Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaranmasını tarixi hadisə kimi dəyərləndirib. Həmin dövrü təhlil edərkən xatırladıb ki, xalqımız o vaxt böyük faciələrlə üz-üzə qalmışdı, cəmi bir yaşı olan müstəqilliyimiz təhlükə altında idi: "Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı."
Dövlət başçısı çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi.
Ölkə başçısı həmin dövrü təhlil edərkən 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi ilə həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə yaşandığına da diqqət çəkib və bildirib ki, o vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.
Xalqımızın və dövlətimizin belə taleyüklü problemlər içərisində son dərəcə çarəsiz və ümidsiz qaldığı bir vaxtda yeganə güman yeri vardı. Sıravi vətəndaşlar belə dərk ediridlər ki, xalqı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Ümid yalnız Ulu Öndərə idi. Əlbəttə, xalqımız bu fikrində tam haqlı idi, çünki Heydər Əliyev fenomeni doğma xalqını ən ağır durumdan xilas etməyə, dövlətimizin müstəqilliyini nəyin bahasına olursa-olsun təhlükədən sovuşdurmağa qadir idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda işlədiyi dövrdə həmişə xalqa xidmət etdiyi, hər zaman xalqın qayğıları ilə yaşadığı, həmişə xalqla birlikdə olduğu hamıya məlum idi. Ümummilli liderimiz dahiyanə təşkilatçılıq və idarəetmə bacarığı, doğma xalqına sonsuz sevgisi, insanlarımızı daha xoşbəxt və firavan həyata qovuşdurmaq arzusu ilə yorulmaz fəaliyyəti sayəsində Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər.
Xalqımız onu da bilrdi ki, Ulu Öndər Heydər Əliyevin çalışdığı dövrdə- nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.
Ulu Öndərin xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır.
Bütün bunlara baxmayaraq düşmən oyaq idi və məkrli siyasətini reallaşdırmaq üçün fürsət gözləyirdi. Ulu Öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verməsi onların qol-qanadını açdı. Az sonra erməni separatçılarının Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırması məkrli düşmənin hiyləgər, işğalçı planlarının reallaşdırılması üçün real addımların atılması demək idi.
Torpaqlarımızın işğal olunması, soydaşlarımızın öz doğma yurdlarını tərk etməsi, neçə-neçə faciələr yaşaması xalqımızın taleyindən keçən qara rənglər idi. Ümidlərin getdikcə azaldığı, tükənmək üzərə olduğu bir vaxtda təsis olunmuşdu Yeni Azərbaycan Partiyası.
Prezident İlham Əliyev çıxışında həmin tarixi yada saldı: "YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır."
Tarix onu da yaddaşında saxlayıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı.
Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Dövlət başçısı çıxışında xüsusi vurğulayıb ki, məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq.
İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması, məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir.
İşğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordu quruculuğuna xüsusi diqqət yetirildi və bu istiqamətdə ciddi addımlar atıldı. Bunun nəticəsidir ki, 2020-ci il avqustun 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuz düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti, xalqımızın qürurunu bərpa etdi və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Dövlətimiz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərib, bu gün də həmin sahənin inkişafı, gücləndirilməsi prioritet sayılır.
Ulu Öndərin hakimiyyətə gəlişi ilə uzunmüddətli strateji inkişaf modeli üçün güclü maliyyə imkanlarının yaradılmasına, xarici sərmayələrin ölkəyə qoyulması üçün sabitlik yaradılmasına nail olundu.
Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı.
Prezident İlham Əliyev çıxışında o vaxt atılan addımların və qəbul edilmiş qərarların düzgünlüyünə diqqət çəkərək bildirib ki, bütün bunlar imkan verdi ki, bu gün Azərbaycan müstəqil iqtisadi siyasət aparsın və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özünü təsdiqləsin.
Azərbaycan tarixində 1993-2003-cü illər dövlətçiliyimizin çox möhkəm əsasları qoyulması, sabitlik və inkişaf illəri kimi xarakterizə edilir.
Prezident İlham Əliyev: "Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir."
Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı salınıb.
Dövlət başçısı: "Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər."
Bu, həm də o deməkdir ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək.
Respublika Prezidenti bildirib ki, dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək.
Dövlət başçısı görüləcək işlərdən danışarkən bunları qeyd edib: "İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir."
Respublika Prezidenti İlham Əliyev çıxışında görüləcək işlər sırasında onu da vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.
Yoxsulluq əhəmiyyətli dərəcədə azalması faktı da göstərir ki, ölkə əhalisinin sosial-rifah halı durmadan yaxşılaşır. Prezidentin dediyi kimi, hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir.
Ölkəmizin inkişafını şərtləndirən cəhətlər sırasında gənc nəslin milli ruhda böyüməsi, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiq olması, bütün xalqların bir ailə kimi yaşaması da mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev: "Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır."
1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Bu gün dünyada gedən proseslər göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın böyük təbii sərvətləri və bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Eyni zamanda, neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi də gücləndirdi.
Prezident İlham Əliyev çıxışında bir fakta da diqqət çəkib,- deyib ki, Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və sədrliyin müddəti bir il daha uzadıldı. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribat və böyük cinayətidi. .Ancaq bu təşkilatın üzvləri bu təxribata getmədilər.
Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilmədi.
Ölkəmiz imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstərir. COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir. Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir.
Əsası Ulu Öndər Heydər Əliyev qoyulan bu siyasət günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev: "Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır."
Heydər Əliyev öz siyasi vəsiyyətində başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq deyirdi. Dövlət başçısı çxışında xüsusi vurğulayıb ki, bütün işlərimin mahiyyətində Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək dayanırdı.
Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.
İşğaldan azad edilən torpaqlarımızda aparılan qurucuğuq işlərindən söz açan Prezident İlham Əliyev fərəh hissi ilə qeyd edib ki, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq: "Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!"