Ümummilli Lider Heydər Əliyev: “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”.
1994-cü il mayın 21-də Zuğulbadakı pansionatda məskunlaşan qaçqınlarla görüşdə “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” deyən böyük tarixi şəxsiyyət dövlətlərarası münasibətləri bəşəri dəyərlərdən bilirdi. Belə dəyərlər dinc dünya deməkdir, müharibəsiz həyat deməkdir, dönməz sülh deməkdir. Ulu Öndərin fikirləri Azərbaycan xalqının fikirləri kimi tarixləşmişdi. Dünya ictimaiyyəti bir daha əmin olmuşdu ki, Azərbaycan dünyəvi dövlətdir, bəşəri dövlətdir.
Dünyanın əmin-amanlıqda yaşaması dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması ilə də şərtlənir. Bu şərt həm də xalqların bir-birinə qarşılıqlı etimadı, qarşılıqlı inamı, etibarı ilə müəyyənləşir. Dövlət həm də xalqın istəyini gerçəkləşdirməlidir. Xalq dostluq istəyirsə, dövlət bu dostluğun təşkilatçısı, təminatçısı olmalıdır. Bu prinsip dahi tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik prinsiplərindən olub.
Heydər Əliyev 10 iyul 1995-ci ildə Türkiyə Respublikasının ozamankı baş naziri xanım Tansu Çillərin şərəfinə verilən rəsmi ziyafətdə etdiyi çıxış nitqində demişdi:
“Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır”.
O zaman Azərbaycan yeni formalaşan dövlət idi, hərbi, iqtisadi gücü yetərincə deyildi. Amma illər ərzində Azərbaycan bütün istiqamətlərdə gücləndi və nəhayət, Heydər Əliyev 28 il əvvəl səsləndirdiyi fikirlər bu gün sözün tam mənasında icra olundu. Artıq Azərbaycan bütün ərazilərində suverən hüquqlarını tam şəkildə bərpa edib.
Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003) çoxvektorlu xarici siyasətin mahiyyətinə uyğun olaraq Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətləri formalaşdırıldı və inkişaf etdirildi. Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətlər Heydər Əliyevin xarici siyasətində xüsusi yer tuturdu. Qısa olaraq bu əlaqələrə nəzər salaq. Eyni etnik soykökü birliyinə, tarixi, mənəvi yaxınlığa malik olduğumuz qardaş Türkiyə Cümhuriyyəti Heydər Əliyevin xarici siyasət strategiyasında ən əhəmiyyətli yerlərdən birini tutmuşdur. Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərini 1994-cü il fevralın 8-11-i tarixlərində həyata keçirib. Qeyd olunan səfər zamanı iki dövlət arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə” də daxil olmaqla, müxtəlif sahələri əhatə edən sazişlər imzalanmışdır. Heydər Əliyevin prezidentliyi dövründə hər iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri sözdən əmələ, daha dəqiq desək, real müstəviyə keçmişdir. Hazırda Azərbaycan-Türkiyə münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qədər inkişaf edib və hesab edirik ki, bu müttəfiqliyə gedən yolda Heydər Əliyevin siyasi-diplomatik mirasının xüsusi yeri vardır.
Müstəqilliyimizin ilk illərində münasibətlərimizin gərgin və ziddiyyətli olduğu Rusiya ilə əlaqələrə Heydər Əliyev ciddi önəm verirdi. Rusiya ilə münasibətlərdə əsasən bir sıra məlum geosiyasi və digər səbəblərdən meydana çıxan kəskin problemlər həmin dövrdə yenicə müstəqilliyini əldə edən, Ermənistanla müharibə içərisində olan ölkəmiz üçün ciddi təhlükəsizlik riskləri yaradırdı. H.Əliyevin Rusiya ilə münasibətlərdə əsas götürdüyü prinsiplər mövcud geosiyasi reallıqları nəzərə alaraq ehtiyatlılıq, qarşılıqlı olaraq maraqların uzlaşdırılması və bütün bunlarla bərabər. müstəqilliyin, həyati milli maraqların qorunması, bərabərhüquqlu tərəfdaş kimi Azərbaycanın qəbul etdirilməsi olmuşdur. Prezidentliyi dövründə Heydər Əliyev dəfələrlə Rusiyaya işgüzar və rəsmi səfərlər reallaşdırıb. Bu səfərlərdən ən vacibi, fikrimizcə, onun 1997-ci ilin iyulunda Rusiyaya etdiyi ilk rəsmi səfərdir. Bu səfər müddətində iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə də daxil olmaqla, bir sıra vacib sənədlər imzalanmışdır. Rusiya prezidenti V.Putinin də 2001-ci ilin yanvarında Azərbaycana rəsmi səfəri müəyyən nəticələri ilə yadda qaldı. Ümumiyyətlə, hər iki səfər müddətində aparılan danışıqlar və imzalanan müqavilələr iki ölkə arasında münasibətlərin normallaşmasında, yeni mərhələyə daxil olmasında ciddi rol oynadı.
