Azərbaycanın Enerji Siyasəti və Beynəlxalq Əməkdaşlıq Perspektivləri


2025-ci il iyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və əhatəli çıxışı ilə iştirakçılara müraciət etdi. Dövlət başçısı  açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasətində yeni mərhələyə qədəm qoyduğunu bəyan etdi, həm konvensional enerji mənbələrinin əhəmiyyətini vurğuladı, həm də bərpa olunan enerji sektoruna dair strateji hədəfləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan neft-qaz sahəsində böyük nailiyyətlərə 1994-cü ildə imza atdığı ilk beynəlxalq sərgidən sonra nail olub. Həmin sərgidən dərhal sonra ölkəmiz beynəlxalq neft şirkətləri konsorsiumu ilə “Əsrin müqaviləsi” kimi tarixə düşən, regionun geosiyasi və geoiqtisadi mənzərəsini tamamilə dəyişdirən müqaviləni imzalayıb. Bu müqavilə Azərbaycan üçün enerji sektorunda yeni mərhələ, müstəqillik tarixində isə dönüş nöqtəsi oldu.
Dövlət başçısı  vurğuladı ki, bu böyük uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində mümkün olub. Heydər Əliyev məhz o vaxt anlayırdı ki, Azərbaycanın müstəqilliyi və inkişafı üçün beynəlxalq enerji layihələrində iştirak vacibdir. O, zaman Azərbaycanın iqtisadiyyatı çətin vəziyyətdə idi, vətəndaş müharibəsinin nəticələri hələ aradan qalxmamışdı, inflyasiya yüzlərlə faizlə ölçülürdü, yoxsulluq geniş yayılmışdı. Eyni zamanda, Ermənistanın işğal etdiyi torpaqlardan yüz minlərlə azərbaycanlı məcburi köçkün düşmüşdü. Belə bir şəraitdə xarici investorlar üçün Azərbaycan riskli ölkə kimi qəbul olunurdu.
Bugünkü Azərbaycanın sabit siyasi mühitə, inkişaf edən iqtisadiyyata malik olduğunu qeyd edən ölkə rəhbəri dedi ki, neft və qazın ölkə ÜDM-də payı artıq 30%-dən çoxdur. Azərbaycan qlobal iqtisadi trendlərə uyğun olaraq genişmiqyaslı islahatlar aparır, öz iqtisadiyyatını xarici asılılıq olmadan təmin edir. Xarici borc səviyyəsi ÜDM-in 7%-dən azdır, maliyyə ehtiyatları isə borcun 14 dəfə üstündədir ki, bu da ölkənin maliyyə dayanıqlığını əks etdirir.
Prezident İlham Əliyev diqqət çəkdi ki, milli sərvətlərin düzgün idarə olunması sayəsində yoxsulluq səviyyəsi 5%-ə endirilib. İnsan kapitalına — xüsusilə təhsilə — böyük sərmayələr yatırılıb, savadlılıq səviyyəsi artıq 100%-ə çatıb. Bu göstəricilər Azərbaycanın regionda yeni, əlverişli işgüzar mühit yaratmasına və dayanıqlı inkişafına zəmin yaradır.
Ölkə rəhbəri çıxışı zamanı vurğuladı  ki, Azərbaycan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərinin tikintisini uğurla həyata keçirib. Ölkənin açıq dənizə çıxışı olmamasına baxmayaraq, o, Avrasiyanın ən vacib nəqliyyat və enerji qovşaqlarından birinə çevrilib. Bu, uzun illər ərzində infrastruktur layihələrinə yatırılan böyük sərmayələrin nəticəsidir. Azərbaycanın enerji layihələri Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırıb, xüsusilə Cənub Qaz Dəhlizi — Xəzər dənizindən İtaliya sahillərinə qədər uzanan 3500 km-lik boru kəməri — bunun ən parlaq nümunəsidir.
Dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycandan səkkiz ölkəyə təbii qaz ixrac edilirdi, bu gün isə bu say 12-yə çatıb və bu inkişaf davam edir. İxrac coğrafiyasının genişləndirilməsi üçün yeni danışıqlar aparılır, sərmayələr yatırılır. Azərbaycanın qaz ixracında qlobal liderlərdən birinə çevrilməsi energetika sahəsində ölkəmizin strateji mövqeyinin göstəricisidir.Enerji resurslarının səmərəli idarə olunması və bütün maraqlı tərəflər — investorlar, tranzit ölkələr və istehlakçılar arasında etibarlı əməkdaşlıq möhkəm olarsa, bu, həm iqtisadi, həm də geosiyasi uğura səbəb olur. Azərbaycan həmişə bu əməkdaşlıqda balansın qorunmasına xüsusi diqqət yetirib və bu, gələcək enerji əməkdaşlığının əsas prinsipi olmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın təbii qaz ixracının ötən il 25 milyard kubmetrə çatdığını, 2030-cu ilədək bu rəqəmin 8 milyard kubmetr artırılacağını bildirdi. Bu, mövcud və yeni yataqlardan hasilatın artması və imzalanmış yeni müqavilələr əsasında mümkün olacaq, həmçinin bərpaolunan enerji sahəsində də böyük perspektivlərin olduğunu vurğuladı.
2030-cu ilədək 6,5 giqavat gücündə bərpaolunan enerji istehsalı planlaşdırılır ki, bu da ölkənin ümumi enerji istehsalının 35%-dən çoxunu təşkil edəcək. Azərbaycanın yaşıl enerji gündəliyi həm yerli, həm də xarici investorlarla əməkdaşlıq şəraitində inkişaf edir.
Dövlət başçısı  qeyd etdi ki, bu yanaşma həm Azərbaycanın elektrik enerjisinə artan tələbatını qarşılamaq, həm də qaz istehlakından qənaət etmək imkanları yaradır. Nəticədə, bu qənaət edilən qaz ixrac edilə bilər ki, bu da ölkənin gəlirlərini daha da artıracaq.
Prezident İlham Əliyev çıxışında ölkənin neft və qaz sənayesindəki təcrübəsini, Xəzər regionundakı enerji resurslarının dünya bazarlarında əhəmiyyətini qeyd edib. Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyib.
COP29-un sədri kimi İlham Əliyev Azərbaycanın tədbirdə praqmatik və reallıqlara əsaslanan mövqeyini önə çəkdi. O, qeyd etdi ki, bəzi ölkələrdə qazıntı yanacağı ilə yaşıl enerji arasında balansın qorunmaması genişmiqyaslı enerji kəsintilərinə və sistemlərin çökməsinə səbəb olur. Azərbaycan isə təbii qaz hasilatını artırmaqla, həmçinin yaşıl enerji layihələrinə sərmayələr qoymaqla enerji təhlükəsizliyinin qorunmasına töhfə verir.
Azərbaycan, 2024-cü ilin noyabr ayında keçirilən BMT-nin 29-cu iqlim konfransı (COP29) çərçivəsində, yaşıl enerji sahəsindəki təşəbbüslərini beynəlxalq aləmə təqdim etdi. Bu tədbir, Azərbaycanın enerji keçidindəki irəliləyişlərini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirdi .
2030-cu ilədək 8 milyard kubmetr əlavə qaz hasilatı əsasən 5 mövcud yataqdan və yeni aşkar edilmiş yataqlardan gələcək. Bu, investisiyaların nəticəsi olaraq ölkəmizin qaz potensialını artıracaq.
Prezident xatırlatdı ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində 1000 meqavat yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb, bu il isə əlavə sazişlərin bağlanması gözlənilir.
COP29-u “Bakı sıçrayışı” adlandıran Prezident  Əliyev tədbirin uğurlarına toxundu. Xüsusilə İtki və Zərər Fondu üçün və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımların 100 milyard dollardan 300 milyard dollara yüksəldilməsini, karbon bazarının uzun illərdən sonra işlək vəziyyətə gətirilməsini vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi  ki, Azərbaycan enerji bazarında məsuliyyətli oyunçu kimi müxtəlif ölkələri bir araya gətirərək real məqsədlərə nail olur. COP29 vasitəsilə Qlobal Cənub və Qlobal Şimal arasında etimad körpüsü yaradılıb. Bu isə ətraf mühiti ən çox çirkləndirən inkişaf etmiş ölkələr ilə ətraf mühit çətinliyi yaşayan inkişafda olan ölkələr arasında əməkdaşlığın güclənməsini təmin edib.
Prezident əlavə etdi ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi yardım paketi hazırlanıb və Azərbaycan bu sahədə də öz dəstəyini davam etdirəcək.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az