə cənab Prezident  İlham Əliyev bildirib.

ARTIQ XOCALI QƏTLİAMININ ANIM GÜNÜ AZƏRBAYCAN XALQININ BİRLİYİNİN, MİLLİ TƏƏSÜBKEŞLİYİNİN SİMVOLUNA ÇEVRİLİB.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin qeyd etdiyi kimi, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.
Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az