Heydər Əliyevin xarici siyasətdə önəm verdiyi əsas istiqamətlərdən biri də Qərb vektoru olmuşdur. Qərbin aparıcı dövlətləri ilə münasibətlərin dərinləşdirilməsinə Heydər Əliyev həm milli maraqlarımız, həm də regional geosiyasi proseslər kontekstində yanaşırdı. Belə ki, dərin siyasi təfəkkürə malik olan Heydər Əliyev aydın dərk edirdi ki, müstəqilliyimizi möhkəmləndirmək və bəzi neoimperialist siyasət həyata keçirən regional güc mərkəzlərinin neqativ təsirlərini azaltmaq üçün Qərbin Cənubi Qafqazda ciddi geosiyasi, geoiqtisadi maraqlarını formalaşdırmaq lazımdır. 1994-2003-cü illərdə xarici siyasətimizdə atılan bir sıra ciddi addımlar, reallaşdırılan böyük geostrateji əhəmiyyətli layihələr (“Əsrin Kontraktı”, “Bakı-Tiflis-Ceyhan kəməri”, “Böyük İpək Yolu” və s.) ölkəmizi Avro-Atlantika məkanına yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazın Qərb üçün geosiyasi cəlbediciliyini də artırdı.
Heydər Əliyevin çoxvektorlu xarici siyasətində ən mühüm yerlərdən birini də dünyanın ən böyük siyasi, iqtisadi, hərbi gücü olan ABŞ ilə münasibətlər təşkil etmişdir. Heydər Əliyevin prezidentliyi dövründə Birləşmiş Ştatlarla münasibətlərdə üç başlıca istiqamət müəyyənləşdirildi: siyasi-diplomatik, iqtisadi-enerji və təhlükəsizlik. Hər iki ölkə arasında bu üç istiqamət üzrə münasibətlər inkişaf etdirilərək, əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı. Təsadüfi deyil ki, prezident Heydər Əliyevin 1997-ci ilin avqustunda ABŞ-a reallaşdırdığı ilk rəsmi səfərində imzalanan “Amerika-Azərbaycan münasibətləri haqqında” Birgə Bəyanatda Azərbaycan Respublikası Birləşmiş Ştatların strateji tərəfdaşı elan edilirdi. Yeri gəlmişkən, qeyd edək ki, bu səfər müddətində hər iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan bir sıra vacib sənədlər də imzalanmışdır.
Prezident Heydər Əliyevin xarici siyasətində digər vacib istiqamətlərdən biri də Avropa dövlətləri ilə münasibətlər olmuşdur. Xüsusilə “köhnə dünya”nın aparıcı dövlətləri olan Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələrlə əlaqələr yeni mərhələyə daxil olmuşdur. Qeyd edək ki, Heydər Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini 1993-cü ilin dekabrında Fransaya etmişdir. Heydər Əliyev Fransaya rəsmi səfəri zamanı bu ölkə ilə “Dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında müqavilə” ilə bərabər, “Paris Xartiyası”nı da imzaladı. “Paris Xartiyası”na qoşulmaqla, Azərbaycan Avropanın ümumi təhlükəsizlik sistemində iştirakına doğru ilk böyük addımını atmış oldu. Heydər Əliyev Avropanın digər böyük dövlətlərindən biri olan Böyük Britaniyaya ilk rəsmi səfərini 1994-cü ilin fevralında, Almaniyaya isə 1996-cı ilin iyulunda etmişdir. Bu səfərlər zamanı hər iki ölkə ilə münasibətlərin əsasını təşkil edən mühüm müqavilələr, sənədlər imzalanmışdır. 1990-cı illərin ortalarında prezident Heydər Əliyev Avropanın yalnız böyük dövlətlərinə deyil, digər dövlətlərinə də çoxsaylı səfərlər etmişdir. Bu sırada Norveç, Belçika, Polşa, Bolqarıstan, Rumıniya kimi dövlətləri misal göstərmək olar.
Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərdən birini də Asiya yönümü təşkil etmişdir. Azərbaycanın xarici siyasətinin Asiya vektoruna Çin, Yaponiya kimi iqtisadi, siyasi nəhənglərlə, həmçinin Pakistan, Səudiyyə Ərəbistanı, İran, Misir, Hindistan, İsrail kimi regional dövlətlərlə münasibətlər daxil edilmişdir. Heydər Əliyev öz prezidentliyi dövründə adlarını qeyd etdiyimiz və etmədiyimiz Asiya dövlətlərinə rəsmi, işgüzar səfərlər edərək onlarla ölkəmizin siyasi, iqtisadi, mədəni əlaqələrinin qurulmasını və inkişaf etdirilməsini təmin etmişdir.
