26 İyun – Silahlı Qüvvələr Günü: Azərbaycan Ordusunun Qələbə və Zəfər tarixi » Shirvanqazeti.az - Şirvan Qəzeti

26 İyun – Silahlı Qüvvələr Günü: Azərbaycan Ordusunun Qələbə və Zəfər tarixi


Ulu Öndər Heydər Əliyevin 1996-cı il 2 fevral tarixində söylədiyi bu fikirlər bu gün də Azərbaycan dövlətçiliyinin hərbi-siyasi fəlsəfəsində mühüm yer tutur:
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”
Azərbaycan tarixinin çətin və şərəfli mərhələlərindən keçərək formalaşan ordumuz bu gün müstəqil dövlətçiliyimizin qürur mənbəyidir. Bu ordu, yalnız silahlı qüvvə deyil, həm də xalqımızın milli iradəsinin, birlik və bütövlüyünün təcəssümüdür.

AZƏRBAYCAN ORDUSUNUN ƏSASLARININ QOYULMASI VƏ FORMALAŞMASI ULU ÖNDƏR HEYDƏR ƏLIYEVİN ADI İLƏ BAĞLIDIR
1969-cu ildə Azərbaycana rəhbərliyə gəlməsi ilə hərbi kadrların hazırlanmasında böyük dönüş baş verdi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması hərb sənətinə marağın artmasına və milli zabit kadrların yetişdirilməsinə imkan verdi. Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin müxtəlif hərbi ali məktəblərində təhsil almağa başladı ki, bu da müstəqil dövlətin güclü ordusunun əsaslarının atılmasında mühüm mərhələ oldu.
Müstəqilliyin ilk illərində Azərbaycanda nizami ordu anlayışı demək olar ki, yox idi. Silahlanmış dəstələr müxtəlif siyasi qüvvələrin nəzarətində idi və Ermənistanın hərbi təcavüzü qarşısında ölkə müdafiəsiz qalmışdı. Xaos və qarışıqlıq hökm sürürdü. Xalqın çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu istiqamətində qətiyyətli addımlar atdı. Milli orduya vahid komandanlıq, nizam-intizam və yüksək döyüş qabiliyyəti aşılandı.
1998-ci il 22 may tarixində Ulu Öndərin fərmanı ilə 26 İyun – 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – Silahlı Qüvvələr Günü kimi təsbit edildi. Bu, həm tarixi yaddaşın bərpası, həm də müasir orduya verilən siyasi və mənəvi dəyərin rəsmi ifadəsi oldu.
Heydər Əliyevin rəhbərliyi ilə hərbi təhsil sistemində köklü islahatlar aparıldı. 1999-cu ildə Hərbi Akademiyanın, 2001-ci ildə isə Azərbaycan Ali Hərbi Məktəbinin yaradılması, Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin fəaliyyətə başlaması milli ordunun zabit kadr potensialının yüksəlməsində yeni mərhələ oldu. Bu addımlar ordunun bilik və vətənpərvərlik təməlləri üzərində qurulmasını təmin etdi.
1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Ardınca beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində “Planlaşdırma və analiz prosesi” və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qatıldı. Azərbaycan hərbçiləri Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak edərək həm təcrübə qazandılar, həm də ordunun beynəlxalq nüfuzunu artırdılar.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV: “GÜCLÜ ORDU – GÜCLÜ DÖVLƏTİN TƏMİNATÇISIDIR”
Azərbaycan Respublikasının hərbi quruculuq fəlsəfəsinin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası və milli təhlükəsizlik anlayışı dayanır. O, bütün fəaliyyətində Silahlı Qüvvələrin formalaşdırılmasını və möhkəmləndirilməsini dövlət müstəqilliyinin əsas dayağı hesab edirdi.
Heydər Əliyevin fikrincə, Azərbaycan Ordusunun mövcudluğu hücum məqsədilə deyil, ölkənin ərazi bütövlüyünü qorumaq və müstəqilliyini daim təmin etmək üçün zəruridir:
“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik... Öz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü təmin etmək istəyirik.”
1993-cü ildən sonra ordu quruculuğuna verilən önəm nəticəsində nizami, peşəkar və müasir texnika ilə təchiz edilmiş Silahlı Qüvvələr formalaşdı. Ulu Öndər bu prosesi belə ifadə etmişdi:
“1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.”
O, hər zaman vurğulayırdı ki, güclü və intizamlı ordu olmadan dövlətin təhlükəsizliyi və müstəqilliyi təhdid altında qala bilər:
“Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.”
Ulu Öndər üçün ordunun ideoloji gücü də ön planda idi. O, əsgər və zabitlərin yüksək mənəviyyata, vətənə sədaqətə malik olmasını ordu quruculuğunun əsası hesab edirdi:
“Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir... Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın.”
Ulu Öndərin prinsipial mövqeyi belə idi: ordu ilə xalqın birliyi dövləti sarsılmaz edir:
“Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir.”
Bu gün Prezident İlham Əliyev məhz həmin ordu siyasətini müasir tələblərə uyğun davam etdirir. Müasir texnologiyaların tətbiqi, komando birliklərinin yaradılması, hərbi sənaye kompleksinin inkişafı, beynəlxalq hərbi əməkdaşlıq və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Ulu Öndərin irsinin praktiki nəticələridir.
Azərbaycan ordusu bu gün regionun ən güclü silahlı qüvvələri sırasındadır. Bütün bunlar bir həqiqəti sübut edir: Heydər Əliyev məktəbi üzərində qurulmuş ordu siyasəti Azərbaycanın sabitliyi, təhlükəsizliyi və gələcəyi üçün möhkəm təminatdır.

