Prezident İlham Əliyev:“Biz regiona sülhü artıq gətirmişik”


”Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.

Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Belə bir mötəbər quruma rəhbərlik etmək, dünya ölkələrində ağır nəticələrə səbəb olan pandemiya ilə mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin göstəricisidir.
30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirak etdiyi "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və hərtərəfli çıxışı bir neçə cəhətdən əhəmiyyət daşıyır. Xüsusilə də, Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıb.
Vətən müharibəsi ilə Azərbaycan regionda yeni reallıqlar yaradılıb. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: "Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik."
Beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərir. Hətta qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir.
Prezident İlham Əliyev bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Biz dəfələrlə demişdik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcək: “Proses uzun çəkdi və dərk etdik ki, bizim və Qarabağda yaşayan ermənilər arasında bir növ sədd var. Bilmirəm, bu sədd Ermənistan hökuməti və ya separatçılar tərəfindən yaradılıb. Daha sonra qərara gəldik ki, danışmağa başlamaq lazımdır və mən parlamentin üzvü olan bir nəfəri Prezidentin xüsusi nümayəndəsi təyin etdim və onun vəzifəsi Qarabağ erməniləri ilə danışmaqdan ibarət idi. Biz hətta ilk görüşün Rusiya sülhməramlılarının o zaman hələ də işğal altında olan Xocalıdakı bazasında keçirilməsinə razılıq verdik. Bu görüş baş tutdu. Həmin ilk görüşdə biz onlara təklif etdik ki, qalsınlar və inteqrasiya etsinlər. Mənim dəfələrlə istifadə etdiyim reinteqrasiya sözü istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla birsaatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təəssüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı iki dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar bundan imtina etdilər.
Beləliklə, heç bir təmas yox idi. Onlar heç bizimlə danışmaq istəmirdilər. Daha sonra biz digər kanallardan istifadə etmək qərarına gəldik. Biz bunu bəyan etdik və reinteqrasiya ilə bağlı təklifimizi açıqladıq. Bu məlumat dərc edilib, siz onu tapa bilərsiniz. Hər kəs onunla tanış ola bilər. Biz reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun.
Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi. Bu təklif vasitəçi olmaq istəyən ölkələrin paytaxtlarına göndərildi. Yəni, Avropa İttifaqı, Brüssel və Vaşinqton. Biz bunu tam şəffaf şəkildə etdik. Onlar yox cavabı verdilər. Bilirsiniz onlar nə zaman görüşməyə razılıq verdilər? Yalnız sentyabrın 20-dən sonra. Sentyabrın 20-də biz suverenliyimizi bərpa etmək üçün artıq güc tətbiq etməli olandan sonra onların nümayəndələri Yevlaxa gəldilər. Onlar bir dəfə deyil, iki dəfə gəldilər. Sual yaranır ki, bəs niyə o vaxta qədər gəlmirdilər? Onlar əvvəl gəlmiş olsaydılar, antiterror əməliyyatına ehtiyac olmazdı. Yəni, bu tarixdir, yaxın tarix”.
Üç il əvvəl noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Hələ bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimiz minalanır, müxtəlif təxribatlar törədilirdi.
Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu bu il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. “Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı Beləliklə, bu, bizim may ayında sonuncu görüşümüzdən sonra baş vermiş ən mühüm hadisələr idi. İndi isə biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük və biz mövqeyimizi izah etməyə çalışırıq. Həm də izah edirik ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.”– deyə Prezident çıxışında diqqətə çatdırıb.
Görüş zamanı  cənab Prezidentə ünvanlanan "Tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız? …Siz dəfələrlə Ermənistanla sülh müqaviləsinin bağlanmasının vacibliyindən danışmısınız. Ancaq artıq bir neçə ildir ki, bu məqsədə çatmaq mümkün deyil. Hesab edirsinizmi ki, bu sülh müqaviləsinin imzalanmasının ləngiməsində risklər var? Maneə yaratmaq istəyənlər fürsətdən istifadə edərək Ermənistan və Azərbaycanın faktiki razılığa gəlməsinin qarşısını almağa çalışacaqlarmı?" sualına ətraflı cavab verən dövlət başçımız müsahibələrinin birində vurğuladığı fikri diqqətə çəkərək bildirmişdir ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub: Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.
Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.
Əslində, münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi. Aydın idi ki, həmin dövrdəki coğrafi şəraitdə Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı yoxdur. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq. Deməli, mən bunu o zaman aydın şəkildə başa düşürdüm. Tələsməməyimizin səbəblərindən biri də o idi ki, mən aydın şəkildə başa düşürdüm, beş ildən sonra istədiyimizə nail olacağıq. Beləliklə, 2020-ci ilin noyabrında bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmırdı. Bunu çox açıq şəkildə deyə bilərəm. Beləliklə, müharibə sülhə təkan verən vasitə kimi - bunu mümkünlüyün bariz sübutu hesab edirəm.
Başqa bir məsələ isə formal sülhlə bağlıdır və hesab edirəm ki, siz bu sülh sazişini xüsusilə qeyd etdiniz. Məncə, həmçinin bu da beynəlxalq ekspertlər tərəfindən də təhlil edilməlidir ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik.”
"Bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik. Təəssüf olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq".
Beynəlxalq Forumda çıxışı zamanı Qranada görüşünə getməməsinin səbəblərini açıqlayaraq bildirib: "Fransa Prezidenti (Emmanuel Makron - red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, "Dağlıq Qarabağ"a təbrik məktubu göndərdi. Amma yenə də mən Praqa görüşünün nəticəsini müsbət kimi qəbul etdim".
Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqlarına toxunan dövlətimizin başçısı qeyd edib: "Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim". Lakin Qranadadan əvvəl Kişineu var idi. Kişineuda Almaniya Kansleri Olaf Şolts da iştirak edirdi. Mən xatırlayıram, o dedi ki, “bizə ehtiyacınız olarsa, müraciət edin”. Əslində, bu, çox müdrik yanaşmadır. Kimsə istəmədiyi halda sən özünü necə vasitəçi olmağa məcbur etdirə bilərsən?
Qranada görüşü oktyabrın 5-nə təyin edilmişdi və əvvəlki məsələyə qayıdıram, elə həmin gün Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələr təşkil etdi. Ona görə də qəsdən bu anti-Azərbaycan qətnaməni mənim Qranadada olmalı olduğum gün qəbul etməyi planlaşdırdılar ki, Azərbaycanla bağlı öz mövqelərini nümayiş etdirə bilsinlər. Getməməyimin bir səbəbi də bu idi. Birinci səbəb Fransa, üçüncü səbəb isə bu görüşün lazımi qaydada təşkil edilməməsi. Bu görüş antiterror tədbirlərindən iki həftə sonra baş tutmalı idi. Yerdə vəziyyətin tamamilə dəyişdiyi andan iki həftə sonra. Bu səbəbdən görüşə hazırlıq aparılmalı idi. Hansı sənədləri qəbul etməyi planlaşdırırdıq? Hansı bəyanatlar veriləcək? Bəyanatlar necə razılaşdırılmalı idi? Buna dair heç bir məlumat yox idi. Mən bu səbəbdən iştirak etmədim. Lakin təəccüblüsü o idi ki, mən olmadan bu görüş keçirildi. Bir rus deyimi var – “Без меня, меня женили” – “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Beləliklə, mən olmadan onların dördü Azərbaycan və Ermənistan ilə əlaqədar necə qətnamə qəbul edə bilirlər ki, hələ də anlamıram.
Hazırkı vəziyyət belədir - Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Belə görünür ki, Vaşinqton istiqaməti artıq aktual deyil. Çünki bu gün Bakıda olan Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycanla “işlər əvvəlki kimi ola bilməz” deyir və Azərbaycanı görmədiyi işlərdə ittiham edir. Belə ki, “əvvəlki kimi işlər” yoxdursa, deməli, hər sahədə “əvvəlki kimi işlər” yoxdur. Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmilərinin ABŞ-a səfərlərinə məhdudiyyətin qoyulduğu elan edildi. Bu, ABŞ-la strateji əhəmiyyətə malik olan münasibətlərimizin tarixində ilk dəfə baş verdi. Bu administrasiya bu münasibətləri məhv etməyə çalışır, hansı səbəbdən bilmirəm.”