Beləliklə, Heydər Əliyevin düşünülmüş çoxvektorlu xarici siyasət strategiyası gənc, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeyinin qorunmasında, təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. Heydər Əliyev çoxvektorlu, balanslaşdırılmış xarici siyasətin Azərbaycan modelini yaratmaqla, həm də özündən sonra həyata keçiriləcək uğurlu xarici siyasətin əsasını qoymuş oldu. Bu baxımdan birmənalı şəkildə vurğulamaq olar ki, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərimizdə də, mürəkkəb dünya düzənində layiqli yer tutmağımızda da Heydər Əliyevin zəngin siyasi-diplomatik irsi böyük rol oynamışdır.
Dövlət müstəqilliyinin başlanğıc dövrünün ən gərgin zamanlarında Heydər Əliyevin İran İslam Respublikasının o zamankı rəhbərləri ilə tarixi görüşləri, əldə edilən razılaşmalar, imzalanan mühüm tarixi əhəmiyyətli sənədlər ağır blokada şəraitində fəaliyyət göstərmiş Naxçıvan Muxtar Respublikasını Ermənistanın təcavüzlərindən qorumuş, iqtisadi böhrandan xilas etməyə xidmət etmiş, həm də bu qonşu və dost ölkə ilə qarşılıqlı, etibarlı münasibətlərin möhkəm əsaslarını formalaşdırmışdır. İran İslam Respublikası ilə uzun illərdən bəri yüksələn xətlə inkişaf edən əlaqələrimiz bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrə xüsusi diqqət yetirməsi, bu ölkə ilə bir sıra beynəlxalq layihələrin həyata keçirilməsinə ciddi önəm verməsi əsası ulu öndərimiz tərəfindən qoyulmuş müdrik siyasətin yeni tarixi şəraitdə uğurlu davamıdır. Bu gün Azərbaycan – İran əlaqələri bütün sahələr üzrə sürətlə inkişaf edir və hər iki ölkə bu əlaqələrdən qarşılıqlı şəkildə faydalanır. Eyni zamanda, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı həm də dövlətimizin Şərq siyasətinin mühüm göstəricisidir.
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan və digər Şərq ölkələri ilə genişlənən əlaqələri bu gün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Asiya ölkələri ilə əlaqələrdə islami dəyərlər amilinin nəzərə alınması həm də müstəqil Azərbaycan dövlətində keçmiş sovetlər birliyindən fərqli olaraq, ölkəmizdə islam-müsəlman sivilizasiyası amilinə diqqət yetirilməsini də gündəmdə saxlamağı şərtləndirmişdir. Ümummilli lider Heydər Əliyevin müqəddəs Kəbə ziyarətinə getməsi, Bakıda Bibiheybət məscidini yenidən inşa etdirməsi, Naxçıvanda Kazım Qarabəkir məscidinin açılışı və digər bu kimi tədbirlər dünyəvi dövlət olan Azərbaycanda islam dininin rolunu, yerini və əhəmiyyətini dəqiq müəyyənləşdirdi.
Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda VIII əsrdə tikilmiş qədim Şamaxı məscidinin əsaslı şəkildə yenidən qurulması, din-dövlət münasibətlərində tolerantlığın təmin olunması ölkəmizdə yeni cəmiyyət quruculuğunda zəngin ənənələrin yaradıcılıqla inkişaf etdirilməsi deməkdir. Artıq Azərbaycan Respublikası həm mədəniyyətlərarası, həm də dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir. Bu, ölkəmizdə multikultural dəyərlərin inkişaf etdirilməsinə, Qərb və Şərq birgəyaşayışının təmin olunmasına şərait yaradır.
Azərbaycan Respublikasının Asiyanın böyük dövlətləri ilə əlaqələrinin qurulmasının əsasını da ulu öndər Heydər Əliyev qoymuşdur. Qərblə qurulan əlaqələrdə əsasən siyasət, Şərqlə əlaqələrdə isə iqtisadiyyat mühüm yer tutmuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyevin 7-10 mart 1994-cü ildə Çin Xalq Respublikasına səfəri, əslində Qədim İpək yolunun bərpası və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından müstəsna əhəmiyyətli hadisə idi. Səfər zamanı Çin Xalq Respublikasının müstəqil Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi həmin tarixi dövrün mühüm əhəmiyyətə malik hadisəsi idi.