TARİXİ ƏDALƏT DÖYÜŞ MEYDANINDA BƏRPA OLUNDU
26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın milli qürur və əzəmət günüdür. Bu tarix müstəqilliyimizin və təhlükəsizliyimizin rəmzi, xalq-ordu birliyinin simvoludur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2021-ci il 26 iyun tarixində çıxışında bildirmişdir:
“İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.”
Bu fikirlər Azərbaycanın uzun illər işğal altında qalan torpaqları ilə bağlı qətiyyətli mövqeyini ifadə edir. Prezident əlavə etmişdir:
“Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.”
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında, tarixi ədalətin bərpasında dönüş nöqtəsi oldu. Bu, həm siyasi, həm də hərbi qələbə idi.

ORDU QURUCULUĞUNUN TARİXİ – HEYDƏR ƏLİYEV SİYASƏTİNİN DAVAMI
Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan ordusunun əsaslarının qoyulması və möhkəmləndirilməsi ilə sıx bağlıdır. 1969-cu ildən etibarən onun rəhbərliyi dövründə hərbi kadrların hazırlanması sahəsində ciddi dönüş baş verdi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması ilə milli zabit kadrların yetişdirilməsi üçün zəmin yarandı. 1993-cü ildə Azərbaycanın çətin, xaotik vəziyyətində hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda nizami ordu quruculuğuna start verdi, döyüş qabiliyyəti zəif olan ordunu peşəkar və qüdrətli gücə çevirdi. 1998-ci ildə 26 İyun tarixi Silahlı Qüvvələr Günü kimi təsbit olundu və bu, milli ordunun tarixi və mənəvi simvoluna çevrildi.
Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
2017-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun ordumuzun idarə edilməsinin hüquqi əsaslarını möhkəmləndirdi. Eyni zamanda ölkədə genişmiqyaslı hərbi sənaye kompleksi quruldu, milli müdafiə üçün lazım olan silah və texnikanın istehsalı artırıldı. Müdafiə büdcəsinin illik artımı və hərbi qulluqçuların sosial müdafiəsinin yüksəldilməsi, mənzillərlə təmin olunması da orduya əlavə dəstək verir.
2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini göstərdi. Xüsusilə, 44 günlük müharibədə Azərbaycanın ordusu 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat düşmənin kapitulyasiyasını rəsmiləşdirdi və Azərbaycanın hərbi-siyasi mövqeyini möhkəmləndirdi.
2023-cü il 19 sentyabrda Azərbaycan dövləti tarixində növbəti parlaq səhifə yazıldı. Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat və terror aktlarına qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Bu tədbirlər cəmi 23 saat 43 dəqiqə davam etdi və nəticə olaraq separatçılar təslim olmağa məcbur oldular. 20 sentyabr saat 13:00-da tam atəşkəs əldə edildi. Bununla da Azərbaycan öz Konstitusiya quruluşunu tam bərpa etdi və Qarabağda suverenliyini tam şəkildə təmin etdi.
Bu, Azərbaycan əsgərinin qətiyyətinin, dövlət rəhbərliyinin prinsipial mövqeyinin və xalqımızın sarsılmaz iradəsinin nəticəsi idi.
