Azərbaycan tarixində 2020-ci ilin 20 oktyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Bu gün Zəngilan rayonu düşmən işğalından azad olunmuş və ölkənin ərazi bütövlüyü bərpa edilmişdir. Prezident İlham Əliyevin xalqa müraciəti ilə rayonun şəhər və kəndlərinin işğaldan azad edilməsi elan olundu və bu tarix 2023-cü ildə rəsmi olaraq “Zəngilan şəhəri günü” kimi təsis edildi.
Zəngilan: Tarixi ədalətsizliklərə baxmayaraq strateji və iqtisadi baxımdan mühüm rayon
Zəngilan qədim Zəngəzur qəzasının tərkibinə daxil olub. XIX əsrin əvvəllərində qəza Gəncə quberniyasına aid idi və Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrini əhatə edirdi. 1920-ci ildə Sovet hökumətinin qərarı ilə Zəngəzurun bir hissəsi Ermənistana verildi, Laçın, Qubadlı və Zəngilan isə Azərbaycanın tərkibində qaldı. Bu bölgü Azərbaycanın coğrafi bütövlüyünə ciddi zərbə vurmuş, tarixi ədalətsizliyi gündəmə gətirmişdir.
Rayonun coğrafiyası və təbii sərvətləri onu strateji və iqtisadi baxımdan mühüm edir. Zəngilan şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə, şimalda Qubadlı, şərqdə Cəbrayıl, cənubda Araz çayı boyunca İran, qərbdə isə Ermənistanla həmsərhəddir. Yeraltı sərvətləri arasında tikinti daşı, qara mərmər, qızıl və əhəng daşı geniş yayılıb. Sovet dövründə rayonun iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanır, 29 kolxoz və sovxoz, 4 kooperativ, 1 arıçılıq təsərrüfatı fəaliyyət göstərirdi.
Erməni vandallığı: Tarixi və dini abidələr dağıdıldı
1993-cü ilin oktyabrında Ermənistanın hərbi təcavüzü nəticəsində Zəngilan 67 gün mühasirədə qaldı. Rayon sakinləri Araz çayını keçərək İran ərazisinə sığındı və daha sonra Azərbaycanın digər rayonlarında müvəqqəti məskunlaşdı.
Ermənistanın işğal siyasəti nəticəsində Zəngilan və ətraf rayonlarda çoxsaylı tarixi və dini abidələr dağıdılmış, bir çoxu tamamilə məhv edilmişdir. Bu vandalizm təkcə maddi-mədəni irsimizə deyil, həm də regionun tarixi yaddaşına ağır zərbə vurmuşdur.
Tarixi-dini abidələr sırasında İmam Hüseyn məscidi (XVII əsr), XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki məscidlər və Alban kilsələri (Xanazor və Yeməzli kəndləri) xüsusilə diqqət çəkir. Bu abidələr bölgənin qədim İslam və xristian mədəniyyətinin nümunələridir.
Ziyarətgahlar da işğaldan payını almışdır. Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə (XIV əsr) və Məmməd bəyin türbəsi, Ağkənddəki Ziya Baba ocağı, Bartaz kəndindəki Xanazur türbəsi və Xanazor piri, həmçinin Soltan Heydər piri Bartaz dağında ciddi ziyan görmüşdür. Günqışlaq kəndində Günqışlaq piri, Hacıllı kəndində İzzə piri və Hacıallı günbəzi, Leyfaz kəndində Buqakar piri, Məlikli kəndində Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis kəndində Veysin piri, Sobu kəndində Seyid Musa ocağı, Şəfibəyli kəndində Qaradağlı piri, Vejnəli kəndində Yal və Yel pirləri və Yeməzli kəndində Soltan ocağı və Şəhid Məhəmməd yeri də dağıntılara məruz qalmışdır. Zəngilan şəhərində Dəvəcüneyt piri və Yeməzli kəndindəki digər abidələr isə vandalizmin ən dramatik nümunələridir.
