Ana dilimiz – milli mənəvi sərvətimiz, dövlət müstəqilliyimizin əsas sütunudur
“Dil hər bir millətin milliliyinin əsasıdır” – Ulu Öndər Heydər Əliyevin bu fikri Azərbaycan dilinin tarixi taleyinə, onun keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yoluna verilmiş ən dəqiq və dəyərli qiymətdir. Əsrlərin sınağından çıxmış Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqımızın tarixi yaddaşı, mədəni varlığı, milli qürur və dövlətçilik rəmzidir. Xalqımız bu dildə düşünür, yaradır, danışır və öz gələcəyini bu dilin daşıyıcısı kimi qurur.
ANA DİLİNİN İNKİŞAFINDA SÜNİ MANEƏLƏR VƏ İDEOLOJİ BASQILAR
XX əsrin ortalarında, xüsusilə 70-ci illərdən etibarən SSRİ-nin siyasi düzəni daxilində milli dillərə qarşı sərt münasibət gücləndi. Yeni SSRİ Konstitusiyasının qəbulundan sonra rus dili faktiki olaraq federasiya daxilində vahid kommunikasiya vasitəsi kimi təqdim olundu və milli dillərin sıxışdırılması məqsədi güdüldü. Belə bir şəraitdə ana dilinin müdafiəsi və inkişaf etdirilməsi təkcə mədəni deyil, həm də siyasi cəsarət tələb edirdi. Keçmişdə dil məsələsini gündəmə gətirən ziyalılar sürgünə göndərilir, repressiyalara məruz qalırdı. Belə bir ideoloji və inzibati təzyiqlər şəraitində Azərbaycan dilinin qorunması və inkişafı yalnız böyük siyasi iradə və uzaqgörənliklə mümkün ola bilərdi.
Bu ağır tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin ana dili naminə ortaya qoyduğu prinsipial mövqe, dövlət adamı məsuliyyəti və milli kimliyə bağlılığı xüsusi qeyd edilməlidir. O, Azərbaycan SSR rəhbəri kimi dil məsələsini siyasi tribunaya çıxararaq, Azərbaycan dilinin hüquqlarını müdafiə etməyə başladı. SSRİ kimi mərkəzləşdirilmiş bir imperiyanın daxilində, onun ciddi nəzarəti altında Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasının salınması tarixi nailiyyət idi. Bu addım, faktiki olaraq, dilimizin hüquqi statusunun qorunması və gələcək nəsillərə ötürülməsi baxımından dönüş nöqtəsi oldu.
Azərbaycan müstəqillik qazandıqdan sonra ana dilinin dövlət dili kimi hüquqi statusu daha da möhkəmləndirildi. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit olunması milli iradənin təzahürü idi. Daha sonra, 2002-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunla dilin hüquqi statusu və qorunma mexanizmləri dəqiq şəkildə müəyyən olundu.
Ulu Öndərin 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman əsasında yaradılan Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası, ana dilimizin elmi-linqvistik və praktiki inkişafı üçün mühüm platforma oldu. Elə həmin il qəbul edilən digər bir fərmanla – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” sənədlə isə hər il 1 avqust ölkəmizdə Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur. Bu qərar Azərbaycan dilinin ideoloji və milli əhəmiyyətinin cəmiyyətin bütün qatlarına aşılanması baxımından vacib təşəbbüslərdən biri oldu.
PREZİDENT İLHAM ƏLİYEVİN ANA DİLİNƏ BAĞLILIĞI VƏ ARDICIL SİYASƏTİ
Müasir mərhələdə Prezident İlham Əliyev də ata vəsiyyətinə sadiq qalaraq Azərbaycan dilinin inkişafına xüsusi diqqət göstərir. Prezidentin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə ana dilimizdə milyonlarla nüsxədə kitab və nəşr çap edildi. Bu, dilimizin yayım imkanlarının genişlənməsinə və yeni nəslin latın qrafikası ilə Azərbaycan dilinə adaptasiyasına mühüm töhfə verdi.
