15 iyun 2021-ci il – bu tarix təkcə iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, eyni zamanda Cənubi Qafqazın geosiyasi xəritəsində strateji dönüş nöqtəsidir. Həmin gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi, iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəltdi. Sənədin məhz Şuşada imzalanması isə, həm mənəvi baxımdan simvolik anlam daşıyır, həm də regionun gələcəyinə yönəlik qəti siyasi mesaj xarakteri daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı bu sənəd iki ölkə arasında hərtərəfli əməkdaşlığı – siyasi, hərbi, iqtisadi, mədəni və strateji əlaqələri əhatə edir. Bu baxımdan Bəyannamə təkcə ikitərəfli sənəd deyil, həm də türk dünyasının inteqrasiyasına aparan yolda mühüm mərhələdir. Həm də bu sənəd, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarının siyasi təntənəsi, praktik təsdiqidir.
Şuşa Bəyannaməsi beynəlxalq hüquq müstəvisində iki dövlətin müdafiə sahəsində qarşılıqlı yardımını da ehtiva edir. Bu müddəalar göstərir ki, Azərbaycan və Türkiyə yalnız dost və tərəfdaş deyil, eyni zamanda bir-birinin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edən müttəfiqlərdir. Müdafiə sənayesi sahəsində ortaq layihələr, hərbi təlimlər və texnologiya mübadiləsi bu əməkdaşlığın konkret nəticələrindən biridir. Eyni zamanda sənəddə qeyd olunan siyasi məsləhətləşmə mexanizmləri ölkələrin xarici siyasətində uzlaşmanın dərinləşdiyini göstərir.
Bəyannamə ilə Azərbaycanın strateji əhəmiyyətli təşəbbüslərinə də dəstək verilib. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşdırılması region üçün iqtisadi, siyasi və logistik baxımdan böyük dönüş nöqtəsidir. Bu dəhliz təkcə Azərbaycan və Türkiyəni deyil, həm də bütün türk dünyasını birləşdirəcək mühüm magistral olacaq. Bu baxımdan Bəyannamə, türk dövlətlərinin coğrafi baxımdan yaxınlaşmasına, iqtisadi və siyasi inteqrasiyanın sürətlənməsinə ciddi təkan verir.
Şuşa Bəyannaməsinin Beynəlxalq Əks-Sədası: Ənənəvi Şuşa Konfransları
Şuşa Bəyannaməsinin imzalanması təkcə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə yekunlaşmadı, bu sənəd həm də davamlı siyasi diskursun mərkəzinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətində mühüm yer tutan bu sənəd hər il 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində ənənəvi olaraq Şuşada keçirilən beynəlxalq konfranslarla gündəmdə saxlanılır. Bu konfranslar Bəyannamənin ildönümünün qeyd olunmasından daha çox, onun geosiyasi nəticələrinin, Türk dünyasının inteqrasiyasına verdiyi töhfələrin və yeni strateji reallıqların dərin təhlil platformasına çevrilmişdir.
2022-ci il: Strateji Müttəfiqliyin Qafqazda Sülh və Sabitliyə Təsiri
2022-ci ilin 15 iyun tarixində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən “Azərbaycan–Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans Bəyannamənin ilk ildönümünə həsr olundu. Konfransda regionda yaranan yeni reallıqlar, 44 günlük Vətən müharibəsindən sonra formalaşan güc balansı və Azərbaycan–Türkiyə strateji tandemi ətrafında müzakirələr aparıldı. Tədqiqatçılar, siyasətçilər və diplomatlar bu münasibətlərin regionun təhlükəsizlik arxitekturasında əsas sütunlardan birinə çevrildiyini vurğuladılar. Türkiyə ilə müttəfiqlik əlaqələrinin siyasi, iqtisadi və hərbi sahələrdə konkret nəticələr doğurduğu qeyd edildi.
2023-cü il: “Qurtuluşdan Zəfərə” – Tarixi İrsin Geosiyasi Daşıyıcısı
2023-cü ilin iyunun 15-də, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən və Milli Qurtuluş Gününə, eləcə də Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda beynəlxalq konfrans isə Bəyannamənin ideoloji və tarixi əsaslarına fokuslandı. Konfransda ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün İlham Əliyev tərəfindən necə uğurla davam etdirildiyi və Şuşa Bəyannaməsinin bu kursun zirvəsi kimi qiymətləndirilməsi vurğulandı. Eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin xilası, ordunun gücləndirilməsi, regional liderliyə doğru yüksəlişi kimi strateji istiqamətlərdə Şuşa Bəyannaməsinin roluna dair geniş fikir mübadiləsi aparıldı.
2024-cü il: Türk Dünyasının Geosiyasi Gələcəyi və Qlobal Çağırışlar
2024-cü ilin 15 iyununda keçirilən növbəti beynəlxalq tədbir – “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” adlı konfrans – Şuşa Bəyannaməsinin artıq təkcə ikitərəfli Azərbaycan–Türkiyə münasibətlərindən ibarət olmadığını, onun Türk Dövlətləri Təşkilatının inteqrasiyasında əsas siyasi dayaq nöqtəsinə çevrildiyini təsdiqlədi. Konfransda iştirak edən ekspertlər Orta Asiya, Qafqaz və Avropa arasında yeni geopolitik bağlantılar, qlobal enerji və logistika böhranları fonunda Türk dünyasının ortaq strateji hədəflərini təhlil etdilər. Bu tədbir Bəyannamənin artıq yalnız tarixi sənəd deyil, həm də davamlı siyasi və institusional proseslərin katalizatoru olduğunu bir daha sübut etdi.
Bu konfranslar yalnız sənədin ildönümünü qeyd etmək məqsədi daşımır. Onlar həm də bölgədə və dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan–Türkiyə münasibətlərinin gələcəyinə dair strateji müzakirə meydanına çevrilmişdir. Hər il dövlət və hökumət rəsmiləri, nüfuzlu siyasətçilər, beynəlxalq ekspertlər və media nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirlər Şuşanı təkcə mədəniyyət yox, eyni zamanda geosiyasi dialoq mərkəzinə çevirmişdir.
Tarixin təkrarı yox, davamı var – Şuşada imzalanan Bəyannamə də məhz bu baxışın məhsuludur. Qars müqaviləsindən yüz il sonra eyni ideya xəttinin davamı olaraq yenə də iki qardaş ölkə arasında bağlanan razılaşma həm tarixə ehtiramın, həm də gələcəyə baxışın rəmzidir. Bu sənəd zəfərin məntiqi nəticəsi, sülh və təhlükəsizliyin möhkəm dayağıdır.
Bu gün Şuşa Bəyannaməsi artıq sadəcə siyasi sənəd deyil. O, Azərbaycan və Türkiyənin birgə strateji baxışının, türk dünyasının geosiyasi gələcəyinə olan ortaq iradəsinin hüquqi ifadəsidir. Onun ətrafında formalaşan konfranslar, qərarlar və inteqrasiya təşəbbüsləri bu sənədin uzunmüddətli və çoxşaxəli təsirini bir daha sübut edir.
Bəli, Şuşa Bəyannaməsi – birgə tariximizin zirvəsi, ortaq gələcəyimizin xəritəsidir.
