Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir


Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birləşmiş Ərəb Əmirliklərindən Sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir və yüksək vəzifəli hökumət nümayəndələri iştirak ediblər.
Alternativ və bərpa olunan enerji mənbələri hesabına ölkənin enerji ehtiyatlarını artırmaq bu sektorda aparılan islahatların prioritet istiqamətlərindəndir.
230 MTV gücündə  Qaradağ Günəş Elektrik Stansiyası MDB və Xəzər regionunda ən böyük günəş elektrik stansiyasıdır.  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən istismara verilən,  Qaradağ Günəş Elektrik Stansiyası 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Layihəyə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Azərbaycanın  ümumi elektrik enerjisi istehsalı gücü  7954 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1312 MVt-dır.
Ötən il bərpa olunan enerji mənbələrinin hesabına istehsal olunan elektrik enerjisi ümumi istehsalın təqribən 7 faizini təşkil edib. İl ərzində külək elektrik stansiyalarında 83,3 mln.kvt-saat, günəş elektrik stansiyalarında 60,9 mln.kvt-saat, bərk məişət tullantılarının yandırılması zavodunda 205,3 mln.kvt-saat elektrik enerjisi istehsal edilib.
Qaradağ Günəş Elektrik Stansiyasında hər il 500 milyon kvt-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kvt-luq yarımstansiya tikilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq miqyaslı təşəbbüsləri ilə ərsəyə gələn layihələrlə ölkəmiz xüsusən Avropanın enerji xəritəsini dəyişməyi bacarıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallığa çevrilməsi ölkəmizin gücünü və onun enerji siyasətinin effektivliyini göstərir. Bir zamanlar hətta enerjiyə olan daxili tələbatını idxalla ödəyən Azərbaycan bu sahə üzrə düzgün qurulmuş və həyata keçirilmiş siyasət nəticəsində hazırda dünyaya enerji ötürür. Həmçinin Avropanın üzləşdiyi dərin enerji böhranında Azərbaycan mühüm ümid yeri hesab olunur.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev  xatırlatdı ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. Zəngin yanacaq ehtiyatları olmasında baxmayaraq ölkəmiz yaşıl gündəliyə doğru irəliləyir. Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın hökumət strukturları, həmçinin şirkətləri arasında əməkdaşlıq inkişafının yeni mərhələsinə yüksəlib. Ölkələrimizə məxsus milli neft şirkətləri, enerji şirkətləri ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Ölkə başçısı çıxışında bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Ümumiyyətlə, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Bunun da nəticəsi olaraq son 30 il ərzində ölkəmizin çoxmilyardlı investisiya portfeli olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür.
İqtisadiyyatda strateji hədəflərdən bəhs edən Prezident cənab İlham Əliyev vurğuladı ki, hazırda ölkəmizin iqtisadi hədəfi qazıntı yanacağından asılılığı azaltmaq üçün iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir. Ölkəmiz beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Azərbaycan neft və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və hazırda Azərbaycan neft və qazı müxtəlif istiqamətlərə ixrac edir. Ölkə başçısı bildirdi ki, növbəti illərdə isə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaş və dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işlər həyata keçirilir.Bu gün ölkə iqtisadiyyatının çox sabit olduğunu diqqətə çatdıran ölkə başçısı son 20 il ərzində ümumi daxili məhsulun dörd dəfədən çox artdığını bildirdi. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyədədir. Həmçinin iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsi də indi 5,5 faiz təşkil edir. Bütün bu uğurlar isə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir.
Həyata keçirdiyimiz enerji layihələri bizim həm də beynəlxalq əməkdaşlığımızı, dünya dövlətləri ilə iqtisadi-ticari əlaqələrimizi inkişaf etdirir. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Birləşmiş Ərəb Əmirlikləri son dövrlərdə, xüsusən enerji sahəsində əlaqələrimizi və dostluğumuzu daha da möhkəmləndirdiyimiz ölkələrdən biri olmuşdur. Regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının açılmasındakı iş birliyimiz əməkdaşlığımızın başlanğıcdır və bu əməkdaşlığın daha da inkişaf edəcəyindən şübhəmiz yoxdur. Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərinə inanan “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Milli enerji şirkətlərimiz ADNOC və SOCAR artıq rəsmi olaraq tərəfdaş olublar və  Birləşmiş Ərəb Əmirliklərində, eləcə də digər ölkələrdə birlikdə işləmək üçün planlar var. İnanırıq ki, birgə əməkdaşlıq təkcə ölkələrimizin gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz müsbət töhfəsini verəcəkdir. Məlumdur ki, digər enerji mənbələrindən fərqli olaraq yaşıl enerji mənbələri ekoloji cəhətdən daha təmizdir.
Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və külək elektrik stansiyaları ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda  hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Qarabaq və Şərqi Zəngəzur, o cümlədən Naxçıvan yaşıl enerji zonası elan edilib.
Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir.
Son illərdə ölkəmiz etibarlı tərəfdaşa çevrilərək, beynəlxalq aləmdə nüfuzu yüksəlib. Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə məlum işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürü idi. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətinin qəbul etməsi görülən işlərin və əlaqələrin davamlığına söykənir. Qonaqlar Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak ediblər. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb. Prezident cənab İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirərək gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi” imzalanıbdır.
İki ölkə arasında münasibətlər bir çox sahədə strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyyədə qaldırılmasına öz töhfəsini verir. “Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı Prezident cənab İlham Əliyevə təqdim olunması dövlətlərarası münasibətin dostluğa söykəndiyini bir daha göstərir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az