Xüsusilə, Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı müasir dövrdə texnoloji inkişafın diktə etdiyi tələblərə uyğun olaraq dil siyasətinə strateji yön verilməsinin parlaq nümunəsidir. Bu sərəncam əsasında Azərbaycan dilinin rəqəmsal daşıyıcılarda işlənməsi, yeni leksik resursların, korpusların və lüğət bazalarının formalaşdırılması, süni intellektə uyğun dil modellərinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülür.
Müasir dünyada qloballaşma, texnoloji transformasiya və informasiya axını dilləri homogenləşdirir, bir çox yerli dillərin sıradan çıxmasına səbəb olur. Bu reallıq fonunda Azərbaycan dili qarşısında da ciddi çağırışlar dayanır. Dövlətin apardığı siyasət və hüquqi baza nə qədər möhkəm olsa da, ana dilimizin yaşaması, zənginləşməsi və gələcək nəsillərə ötürülməsi ilk növbədə xalqın, xüsusən gəncliyin dilə olan münasibətindən asılıdır.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi:
“Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Bu baxımdan hər bir vətəndaş öz dilinə sahib çıxmalı, onu sevməli, öyrənməli və gündəlik həyatında fəal şəkildə istifadə etməlidir. Ana dili təkcə bir ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin daşıyıcısı, müstəqilliyimizin sütunu, mənəvi irsimizin qoruyucusudur.
Ana dilimiz milli-mənəvi kimliyimizin ayrılmaz hissəsidir. Bu strateji həqiqəti daim nəzərə alan Azərbaycan dövləti ana dilimizin qorunması və inkişafı istiqamətində ardıcıl və sistemli siyasət həyata keçirir. Ulu Öndər Heydər Əliyevin ana dilimizin dövlət dili statusunun təsbitində və nüfuzunun yüksəldilməsində oynadığı tarixi rolu bu sahədə möhkəm təməl yaratmışdır. Bu siyasi xətt müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi, müasir dövrün tələblərinə uyğun şəkildə tətbiqi və gələcək nəsillərə saf şəkildə ötürülməsi məqsədilə həyata keçirilmiş mühüm tədbirlər sırasında aşağıdakı sərəncam və fərmanlar xüsusi yer tutur:
Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ölkəmizin mədəni və dil siyasətində mühüm dönüş nöqtəsi olmuşdur. Bu sərəncam çərçivəsində 2004–2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış və müvafiq nəşrlərin həyata keçirilməsinə başlanmışdır.
Bu təşəbbüs Azərbaycan dilinin yazı sistemində latın qrafikasına tam keçidini təmin edərək, dilimizin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirilməsi üçün zəmin yaratmışdır. Eyni zamanda, latın qrafikasının tətbiqi milli mədəniyyətin, təhsilin və informasiya sahələrinin müasirləşdirilməsi, eləcə də Azərbaycan dilinin dünyada daha geniş tanıdılması baxımından önəmli addım olmuşdur.
Beləliklə, Prezident İlham Əliyevin bu Sərəncamı Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi istiqamətində dövlət səviyyəsində atılmış məqsədyönlü və strateji addım kimi tarixdə öz əksini tapmışdır.
Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilimizin həyatımızın bütün sahələrində geniş və müfəssəl tətbiqinin təmin edilməsində mühüm rol oynamışdır.
Bu sərəncamlar sayəsində milli ensiklopedik nəşrlərin çapı elmi və ictimaiyyət mühitində Azərbaycan dilinin statusunu daha da möhkəmləndirmiş, dünya ədəbiyyatının seçilmiş nümunələrinin ana dilimizdə təqdim olunması isə zəngin ədəbi və mədəni irsimizin geniş kütlələrə çatdırılmasına imkan yaratmışdır.
