Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən tədbir 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunub. Tədbir “Anım Günü – Milli Qürur Günümüzdür!” mövzusunda baş tutub.
İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra “27 Sentyabr – Zəfərin başlanğıcı” adlı film nümayiş etdirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev, universitetin dosenti Sübhan Talıblı, müəllim, ehtiyatda olan zabit Aydın Adilxanov və QMİ-nin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev çıxış ediblər.
Natiqlər qeyd ediblər ki, 27 Sentyabr xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin, əzmkarlığının və qəhrəmanlığının rəmzinə çevrilib. Onlar şəhidlərimizin şücaət və fədakarlığından danışaraq, adlarının daim uca tutulacağını bildiriblər.
Tədbirin bədii hissəsində İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Günay Həsənova və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Qəfər Sadıqov şair Mahirə Nağıqızının müəllifi olduğu “Salam olsun!” şeirini səsləndiriblər.