İstər 44 günlük Vətən müharibəsində, istərsə də sonrakı bütün hərbi əməliyyatlarda Azərbaycan əsgəri şücaət, əzm və vətən sevgisinin ən ali nümunəsini nümayiş etdirdi. Heç bir fərari yox idi – əksinə, yaralı əsgərlər belə xəstəxanalardan döyüş meydanına qayıtmaq üçün yalvarırdılar. Onların dili ilə desək: “Biz öz missiyamızı başa vurmalıyıq.” Bu ruh və əzm bizim ordumuzu güclü, xalqımızı məğrur, dövlətimizi qalib etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə əldə olunan qələbənin əbədiləşdirilməsi üçün yeni orden və medallar təsis olundu. “Zəfər” və “Qarabağ” ordenləri, o cümlədən 15 yeni medal – işğaldan azad edilən rayonların adlarını daşıyan mükafatlar şəhidlərin xatirəsini uca tutmaqla bərabər, qəhrəmanlarımızın xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Bu mükafatlar təkcə bir rəmz deyil, həm də gələcək nəsillər üçün qalib xalqın yaddaş kitabıdır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı dağıdılmış, viran qoyulmuş 10 min kvadratkilometrlik torpaqlarda yeni həyat qurur. Azad edilmiş şəhər və kəndlərimizdə infrastruktur layihələri, bərpa işləri və şəhərsalma proqramları ilə paralel olaraq Zəfər və İşğal muzeyləri inşa edilir. Bu muzeylər Azərbaycanın yaşadığı faciələri, qəhrəmanlıq salnaməsini və tarixi ədalətin bərpasını gələcək nəsillərə çatdırmaq üçün yaradılır.

KOMANDO HƏRBİ HİSSƏLƏRİ – MÜASİR DÖYÜŞ GÜCÜMÜZ
Vətən müharibəsində qazanılan təcrübə göstərdi ki, yüksək dağlıq ərazilərdə, mürəkkəb döyüş şəraitində çevik və yüksək hazırlıqlı xüsusi təyinatlı bölmələrə ehtiyac var. Məhz bu səbəbdən Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələri yaradıldı. Bu bölmələr qısa müddətdə formalaşaraq ən çətin döyüş və antiterror əməliyyatlarını icra etmək iqtidarında oldu.
2021-ci ilin 24 dekabrında Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando briqadasının açılışında Prezident İlham Əliyev bəyan etdi:
“Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar... Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”
“GÖRÜNMƏDƏN GÖRMƏK, ÖLMƏDƏN DÖNMƏK” – KOMANDOLARIN RUHU
Komando adını qazanmaq üçün hərbi qulluqçular çox ciddi təlim və kurslardan keçirlər. Bu təlimlər dərin qarda, çətin relyefdə, hava-desant, su üstü və şəhər mühitində keçirilən əməliyyat mərhələlərini əhatə edir. Komando döyüşçüsü yalnız fiziki baxımdan yox, mənəvi və psixoloji baxımdan da ən yüksək səviyyədə yetişdirilir. Onlar "görünmədən görmək, ölmədən dönmək" şüarını öz fəaliyyətlərinin devizinə çeviriblər.
2023-cü il 23 iyun tarixində Prezident İlham Əliyev komando hərbi hissələrindən birinə Döyüş bayrağını təqdim edərkən bu sözləri dedi:
"Azərbaycan Silahlı Qüvvələrinin strukturunda xüsusi təyinatlı qüvvələrin sayı və imkanları dəfələrlə artırılıb."
Bu, həm dövlətin təhlükəsizlik siyasətinin sistemli şəkildə qurulduğunu, həm də ordunun döyüş qabiliyyətinin daim yüksəldildiyini göstərir. Komando bölmələri ilə yanaşı, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, DTX və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da yeni mərhələyə qədəm qoyublar.
Milli Müdafiə Universitetinin yaradılması orduda yüksək ixtisaslı və müasir təhsil almış kadrların formalaşması istiqamətində önəmli addımdır. Bu ali təhsil müəssisəsi Türkiyə ordusu modeli əsasında fəaliyyət göstərir, yeni proqramlar və təlimlər sayəsində hərbçilərin peşəkarlıq səviyyəsini yüksəldir. Eyni zamanda, yeni hərbi formasiya kimi yaradılan Komando briqadaları ordumuzun döyüş qabiliyyətini artırır.