Beləliklə, dövlət tərəfindən həyata keçirilən bu məqsədyönlü tədbirlər Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da inkişaf etdirilməsi və təbliği istiqamətində əhəmiyyətli addımlar olmuşdur.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, milli-mənəvi kimliyimizin əsas sütunu olan ana dilimizin qorunması istiqamətində atılmış strateji əhəmiyyətli addımlardan biri olmuşdur. (Sərəncama keçid)
Bu proqram ana dilimizin qloballaşmanın təsiri altında təhriflərə məruz qalmasının qarşısını almağı, dilin saflığını və zənginliyini qorumağı, eləcə də müasir elmi-nəzəri yanaşmaların tətbiqi ilə dilçilik sahəsində tədqiqat və tədris fəaliyyətinin stimullaşdırılmasını hədəfləmişdir. Dövlət Proqramı həmçinin, terminologiyanın təkmilləşdirilməsi, dil normalarının qorunması, dilin informasiya-kommunikasiya texnologiyalarında istifadəsinin genişləndirilməsi və cəmiyyətin bütün təbəqələrində düzgün dil istifadəsinin təşviqi baxımından mühüm və uzunmüddətli nəticələr vermişdir.
İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı, milli dil siyasətinin yeni mərhələsini müəyyən edən mühüm sənədlərdən biridir. Bu sərəncam Azərbaycan dilinin yalnız ənənəvi deyil, eyni zamanda rəqəmsal mühitdə də tətbiqini stimullaşdırmaqla, dilimizin informasiya-kommunikasiya texnologiyaları sahəsində funksional imkanlarını genişləndirməyə xidmət edir.
Rəqəmsallaşan dünyada dilin texnoloji platformalarda istifadəsi milli kimliyin qorunmasının və qloballaşma şəraitində özünüdərkin mühüm tərkib hissəsidir. Bu baxımdan, Sərəncamda nəzərdə tutulan tədbirlər – elektron lüğət və termin bazalarının yaradılması, intellektual axtarış sistemləri və dil texnologiyalarının inkişaf etdirilməsi, dövlət dili ilə bağlı internet resurslarının formalaşdırılması kimi məsələlər – ana dilimizin müasir çağırışlara cavab verməsini təmin edir və onun rəqəmsal dövrdə layiqli yer tutmasına zəmin yaradır.
Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixində imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı, milli dil siyasətində strateji və sistemli yanaşmanın davamı kimi qiymətləndirilməlidir. Bu sənəd, dövlət dilinin yalnız hüquqi statusunun deyil, həm də onun praktik istifadəsinin daha da səmərəli və düzgün həyata keçirilməsi istiqamətində mühüm mexanizmləri müəyyənləşdirir.
Fərmanın icrası çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması isə həyata keçirilən işlərin konkret institusional baza üzərində qurulmasına imkan yaratdı. Həmin Mərkəz öz fəaliyyəti dövründə – 2024-cü ilin 23 noyabr tarixinədək – Azərbaycan dilinin normativ qaydalarının qorunması, kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda və ictimai həyatın müxtəlif sahələrində dilin düzgün tətbiqi istiqamətində geniş monitorinqlər aparmış, maarifləndirici tədbirlər keçirmişdir.
Bu Fərman və onun əsasında görülən işlər, bir tərəfdən Azərbaycan dilinin saflığının və zənginliyinin qorunmasına xidmət etmiş, digər tərəfdən isə cəmiyyətin dilə münasibətində məsuliyyətli yanaşmanın formalaşmasına mühüm təsir göstərmişdir.
Bu addımlar ana dilimizin dövlət dili kimi mövqeyinin güclənməsinə, müasir informasiya cəmiyyətində möhkəmlənməsinə, həmçinin yeni nəsillər arasında onun təbliğinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövləti dilini, kimliyini və milli-mənəvi dəyərlərini qorumağa sadiqdir.
ANA DİLİMİZ – HEYDƏR ƏLİYEV İRSİNDƏ MİLLİ MƏNƏVİYYATIN TƏMƏLİ
Azərbaycan dilinin zənginliyi, gözəlliyi və milli kimliyimizin əsas dayağı olması mövzusu Ulu Öndər Heydər Əliyev tərəfindən daim xüsusi vurğulanmışdır. Onun nitqlərində ana dilimizin yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın mənəvi, tarixi və mədəni irsinin daşıyıcısı kimi əhəmiyyəti ön planda olmuşdur.