Tarixi memarlıq nümunələri də bu fəlakətdən kənarda qalmayıb. Şərifan kəndindəki IX-XVI əsrlərə aid abidələr və Şərifan sərdabəsi (XII əsr), Hacallı kəndində Şəhri Şərifan yaşayış yeri və Hacallı dairəvi bürcü (XIV əsr), Qumlaq kəndində Ağca Aşıq yaşayış yeri və Qız qalası, Oxuçuçayda Qəsr qalası, Şərikan və Yenikənd kəndlərindəki sərdabələr (XIII-XIV əsrlər), Hacallı kəndində XIX əsrə aid körpü, Məmmədbəyli kəndində Hacalı qülləsi (XIV əsr) və Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi, Quyudərə Xəştab kəndindəki nekropol, Yeməzli kəndindəki küp qəbirlər, Ağ oyuq düzündəki Koroğlu daşı (VII-VIII əsrlər) və Bartaz kəndindəki Qız qalası, Sobu kəndindəki Tağlı körpüsü (XVI əsr) işğal və vandalizm nəticəsində ciddi ziyan görmüşdür.
Erməni vandalizmi nəticəsində Azərbaycan torpaqlarının tarixi, dini və memarlıq irsi ciddi şəkildə məhv edilmiş, bu abidələrin bərpası və qorunması Azərbaycan dövləti üçün prioritet məsələ olaraq qalır. Dağıdılmış abidələr təkcə maddi sərvət deyil, həm də xalqın mədəni və tarixi yaddaşının qorunması baxımından əvəzsizdir.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Zəngilanı düşmən işğalından azad etdi. 20 oktyabr tarixində Prezident İlham Əliyev rayonun azad olunduğunu elan etdi. Şəhər və rayonun 4 qəsəbə, 49 kəndi işğaldan azad edildi, Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi bərpa olundu. Bu tarixi uğura görə 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün 20 Oktyabr – Zəngilan şəhəri günü təkcə tarixi ədalətin bərpasını deyil, həm də Azərbaycanın Böyük Qayıdış siyasətinin, milli qürurun və inkişaf modelinin simvoludur. Rayonun bərpası, infrastruktur layihələri və iqtisadi təşəbbüslər gələcəkdə Zəngilanı Qarabağın və bölgənin aparıcı mərkəzlərindən birinə çevirəcək.
Böyük Qayıdış: Zəngilanın yenidən doğuşu
Zəngilan rayonunun bərpası və yenidən inkişafı sürətlə davam edir. Bölgədə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində ilk pilot layihə Ağalı kəndində icra olunub. 200 evdən ibarət müasir kənd salınmış, kəndin genişləndirilməsi, əlavə evlərin tikintisi və infrastruktur layihələrinin şaxələndirilməsi nəzərdə tutulub. Məskunlaşan sakinlər üçün məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, həmçinin kiçik və orta biznes üçün dəstək xidmətləri təmin edilib. 2022-ci ilin may ayından kəndin ilk sakinləri doğma torpaqlarına qayıdıb. Hazırda Ağalı kəndinə ümumilikdə 175 ailə, yəni 871 nəfər köçürülüb və yeni sakinlər peşələrinə uyğun dövlət qurumları, ictimai iaşə obyektləri, tikinti şirkətləri, tikiş fabrikləri və digər müəssisələrdə işlə təmin edilirlər.
Ağalı kəndi dünyanın ən müasir “ağıllı kənd” layihələrindən biridir. Burada sosial-iqtisadi xidmətlərin keyfiyyətinin artırılması, təhlükəsiz və səmərəli təqdim olunması üçün informasiya texnologiyaları və innovasiyalar tətbiq edilib. Kənddə ekoloji cəhətdən dayanıqlı enerji mənbələri – Həkəri çayı üzərində Arximed Turbini tipli su elektrik stansiyası, fotovoltaik günəş panelləri və günəş kollektorları quraşdırılıb. Evlərdə kombinə edilmiş istilik sistemi, odun və briketlə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boylerdən istifadə olunur. Çirkab suların bioloji emalı nəticəsində ildə 41.000 m³ texniki su təmin edilir.