Prezident daha sonra deyib: “İndi isə vəziyyət necədir? Bu gün o təklif masa üzərindədir. Elektron portalımız fəaliyyət göstərir. Artıq bir neçə Qarabağ ermənisindən müraciət daxil olub. Onların bəziləri orada qalıb yaşamağa üstünlük verir. Biz Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrini təyin etmişik ki, orada rahatlığını təmin edə bilməyənlərə yardım göstərsinlər. Çünki bu gün həmin ərazidə sosial agentlik tərəfindən müdafiəyə ehtiyac var – qida, istilik və yaşayış üçün digər şəraitlə təmin olunmaq lazımdır. Deyə bilərəm ki, qalanların sayı çox deyil. Lakin qalanların qeydinə qalınır. Qayıtmaq istəyənlər isə sizə artıq məlumat verdiyim mexanizmdən istifadə edə bilərlər”.
Azərbaycanın bundan sonra Ermənistanla sülh prosesi və Cənubi Qafqaza sülh gətirilməsi istiqamətində addımları ilə bağlı sualına cavabında İlham Əliyev vurğulayıb ki, biz sülhü müharibə ilə gətirdik: “Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu...
Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik. Biz – Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu i
“Azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Artıq gördüyünüz kimi, biz prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq”.
Prezident İlham Əliyevin sözlərinə görə, bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin:
“Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq.
Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik. Biz Naxçıvan Muxtar Respublikası üçün xüsusi dövlət inkişaf proqramını qəbul etmişik. Həmin proqram bir növ “Böyük Qayıdış” adlanan Qarabağ və Şərqi Zəngəzur proqramına bənzəyir.
Biz Qarabağda şəhərsalmanın planlaşdırılmasına kömək etmiş beynəlxalq şirkətləri eyni işləri Naxçıvanda da görməsi üçün artıq seçmişik. Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir. Onların coğrafi və mədəni mühiti demək olar ki, eynidir. Bu, Azərbaycan ərazisinin böyük hissəsini əhatə edəcək və bütövlükdə Azərbaycanın dörddəbir hissəsini, eləcə də ölkənin qalan hissəsini təşkil edəcək.
Həmin yenidənqurma iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcək. Bu, həmçinin əhalisi artan Bakı və Sumqayıt kimi şəhərlər üçün vacibdir. Onun çoxtərəfli müsbət təsiri olacaq. Lakin bir daha, birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır”.
Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var
 Prezident diqqətə çatdırıb ki, son aylar tərəflər arasında sülh sazişi layihəsi ilə bağlı beş-altı şərh mübadiləsi aparılıb: “Bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənəddir. Beləliklə, belə kiçik bir sənədə Ermənistana bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın xarici işlər naziri bunu açıqlayandan sonra (“İki aydır gözləyirik, niyə cavab vermirsiniz?” deyəndən sonra) cavab verdilər.
Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu, onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur... Düşünürəm ki, indi biz daha bir addım atırıq. Amma yenə də Azərbaycan təşəbbüskar ölkə olub, Azərbaycan faktiki olaraq öz iradəsini nümayiş etdirən ölkə olub və ümid edirəm ki, razılığa gəlmək çox vaxt aparmayacaq”.
Prezident vurğulayıb ki, mövcud vəziyyətdə Azərbaycana Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır: “Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var... Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.
İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən “yeni ərazilər uğrunda yeni müharibə olacaq” deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, “Qarabağ Azərbaycandır!” deyir. Ona görə deyir ki, çünki biz müharibədə qalib gəlmişik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq. Müxalifət bunu istəyir, çünki Paşinyanı devirmək istəyirlər. Onlar bunun baş verməsini istəyirlər. Onlar istəyirlər ki, o, bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümüzlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq...”.