Heydər Əliyev 1994-cü ilin avqust ayında Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə bildirmişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Bu fikir dilimizin geniş söz ehtiyatı və ifadə imkanlarının xalqımız üçün qürur mənbəyi olduğunu göstərir. Ana dilinə olan sevgi və hörmət, onun mühafizəsi və inkişaf etdirilməsi Heydər Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.
1994-cü ilin noyabrında, Bakı Dövlət Universitetinin 75 illik yubileyində Ümummilli Lider vurğulamışdır ki, müstəqil dövlət kimi, azad xalq olaraq biz öz ana dilimizlə fəxr etməliyik. Bu zaman dil məsələsi milli müstəqilliyin ayrılmaz hissəsi kimi təqdim edilmişdir. Dövlət və xalq birliyi dil vasitəsilə möhkəmlənir və inkişaf edir.
Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.” Bu ifadə dilimizin dünya miqyasında tanınmasını və milli kimliyin mühüm göstəricisi olduğunu vurğulayır.
Ana dilinə bağlılıq və dilin qorunmasının tarixi kökləri barədə isə Ulu Öndər demişdir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” Bu fikir gənclərə xüsusi ünvanlanmışdır və onların milli dəyərlərə, xüsusilə ana dilinə bağlılığını artırmaq məqsədi daşıyır.
Heydər Əliyev həmçinin türk dillərinə mənsub olan Azərbaycan dilinin zənginliyini, bədii ifadələrinin genişliyini qeyd etmişdir. 1996-cı ilin noyabrında Azərbaycan Elmlər Akademiyasında keçirilən Türk dünyası yazıçılarının III qurultayında demişdir: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik.” Burada dilin bədii potensialı, milli mədəniyyətin inkişafındakı rolu önə çəkilir.
Dilin millət üçün əhəmiyyəti ilə bağlı Heydər Əliyev çox dəqiq fikirlər səsləndirmişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.” Bu fikirdə dil həm də milli kimliyin formalaşmasında, milli dəyərlərin qorunmasında aparıcı amil kimi göstərilir.
Heydər Əliyev həmçinin türk dövlətləri arasında dil birliyinə və bunun məsuliyyətlərinə diqqət çəkmişdir. 1997-ci ildə Qırğızıstan Prezidenti Əsgər Akayevin şərəfinə verilmiş ziyafətdə bildirmişdir: “Dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə çox vəzifələr qoyur.” Bu sözlər Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, həm də beynəlxalq türk dünyasında əhəmiyyətini göstərir.
Ulu Öndərin sözlərinə görə, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” (1997-ci il) Ana dilinin mövqeyi milli varlığımızın əsas sütunu kimi qəbul edilir. O, həmçinin 1998-ci ilin iyulunda Londonda yaşayan azərbaycanlılarla görüşündə qeyd etmişdir ki, “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir... Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, mahnılar da olmaz, musiqi də olmaz.” Bu sözlər dilin mədəniyyət və sənətə təsirini vurğulayır.
Milli-mənəvi dəyərlərin qorunmasında dilin rolu barədə Heydər Əliyev demişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik.” Bu fikirlər dövlət və cəmiyyət qarşısında milli-mənəvi dəyərlərin qorunması kimi əsas vəzifə qoyur.
Ulu Öndər Heydər Əliyev Sovet dövründə də Azərbaycan dilinin qorunub saxlanmasına böyük önəm vermişdir. 2000-ci ildə Bakıda keçirilən Bilik günü tədbirində demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik.” Dilin inkişafının müxtəlif sahələrdə, o cümlədən qrammatik quruluşunun və digər aspektlərinin yüksələn səviyyədə olduğunu qeyd etmişdir.