Ev tikintisində termoblok və izolyasiya materiallarından istifadə olunaraq enerji itkisi minimuma endirilib. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, telefon və İP TV xidmətləri, ağıllı video müşahidə sistemləri, LCD məlumat lövhələri, audio anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çoxfunksiyalı işıq dirəkləri quraşdırılıb. Əhalinin sosial rifahı üçün tele-səhiyyə, e-təhsil və digər elektron xidmətlər uğurla tətbiq edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 30 oktyabr 2023-cü il tarixində “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin infrastruktur layihələrinə böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra olunur. Zəngilanın strateji mövqeyi onun nəqliyyat qovşağı kimi əhəmiyyətini artırır. Beynəlxalq Hava Limanı bütün növ təyyarələri qəbul edəcək və Zəngəzur dəhlizinin hava nəqliyyatını gücləndirəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu bölgənin həm yük, həm də sərnişin daşımaları üçün strateji önəm daşıyır.
Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. XIX əsrdə inşa edilmiş tarixi məscid işğal dövründə dağıdılmış və tövlə kimi istifadə edilmişdi. Bərpa layihəsi çərçivəsində tarixi məscid konservasiya olunub, yanında isə yeni məscid binası inşa edilib. Yeni məscid düzbucaqlı plan quruluşuna, iki minarəyə və üç nefə malik ibadət zallarına malikdir. İnteryerdə nəqqaşlıq işləri, nəbati naxışlarla mehrab, təbii ağacdan minbər və şəbəkə elementləri yaradılıb.
Zəngilanın turizm potensialı da inkişaf etdirilir. 2024-cü il 18 may tarixində Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Hotel üçmərtəbəli olub, Həkəri çayı üzərində yaradılmış süni gölün sahilində yerləşir.
Pilot kənd təsərrüfatı layihəsi olan “Dost Aqropark” isə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi kimi fəaliyyət göstərir. Layihənin birinci mərhələsində inzibati binalar, heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası və digər infrastruktur tamamlanıb. 3500 baş cins qaramal gətirilib, əkinçilik məhsullarının istehsalı həyata keçirilir. Layihənin tam başa çatması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal, 10 min baş cins heyvan üçün maldarlıq, toxumçuluq və şitilçilik sahələri yaradılacaq, ət emalı və qablaşdırma müəssisəsi ilə inteqrasiya olunmuş “Aqro Market” fəaliyyət göstərəcək.
“Böyük Qayıdış” layihəsi Zəngilan rayonunu yenidən Azərbaycanın mühüm sosial-iqtisadi, tarixi və turizm mərkəzinə çevirir. Ağalı kəndi və digər inkişaf layihələri bölgədə dayanıqlı, ekoloji və innovativ infrastrukturun nümunəsi kimi xidmət edir. Bu layihələr sayəsində Zəngilan həm sakinlərinin rahatlığı, həm də regionun strateji inkişafı üçün mərkəzə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş Zəngilan rayonuna bir neçə səfər edərək burada həyata keçirilən bərpa və inkişaf işlərini yaxından izləyib. Bu səfərlər rayonun sosial-iqtisadi, infrastruktur və tarixi irs baxımından yenidən dirçəlməsinin mühüm göstəricisi olmuşdur.
23 dekabr 2020-ci il Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Zəngilan şəhərinə səfər edərək burada Azərbaycan bayrağının qaldırılmasını həyata keçirmişdir. Bu hərəkət təkcə rayonun azadlığının simvolu deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının mühüm göstəricisi kimi tarixə düşmüşdür.
Zəngilanın işğaldan azad olunması və bayrağın qaldırılması rayonda milli qürur və birlik hissini gücləndirmiş, sakinlər üçün gələcəyə ümid yaratmışdır. Bu tarixi an Azərbaycanın Böyük Qayıdış siyasətinin əyani təcəssümü olaraq regionun sosial-iqtisadi və tarixi inkişafı üçün önəmli mərhələ olmuşdur.
