28 May – Respublika Günü münasibətilə Şamaxıda video formatda konfrans keçirilib


28 May – Respublika Günü münasibətilə Şamaxıda video formatda konfrans keçirilib. Konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu bildirib, Cümhuriyyətin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
   Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul edildi, ana dilimiz dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
   Konfransda Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyi, Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolunun daim xatırlandığı bildirilib. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etdiyi, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamın, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin milli dövlətçilik tariximizə olan diqqət və qayğının bariz göstəricisi olduğu diqqətə çatdırılıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az