26 Fevral Xocalı Soyqırımı Günüdür!


"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" – 
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” – 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.  

XOCALI SOYQIRIMI – BƏŞƏRİ CİNAYƏT
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən biri də  Xocalı soyqırımıdır. Ermənilər düşünülmüş şəkildə azərbaycanlılara qarşı hələ ötən əsrin əvvəllərindən başlayaraq kütləvi qırğınlar həyata keçirmişlər. Çoxsaylı arxiv sənədləri  sübut edir ki, erməni millətçiləri  tərəfindən 1905-1907, 1918-1920,1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz dogma torpaqlarından deportasiya olunmuş və kütləvi qırğına məruz qalmışdır. 1992-ci il fevral ayının 25-dən 26—na keçən gecə Ermənistan silahlı qüvvələri  Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhəridə  dinc əhalini xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirmişlər. Bir gecənin içində Xocalı şəhəri yerlə-yeksan edilmiş, yaşlı, qadın və uşaqlara amansız divan tutulmuşdur.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV XOCALI SOYQIRIMININ ƏSL MAHİYYƏTİNİ AÇIQLAMIŞ, MƏHZ ULU ÖNDƏRİN TƏŞƏBBÜSÜ İLƏ 1994-CÜ İLİN FEVRALINDA AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSI XOCALI SOYQIRIMINA HÜQUQİ-SİYASİ QİYMƏT VERMİŞDIR.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda bildirilir ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü". Sərəncamda, həmçinin bildirilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Sərəncamda o da bildirilir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı: "Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. "Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Xocalı soyqırımı (1992) törətmək təcrübəsi olan Ermənistan 44 günlük II Qarabağ müharibəsində də dinc azərbaycanlı əhaliyə qarşı növbəti belə faciəni törətmək cəhdini həyata keçirdi. Müharibənin getdiyi döyüş bölgəsindən bir xeyli aralıda yerləşən, hərbi əhəmiyyət daşımayan, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə başda olmaqla Bərdə, Mingəçevir və digər şəhər və rayonlarda mülki əhalini hədəf seçən Ermənistan 28 il əvvəlki faciəni təkrarlamaqla yenidən istəyinə nail olub, insanlar arasında qorxu, təşviş yaradaraq yaşadıqları əraziləri tərk etmələrinə çalışsalar da, onlarla ölüm-itim olmasına baxmayaraq ballistik raketlərdən endirilən zərbələr də bu dəfə bir nəticə vermədi. Azərbaycanın qisası qiyamətə qalmadı. Xüsusilə, son 18 il ərzində atılan addımlar Azərbaycanın o qisas gününə hazırlıq məqsədi daşıdı. Qisas hissi daha da alovlanan xalq Ali Baş Komandanının və Ordusunun ətrafında sıx birləşərək düşmənin üstünə əliyalın belə getmək üçün cəbhəyə can atdı. 

HƏMRƏYLİK, BİRLİK NƏTİCƏSİNDƏ AZƏRBAYCAN 30 İLLİK VƏTƏN HƏSRƏTİNƏ SON QOYDU.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı bildirdi ki, nəhayət o qisas günü yetişdi: "Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik". Nəhayət, o gün yetişdi. Bir vaxtlar Xocalıdan və digər işğal edilən ərazilərdən ayaqyalın, gözyaşı içində qucaqda çıxan körpələr Vətən Müharibəsi zamanı tank üstündə gülə-gülə qisasını almaq üçün irəli atıldı və doğma yurd-yuvasını düşməndən azad etdi. Və bununla da Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı.
Hər il olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva XX əsrdə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımı ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də, gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib. Bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.

AZƏRBAYCAN HÖKUMƏTİNİN VƏ HEYDƏR ƏLİYEV FONDUNUN GÖRDÜKLƏRİ BU UNİKAL İŞLƏRİN SAYƏSİNDƏ ARTIQ DÜNYA İCTİMAİYYƏTİ XOCALI HƏQİQƏTLƏRİNİ QƏBUL EDİR. 
Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, eləcə də ABŞ-ın xeyli ştatı Xocalı soyqırımını tanıyıb.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Eyni zamanda, biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 26 fevral 2017-ci il tarixində XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib. Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular.

DÜNYANIN ƏKSƏR DÖVLƏTLƏRİ XOCALI QƏTLİAMINI ƏSL SOYQIRIMI KİMİ TANIYIR. 
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”,- deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən yüksək beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb edib, dünya dövlətlərini erməni faşizminə biganə qalmamağa çağırıb.
Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi; Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması; Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması idi.
https://justiceforkhojaly.org/
Xocalı vəhşilikləri haqqında xarici jurnalistlərin yazılarında isə  Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”,    Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”, Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”başlıqlı məqalələr yer alıb.
 Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir, Tayms qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır, İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”, Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır” R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s. reallıqlar əks olunur.

ƏSRLƏR KEÇSƏ DƏ, HEÇ BİR AZƏRBAYCANLI ERMƏNİ VƏHŞİLİYİNİ VƏ XALQIMIZA QARŞI TÖRƏDİLƏN FACİƏLƏRİ UNUTMAYACAQ!
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Hər bir vətəndaş Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi və nəticə qələbə oldu. Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramıza qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az