Dövlətimizin başçısı bildirib ki, sülh sazişi imzalamalıyıq. Bu, ədalətli sülh olmalıdır - hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur. "İki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş "dağlıq qarabağ respublikası"nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur" – deyə Cənab Prezident qeyd edib: "İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrini belə azad etmək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu sualı vermirdi. Onun müdafiə naziri 2019-cu ildə də Azərbaycanı işğalla hədələyən "yeni ərazilər uğrunda yeni müharibə olacaq" deyəndə bu, Koçaryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o idi. İndi o, "Qarabağ Azərbaycandır"- deyir".
Ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Prezidentimizin sözləri ilə desək, bu, Gürcüstanı, Azərbaycanı, Rumıniyanı və Macarıstanı daha sıx bağlayan bir layihə olacaq.
Qeyd edək ki, cari ilin fevral ayında Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində 9-cu toplantı ilə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurasının 1-ci iclası da keçirilib. ADA-da bu günlərdə keçirilən forumda dövlətimizin başçısı enerji ilə bağlı sualları cavablandırarkən bu məsələyə də toxundu: "Avropa Komissiyası ilə biz müxtəlif sahələrdə işləyirik. Biri genişlənmə komissiyasıdır, burada çox fəal əməkdaşlığımız var, digəri isə enerji komissiyasıdır. Avropa Enerji Komissiyasının və Azərbaycanın energetika nazirinin sədrliyi ilə "Cənub qaz dəhlizi" üzrə mütəmadi olaraq Məşvərət Şurasının iclasları təşkil edilir. Növbəti görüş 2-3 aydan sonra yenidən Bakıda olacaq. Enerji qıtlığını nəzərə alaraq Avropa Komissiyasından Avropaya qaz tədarükünün artırılması ilə bağlı bizə xahiş daxil oldu. Biz mövcud qaz yataqlarının hasilatını artırmaq üçün böyük məbləğdə - demək olar ki, yüz milyonlarla, hətta milyardlarla avro vəsait ayırdıq".
 Avropaya daha çox qaz tədarük etməyə kömək göstərəcək amillərdən biri də enerji səmərəliliyi və bərpaolunan mənbələrdir. Bərpaolunan enerji mənbələrinin çox olması isə o deməkdir ki, elektrik enerjisi istehsalı üçün istifadə edilən qaza bir o qədər qənaət mümkündür. Tezliklə Serbiya və Bolqarıstan arasında yeni mühüm bir qaz interkonnektoru olacaq, o, artıq hazırdır. Beləliklə, Serbiya da Azərbaycan qazını qəbul edə biləcək, Macarıstan və Rumıniya artıq Azərbaycan qazını qəbul edir. Azərbaycan tərəfindən Albaniyada maliyyələşdirilən qazlaşdırma layihəsi başa çatdıqda, bu ölkə də bizdən qaz alacaq. Avropa İttifaqının üzvü olan ölkələrdən İtaliya, Bolqarıstan, Yunanıstana isə Azərbaycan qazı artıq üç ildir ixrac edilir.
 Ölkəmiz 2,6 trilyon kubmetr həcmində təbii qaz ehtiyatları, mövcud boru kəmərləri şəbəkəsi və neft yataqları sayəsində enerji təhlükəsizliyini tam təmin etdiyinə baxmayaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoymağı da qərara alıb. Bu, böyük praktiki təsirə malik olacaq. Çünki Prezidentimizin dediyi kimi, əgər biz elektrik enerjisi istehsalı üçün təbii qaz istehlakını yalnız bərpaolunan enerji resursları hesabına 50 faiz azaltsaq, daha 2,5-3 milyard kubmetr qazı bu saat ehtiyacı olan Avropaya göndərə bilərik. Bu da hər iki tərəf üçün faydalı bir vəziyyətdir. Bunların hamısı çox müsbət amillərdir.
 Qaldı ki, Avropa Parlamentinin sədri xanım Metsolanın bizim lokal xarakterli antiterror tədbirlərindən sonra səsləndirdiyi "Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir" sözlərinə, Azərbaycan Prezidenti ADA-da bununla bağlı fikrini qısa və konkret izah etdi: "Yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən həmişə açıq danışmağa üstünlük verirəm, çünki onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibəti ilə tamamilə razı deyiləm. Çünki bu, ədalətli deyil və bu, Avropa İttifaqının və Avropa institutlarının maraqlarına uyğun deyil. Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir".
 Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir. Uzun illərdir Türkmənistan nefti Azərbaycana məxsus tankerlərlə nəql edilərək Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə qoşulur. Bu ildən Qazaxıstan neftinin də nəqlinə başlanıb. Az həcmdə olsa da, yəni 1,5 milyon ton neftin daşınması üzrə müqavilə imzalanıb. Bu da Azərbaycana gətirilərək BTC kəmərinə vurulur. Dövlətimizin başçısı bunun çox yaxşı bir layihə olduğunu qeyd etdi: "Həm də ona görə ki, BTC-nin əvvəlkindən daha böyük həcmdə doldurulmasına imkan verir. Xəzəryanı tərəfdaşlarımız üçün bu, həmçinin tədarük marşrutlarını şaxələndirmək imkanı yaradır ki, bu da tamamilə anlaşılandır"
“Bəli, mən belə bir təşəbbüs irəli sürmüşəm. Bizim Qoşulmama Hərəkatında sədrliyimiz sona çatır. Bu dörd il Qoşulmama Hərəkatının institusional inkişafı baxımından bizim üçün çox vacib olmuşdur. Hesab edirəm ki, 119 üzv ölkə ilə təmaslar və Zirvə görüşlərinin təşkili baxımından Qoşulmama Hərəkatı böyük tərəqqi, həm də böyük beynəlxalq təcrübə əldə etmişdir. Humanitar məqsədlər üçün minaların təmizlənməsinin Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edilməsi ideyası bizim xoşagəlməz təcrübəmizə əsaslanır. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Əfsuslar olsun ki, dünən yenə də istehkamçılardan biri mina partlayışının qurbanı oldu. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar. Biz 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaları müəyyən etmişdik. Biz Rusiya sülhməramlılarını, həmçinin Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və bu minaları onlara nümayiş etdirərək dedik ki, bu, erməni terrorunun sübutudur. Bu minaların İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı missiyası zamanı Qarabağa necə daşınması başqa bir sualdır. Bu, açıq qalan böyük sualdır. Lakin indi bizim hesablamalarımıza görə, işğal dövründə basdırdıqları bir milyona yaxın minanın əvəzinə, onlar bizə dörd yüz min minanın xəritəsini verdi. Lakin dediyim kimi, bu xəritələrin dəqiqliyi yalnız 25 faiz təşkil edirdi. İndi yüz minlərlə yeni mina basdırılıb.
Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Lakin, eyni zamanda, ola bilsin ki, bu, bizim on illər boyunca üzləşdiyimiz faciə olacaq. Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta indi, 30 il sonra onlar bu problemi yaşayırlar. Biz minatəmizləmə əməliyyatlarının mümkün qədər tez aparılması üçün əlimizdən gələni edirik. Lakin bilirsiniz ki, bu, çox ləng gedən bir prosesdir. Bizim avadanlığımız və təlim keçmiş personalımız yoxdur. Avadanlığı almaq olar, lakin təlim keçmiş personal, bu, çox spesifik bir işdir. Biz beynəlxalq şirkətləri də dəvət etməyə çalışdıq, lakin sizə deyə bilərəm ki, bir kvadratmetr üçün onların tələb etdiyi xidmət haqqı bizim xərclədiyimiz vəsaitdən əlli və ya yüz dəfə yüksəkdir. Yatırımın geri dönüşü, əgər bunu belə adlandırmaq olarsa, qəbuledilməzdir. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir. Biz neçə ölkənin bu problemdən əziyyət çəkdiyini bilirik. Söhbət təkcə maliyyə dəstəyindən getmir. Əslində, bizim maliyyə dəstəyinə ehtiyacımız yoxdur. Söhbət texniki dəstəkdən və bizə bunu mümkün qədər tez etməyə kömək göstərəcək təlim keçmiş personaldan gedir.”deyə dövlət başçısı bildirib.
Azərbaycan sülhsevər siyasətini bir daha mesaj olaraq dünya ictimiyyətinə çatdırmış oldu. Azərbaycan mövqeyi dəyişməzdir və bütün bu fikirlər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, diplomatik siyasətinin reallıqlarıdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az