2021-ci il Zəngilan rayonunun bərpası və inkişafı baxımından mühüm il olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu dövrdə bir neçə səfər edərək rayonda görüləcək işləri şəxsən planlaşdırmış, infrastruktur və sosial layihələrin icrasını yaxından izləyərək regionun strateji inkişafını təmin etmişdir.
Fevralın 14-də Ali Baş Komandan rayonda görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı geniş təhlillər aparmışdır. Daha sonra, aprelin 26-da Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşərək onların problemlərini dinləmiş, eyni zamanda 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilanda Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimlərini icra etmişdir.
Oktyabrın 20-də Ali Baş Komandan Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuş, Zəngilan Beynəlxalq Hava Limanında tikinti prosesini izləyərək Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində yaradılan şəraitlə tanış olmuşdur. Həmçinin “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etmiş və Rəqəmsal Yarımstansanın təməlqoyma mərasimi ilə tanış olmuşdur.
Oktyabrın 26-da isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması, “Dost Aqropark” layihəsinin təməlqoyma mərasimi və “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq baş tutmuşdur.
2022-ci ilin may ayında, 27 may tarixində Ali Baş Komandan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olmuş, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərini və Zəngilan məscidinin bərpası layihəsini izləyərək, rayonun intensiv meyvə bağları və “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi ilə iştirak etmişdir.
19 oktyabr 2022-ci ildə Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşən Ali Baş Komandan, həmçinin Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olmuşdur. Eyni gündə Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimi, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəb binasının təməlqoyma mərasimləri həyata keçirilmişdir.
2023-cü il də rayonun bərpası və inkişafı üçün məhsuldar olmuşdur. Mayın 4-də Ali Baş Komandan inzibati binanın təməlqoyma mərasiminə qatılmışdır. Sentyabrın 28-də isə Alıbəyli kəndinin təməlqoyma mərasimi, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı və “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışı baş tutmuşdur. Eyni gündə Zəngilan kəndində yeni yaşayış layihələrinin təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq və 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimi həyata keçirilmişdir.
Sentyabrın 29-da Ali Baş Komandan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edərək, ölkənin şəhərsalma siyasəti və regionların davamlı inkişaf strategiyasını dəstəkləmişdir.
2024-cü il Zəngilan rayonunun bərpası və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il rayona bir neçə səfər edərək həyata keçirilən infrastruktur və sosial layihələrlə yaxından tanış olmuş, Böyük Qayıdış siyasətinin uğurla davam etdirilməsini təmin etmişdir.
Mayın 18-də Ali Baş Komandan Ağalı kəndində “Ağalı” hotelinin açılış mərasiminə qatılmış, Mincivan qəsəbəsinin təməlqoyma mərasimi və “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışını izləyərək rayonun enerji infrastrukturunun gücləndirilməsini diqqətlə qiymətləndirmişdir. Eyni gündə Zəngilan məscidinin rəsmi açılışı və Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi keçirilmişdir ki, bu da şəhərin urbanistik inkişafı və sakinlərin həyat səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Oktyabrın 3-də Ali Baş Komandan “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi ilə tanış olmuş, beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimində iştirak etmişdir. Həmçinin 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan işlərlə yaxından tanış olmuş, “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edərək rayonun enerji təminatının gücləndirilməsinə diqqət yetirmişdir.
Bu səfərlər Zəngilanın sürətli bərpası və inkişafı, modern yaşayış məkanlarının yaradılması, enerji və sosial infrastrukturların inkişaf etdirilməsi baxımından mühüm mərhələlər kimi tarixə düşmüşdür. Ali Baş Komandanın şəxsən rəhbərliyi və diqqəti, rayonun Böyük Qayıdış siyasəti çərçivəsində strateji inkişafını təmin etmişdir.