Çin səfəri çərçivəsində sərmayələrin təşviqi, turizm, elmi-texniki, hava nəqliyyatı əlaqələri, səhiyyə, teleradio sahələrində qarşılıqlı əməkdaşlığa dair imzalanmış sənədlər dövlətlərarası münasibətlərin mühüm bünövrəsini təşkil etmişdir. Ölkə rəhbəri Heydər Əliyevin Pekin İctimai Elmlər Akademiyasındakı nitqində deyildiyi kimi, “Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mühüm addımlar atılmışdır. Bu, dostluq əlaqələrimizin gələcək inkişafının proqramıdır. Bütün bunlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi deməkdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonrakı dörd səfəri isə (mart 2005-ci il, avqust 2008-ci il, avqust 2014-cü il və dekabr 2015-ci il) bu böyük Asiya dövləti ilə əlaqələri daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə genişlənən əlaqələri qədim İpək yolunun Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Dəmir İpək yoluna çevrilməsini təmin etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci ilin 24-28 fevralında Yaponiyaya rəsmi səfəri Azərbaycan Respublikasının Asiya qitəsindəki tərəfdaşlığının daha da genişləndirilməsinə səbəb olmuşdur. Bu səfərdə də Heydər Əliyev Yaponiyanın ölkəmizin ərazi bütövlüyünü tanıması haqqında bəyanatının səslənməsinə nail olmuş, iqtisadi-mədəni əməkdaşlığın yeni üfüqlərini açmışdır. Yaponiyanın məşhur firma və şirkətləri ilə əlaqələrin yaradılması, mühüm sazişlərin bağlanması, neft sektorunda əməkdaşlığın müəyyən olunması o dövr üçün çox mühüm hadisələr idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin yazında Gündoğar ölkəyə – Yaponiyaya rəsmi dövlət səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə qaldırmışdır. Bundan sonra Yaponiya kapitalı Azərbaycanda müxtəlif sahələrdə daha fəal şəkildə iştirak etməyə başlamışdır. Yaponiyanın Azərbaycanda həyata keçirdiyi sosial layihələr qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə güclü təkan vermişdir. İqtisadi sahə və neft sektoru ilə bərabər, turizm və humanitar sahədə Yaponiyanın ölkəmizdə reallaşdırdığı mədəniyyət layihələri dövlətlərarası münasibətləri daha da möhkəmləndirmişdir.
Asiya qitəsində xüsusi mövqeyi olan Cənubi Koreya ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi Şərq ölkələri ilə əlaqələrin genişləndirilməsinə dair Heydər Əliyev strategiyasının bir növ davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə Cənubi Koreyaya səfəri nəticəsində bu ölkə ilə əməkdaşlığın geniş perspektivləri müəyyən olunmuş və konkret proqramlar üzrə işbirliyinə meydan açılmışdır. Hazırda Azərbaycanda informasiya texnologiyaları sahəsində, elektron hökumət layihələrinin formalaşdırılmasında Cənubi Koreya şirkətləri fəal iştirak edirlər.
Azərbaycan Respublikasının Asiyanın “kiçik əjdahaları” hesab olunan Sinqapurla və Malayziya ilə iqtisadi əlaqələrin yaradılması və inkişafı da yeni tarixi epoxanın reallıqlarıdır. Prezident İlham Əliyevin 2012-ci ilin 20-21 noyabrında Sinqapur Respublikasına səfəri və dövlət səviyyəsində aparılan işgüzar danışıqlar, bağlanmış müqavilələr ölkəmizin Asiyadakı mövqelərinin daha da möhkəmlənməsini təmin etmişdir. Respublikamızda gəmiqayırma sənayesinin yenidən qurulmasında Sinqapurun fəal iştirakı beynəlxalq əməkdaşlığımızın yeni və əhəmiyyətli səhifəsidir.
Malayziya Respublikası ilə Azərbaycan dövləti arasında genişlənən əlaqələr də xarici siyasətimizdəki Asiya amilinin inkişafına xidmət edir. Bundan başqa, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikası ilə əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. Hələ Sovet hakimiyyəti illərində Heydər Əliyevin Vyetnam Sosialist Respublikası ilə yaratdığı əlaqələr sonrakı dövrlərdə daha da inkişaf etdirilmiş və 1983-cü ildə onun Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnam Sosialist Respublikasına səfəri tarixi hadisəyə çevrilmişdir.
Bu deyilənlər də göstərir ki, artıq müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində Asiya ölkələri ilə qarşılıqlı əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Əsasları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu münasibətlərdə Asiya amili müasir dövrdə ardıcıllıqla və yaradıcılıqla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə ölkəmiz dünyanın bütün qitələrində, o cümlədən, Asiya qitəsində əməkdaşlığı durmadan genişləndirir.