Ümummilli Liderin milli dil siyasətinin nəticəsi olaraq, müstəqil Azərbaycan Respublikasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmiş, lüğət tərkibi zənginləşmiş, qrammatik quruluşu təkmilləşdirilmiş və beynəlxalq səviyyədə layiqli yerini tutmuşdur. 2000-ci ilin dekabrında Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”
Heydər Əliyev dilimizin inkişafı və təkmilləşdirilməsi üçün konkret addımlar da atmışdır. 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalamış, bunun əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Onun bu təşəbbüsləri dilimizin saflığının qorunması və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Həmçinin, Heydər Əliyev Azərbaycan dilinin bədii zənginliyinə xüsusi diqqət yetirmişdir. TÜRKSOY təşkilatının mədəniyyət nazirlərinin toplantısında demişdir: “Bizim Azərbaycan dili şeir dilidir.” Bu, dilimizin poeziya, incəsənət və estetik ifadə üçün son dərəcə əlverişli olduğunu göstərir.
Son olaraq, Ümummilli Lider gənclərə tövsiyə etmişdir ki, müxtəlif xarici dilləri öyrənsələr də, öz Azərbaycan dilini ən yaxşı bilməli və onu qorumalıdırlar. Onun sözlərinə görə: “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik... Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”
Ulu Öndər Heydər Əliyevin dil haqqında fikirləri Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin bünövrəsini təşkil edir və müasir dövrdə də Azərbaycan dilinin möhkəmləndirilməsi, geniş tətbiqi, təhsil və mədəniyyət sahələrində əsas prioritet kimi qalmaqdadır.
PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN DİLİNİN QORUNMASI VƏ İNKIŞAFINA DAİR ƏSAS FİKİRLƏRİ
Prezident İlham Əliyevin Azərbaycan dili haqqında fikirləri milli dilimizin qorunması, inkişafı və dünya miqyasında tanıdılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini ifadə edir. Onun söylədikləri dilimizin həm zənginliyini, həm də onun milli kimliyimiz üçün əhəmiyyətini xüsusi vurğulayır.
Prezident İlham Əliyev qeyd edir ki, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.” Bu rəqəm dilimizin geniş coğrafiyada yaşayan insanları birləşdirən ortaq dəyər olduğunu göstərir. Azərbaycan dili əsrlər boyu qorunmuş və inkişaf etdirilmiş, milli mədəniyyətimizin, tariximizin və dövlətçiliyimizin təməl daşı kimi qorunmağa davam edir.
Prezidentin sözlərinə görə, “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Bu, dilimizin saflığını və orijinallığını qorumağın vacibliyini, həmçinin xarici sözlərin dilimizə daxil olmasının ölçülü və nəzarət altında saxlanmasının zəruriliyini vurğulayır.
“Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir,” – deyə Prezident İlham Əliyev dilimizin həm tarixi, həm də siyasi əhəmiyyətini önə çəkir.
Prezident İlham Əliyev həmçinin bildirir ki, “Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoloji, etimoloji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir.” Bu, dilimizin elmi və mədəni tərəfdən sistemli şəkildə araşdırılması və qorunması üçün atılmalı olan addımlara diqqət çəkir.
Dilimizin zənginliyi və önəmi barədə əlavə olaraq bildirilir ki, “Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.” Dilimizin milli kimliyi formalaşdırmaqla yanaşı, insanlığın ümumi mədəni irsinə də töhfə verdiyi vurğulanır.
“Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcə də telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir,” – deyə Prezident İlham Əliyev müasir dövrdə dilimizin qorunmasının həm dövlət, həm də ictimaiyyət səviyyəsində məsuliyyət tələb etdiyini qeyd edir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il avqustun 1-i Azərbaycanda Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur. Bu, milli dilimizə olan sevgi və ehtiramın rəmzi olaraq, dilimizin qorunması və inkişafı işinə ictimaiyyətin diqqətini cəlb edən mühüm tədbirdir.
Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan dilinin müasir dövrdəki mövqeyini, onun qorunması üçün həyata keçirilən siyasətləri və gələcəkdə görüləcək işlərin istiqamətlərini aydın şəkildə ortaya qoyur. Azərbaycan dili həm xalqımızın tarixini, həm də milli kimliyini qoruyan, zənginləşdirən və dünyaya tanıdan ən qiymətli sərvətlərimizdən biridir.