AZƏRBAYCAN ORDUSUNUN TÜRKİYƏ SILAHLI QÜVVƏLƏRİ MODELİNƏ UYĞUNLAŞDIRILMASI
Qardaş Türkiyə Respublikası Azərbaycanın ən etibarlı tərəfdaşı və strateji müttəfiqi olmaqla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və zəngin döyüş təcrübəsi Azərbaycan Ordusunun inkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi formalaşaraq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu istiqamətdə ordunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə sistemi təkmilləşdirilib və əməliyyat qabiliyyəti yüksəldilib.
Şuşa Bəyannaməsində Strateji Tərəfdaşlıq və Hərbi Əməkdaşlıq üzrə Əsas Maddələr:
Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir hərbi standartlara uyğun yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərini davam etdirəcəklər.
Müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə şəxsi heyətin mübadiləsi, birgə təhsil və təlimlərin təşkili, həmçinin silahlı qüvvələrin birgə fəaliyyətinin artırılması təmin olunacaq. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyir.
Milli və beynəlxalq öhdəliklər nəzərə alınmaqla, dəniz, hava və kosmos sahələrində texnologiya mübadiləsi həyata keçiriləcək, müştərək qabiliyyətlərin inkişafı üçün birgə layihələr təşviq olunacaq. Hər iki tərəf müdafiə sənayesi texnologiyalarının inkişafına dəstək verəcək, silah və sursatların təchizatını təmin edəcək, istehsal texnologiyalarını qarşılıqlı paylaşacaq, yeni istehsal sahələrinin yaradılması, tədqiqat və istehsalat işlərinin birgə həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirəcək.
Tərəflər bildirirlər ki, inkişaf etdirilən hərbi-siyasi əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarına xidmət edir və üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

