Şamaxı Ağsaqqallar Şurası: İllik Fəaliyyət və Nailiyyətlər Hesabatı


5 iyun 2025-ci il tarixində Şamaxı Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib. 
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayonun nüfuzlu ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları Ümummilli Liderin, vətən uğrunda canından keçmiş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ağsaqqalların ölkənin ictimai-siyasi və mədəni həyatında oynadığı əvəzsiz rolu yüksək dəyərləndirib. O, dövlətin yaşlı nəslə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq, ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsindəki roluna diqqət çəkib.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında konfransın əhəmiyyətini qeyd edib. O bildirib ki, ağsaqqallar tariximizin, dəyərlərimizin daşıyıcıları kimi gənc nəslin tərbiyəsində, ailə institutunun möhkəmləndirilməsində və cəmiyyətin sağlam inkişafında mühüm vəzifə daşıyırlar. Deputat qeyd edib ki, dövlət rəhbərliyinin yaşlı nəslə göstərdiyi diqqət bu sahəyə verilən dəyərin bariz nümunəsidir. O, həmçinin Ağsaqqallar Şurasının regionlarda apardığı fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanovun hesabat məruzəsi dinlənilib. Məruzədə son dövr ərzində həyata keçirilmiş fəaliyyətlər geniş şəkildə təhlil olunub. Gənclərin maarifləndirilməsi, milli ruhda formalaşdırılması, şəhid ailələri və qazilərlə görüşlər, onlara göstərilən maddi və mənəvi dəstək, rayonun ictimai həyatında ağsaqqalların fəal iştirakı xüsusi qeyd olunub. Mayıl Alıcanov bildirib ki, ağsaqqallar öz zəngin təcrübə və biliklərini gələcək uğurlar naminə əsirgəmədən çalışmağa hazırdırlar.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov tədbir iştirakçılarına Şura sədri, professor Eldar Quliyevin və İdarə Heyətinin salamlarını çatdıraraq, hər kəsi qarşıdan gələn Qurban bayramı və Qurtuluş Günü münasibətilə təbrik edib.
O, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın sürətli inkişafından bəhs edib. Eyni zamanda Eldar İbrahimov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpası və qorunmasındakı misilsiz xidmətlərini xatırladaraq, bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Millət vəkili Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna toxunaraq, xüsusilə Prezidentin son Çin səfərinin əhəmiyyətindən, orada keçirilən yüksək səviyyəli görüşlərdən və Azərbaycan, Türkiyə, Pakistan arasında möhkəmlənən qardaşlıq əlaqələrindən geniş şəkildə danışıb.
Eldar İbrahimov həmçinin cəmiyyətimizdə narahatlıq doğuran sosial problemlərə toxunub – erkən nikahlar, boşanmaların artması və gənclər arasında zərərli vərdişlərin yayılması kimi məsələlərdə ağsaqqalların maarifləndirici fəaliyyətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, ağsaqqallar bu problemlərə qarşı mübarizədə aktiv və məsuliyyətli iştirak etməlidirlər.
O, həmçinin Azərbaycan qadınının tarixin bütün mərhələlərində mənəvi-əxlaqi dəyərləri qorumaqda oynadığı rolu yüksək qiymətləndirərək, Ağsaqqallar Şurasının fəaliyyətində qadın üzvlərin təmsilçiliyinin artırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransda təşkilati məsələlərə də baxılıb. Səsvermə yolu ilə İdarə Heyətinə iki ictimai nüfuzlu qadının seçilməsi Şuranın fəaliyyətində gender balansının təmin olunmasına xidmət edən mühüm addım kimi dəyərləndirilib.
Tədbirin ən duyğulu və yaddaqalan anı, 85 illik mənalı ömrünü xalqına, torpağına və mənəvi dəyərlərin qorunmasına həsr etmiş, el arasında müdrikliyi və nüfuzu ilə tanınan Şamaxının ağsaqqalı Mayıl Alıcanovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunması oldu. Bu yüksək mükafat onun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyətin, ictimai xidmətlərinin və qazandığı böyük etimadın təntənəli ifadəsi kimi təqdim olundu. Təltifi təqdim edən millət vəkili, professor Eldar İbrahimov yubilyarı səmimiyyətlə təbrik edərək, Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyevin və İdarə Heyətinin təşəkkür və ehtiram dolu salamlarını çatdırdı.
Sonda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, göstərilən yüksək diqqət və dərin ehtirama görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə səmimi minnətdarlıqlarını ifadə etdilər. Onlar vurğuladılar ki, ölkəmizin mənəvi dayağı olan ağsaqqallar bundan sonra da öz zəngin bilik və həyat təcrübələrini cəmiyyətin rifahı, gənc nəslin sağlam ruhda formalaşması və milli dəyərlərin yaşadılması uğrunda səfərbər etməyə davam edəcəklər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az