AZƏRBAYCAN-TÜRKİYƏ STRATEJİ HƏRBİ TƏRƏFDAŞLIĞI VƏ ORDU QURUCULUĞUNDA YENİ DÖVR
Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin hərbi əməkdaşlığında yeni mərhələ açdı. Bəyannamədə hər iki tərəf öz silahlı qüvvələrinin müasir tələblərə uyğun yenidən qurulması və modernləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi öhdəliyini götürüb. Tərəflər şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi, müasir silah və texnologiyaların idarə olunmasında əməkdaşlıq kimi sahələrdə əlaqələri daha da gücləndirirlər. Bu əməkdaşlıq həmçinin dost ölkələrin birgə təlimlərinə dəstək verməklə regional təhlükəsizliyə müsbət təsir göstərir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında yenidən qurulur. Bu strategiya ordumuzun döyüş qabiliyyətini və hərbi-texniki səviyyəsini yüksəltməklə yanaşı, Türkiyə ilə hərbi sənaye sahəsində əməkdaşlığı da dərinləşdirir. Hər iki ölkənin müdafiə sənayesi kompleksləri birgə layihələr həyata keçirərək müasir texnologiyaların tətbiqini genişləndirir, daxili və beynəlxalq bazarlarda rəqabətqabiliyyətli məhsullar təqdim edirlər.
Azərbaycan müasir geosiyasi mühitdə milli maraqlarını nəzərə alaraq beynəlxalq hərbi əməkdaşlığı genişləndirir. Türkiyə ilə yanaşı, Rusiya, Gürcüstan, ABŞ, İsrail, Pakistan kimi ölkələrlə hərbi-texniki və hərbi-siyasi əlaqələr inkişaf etdirilir. Xüsusilə İsrail ilə hərbi sahədə münasibətlər sürətlə inkişaf edir, pilotsuz uçuş aparatları, raket sistemləri və tankların modernizasiyası kimi mühüm layihələr reallaşdırılır. Pakistan isə Azərbaycan üçün mühüm strateji tərəfdaş kimi beynəlxalq platformalarda dəstək verir.
Azərbaycan Ordusunun uğurlarının əsas amillərindən biri müasir müharibə tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Milli Müdafiə Universiteti və ona bağlı hərbi kolleclər müasir tədris proqramları ilə gənclərin hərbi təhsilə marağını artırır. Dövlət tərəfindən kursantlara maddi dəstək, sosial təminat və məzunlara güzəştli ipoteka kreditləri kimi imtiyazlar təqdim edilir. Bu addımlar Azərbaycanın gələcəkdə də güclü, hazırlıqlı və vətənpərvər orduya malik olmasını təmin edir.
Ali Baş Komandan İlham Əliyevin fikrincə, “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.” Son illərdə ordumuzun müasir texnika ilə təchizatı, taktiki təlimlər və döyüş təcrübəsi Azərbaycan Silahlı Qüvvələrini regionda və dünyada nüfuzlu qüvvələr sırasına çıxarıb. 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və peşəkarlıq Azərbaycan xalqının qürur mənbəyidir.
Azərbaycan ordusu təkcə müdafiə gücü deyil, həm də dövlətin sabitliyinin və suverenliyinin ən vacib təminatçısıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həm döyüş qabiliyyəti, həm də sosial-məişət şəraiti davamlı yaxşılaşdırılır.
Azərbaycan və Türkiyə arasında strateji hərbi əməkdaşlıq, müasir ordu quruculuğu strategiyası, beynəlxalq əlaqələr və kadr hazırlığı sahəsində atılan məqsədyönlü addımlar Azərbaycanın müdafiə potensialını gücləndirir, regionda sülh və təhlükəsizliyin təminatçısı kimi mövqeyini möhkəmləndirir. Bu istiqamətdə görülən işlər, qazanılan zəfərlər və ordumuzun inkişafı gələcəyə inamla baxmağa əsas verir.

PREZİDENT İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN ORDUSUNUN GÜCÜ
44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə Azərbaycanın hərbçilərinin peşəkarlığının və qəhrəmanlığının nəticəsidir. “Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb,” – deyərək, ordumuzun və xalqımızın birliyini vurğulayır.
“Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik.” Bu qürur dolu sözlər göstərir ki, Azərbaycan ordusu artıq dünya miqyasında ən güclü və hörmətli ordulardan biridir.
Prezident İlham Əliyevin dediyi kimi, “Bizim ordumuz bizim qürurumuzdur,” və “Güclü dövlətin güclü ordusu olmalıdır.” Bu, həm də Azərbaycanın gələcəyi üçün əvəzolunmaz zəmanətdir.
“Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi,”
Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”; – sözləri Azərbaycan xalqının ruh yüksəkliyini və dövlətimizin möhkəmliyini ifadə edir.
Azərbaycan ordusu təkcə silahlı qüvvə deyil, həm də xalqın iradəsinin, milli qürurunun və vətənpərvərlik ruhunun canlı təcəssümüdür. Prezidentin bu ifadələri Azərbaycan dövlətçiliyinin hərbi-siyasi möhkəmliyinin bariz nümunəsidir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az