MƏNİM MÜKAFATIM- MƏNİM SEVİNCİM


Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbir keçirilib

Əvvəlcə Partiyanın Mərkəzi Qərargahında müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabr ayının əlamətdar hadisələrlə zəngin olduğunu bildirib. 8 Noyabr - Zəfər Gününün əhəmiyyətindən bəhs edən YAP Sədrinin müavini deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərin qazanılmasında müstəsna rolu olan və böyük şücaət göstərmiş qəhrəman Vətən övladlarını Azərbaycan xalqı heç zaman unutmayacaq, bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edəcək. Bu günlərdə 9 Noyabr - Dövlət Bayrağı Gününün xalqımız tərəfindən qürurla qeyd edildiyini xatırladan YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə üçrəngli Bayrağımızın dalğalanması hər bir vətəndaşımız üçün iftixar mənbəyidir. Eyni zamanda, 12 Noyabr – Konstitusiya Gününün və 17 Noyabr - Milli Dirçəliş Gününün tarixi əhəmiyyətə malik olduğunu deyən Tahir Budaqov əlavə edib ki, 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaradılması çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindəndir.

Tahir Budaqov bildirib ki, şanlı Qələbəyə gedən yol xalqın iradəsi ilə güclü lider və dahi şəxsiyyətin – ulu öndər Heydər Əliyevin ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması ilə başladı: “30 il əvvəl yaradılan Yeni Azərbaycan Partiyası o dövrdə respublikamızda siyasi sistemin formalaşmasında və inkişafında müstəsna rol oynadı, eləcə də demokratik proseslərin, sivil siyasi mübarizənin əsasını qoydu. Partiyamızın yarandığı gündən bir neçə ay sonra xalqın etimadı ilə hakimiyyətə gəlməsi isə dünya siyasi tarixində nadir hadisələrdən biridir. Bilirsiniz ki, YAP-ın yarandığı dövrdə Azərbaycanda dərin siyasi və iqtisadi böhran hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamız ağır humanitar fəlakətlə üz-üzə qalmışdı. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, müdrik siyasəti və titanik fəaliyyəti sayəsində siyasi xaosun, iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının qarşısı alındı və respublikamız inkişaf yoluna qədəm qoydu. Xalqımız haqlı olaraq o dövrü qurtuluşdan tərəqqiyə aparan tarixi dönəm kimi səciyyələndirir. Çünki bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanı təlatümlərdən xilas etdi, ölkəni regional və beynəlxalq təcrid vəziyyətindən çıxardı, nəticə etibarilə respublikamız dünya birliyində öz layiqli yerini tutdu”.

YAP Sədrinin müavini söyləyib ki, Azərbaycanın iqtisadi imkanlarının artması güclü ordu quruculuğuna da əhəmiyyətli təsir göstərdi. Bu amil qələbəyə aparan yolda müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2003-cü ildə dövlətimizin başçısı, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində tarixi Zəfər əldə olundu. Bu gün qalib xalqın nümayəndələri olaraq hər birimiz fəxarət hissi keçiririk.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirildiyini vurğulayan Tahir Budaqov fərdi yazı müsabiqəsinin önəmindən bəhs edib: “Təqdim olunmuş məqalələrdə müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, ulu öndər Heydər Əliyevin tarixi missiyası və xalqımız qarşısındakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, partiyamızın inkişaf yolu geniş əks olunub. Qərəzsiz mövqe ortaya qoymaq hər bir vətəndaş kimi jurnalistlərin də borcudur. Bu, dövlətçilik qarşısında xidmətin bir nümunəsidir. Mətbuat dünyada “dördüncü hakimiyyət” hesab olunur. Çünki ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rolu var. Ona görə də mətbuatın fəaliyyətində milli maraqlar daim öndə olmalıdır”.

YAP Mərkəzi Aparatının rəhbəri müsabiqədə qalib olan jurnalistləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə mətbuatın cəmiyyətin inkişafındakı rolundan danışıb. O qeyd edib ki, bütün insanlar, o cümlədən jurnalistlər tutduqları vəzifədən, peşəsindən asılı olmayaraq ümummilli məsələlərdə daim vətəndaş mövqeyi ortaya qoymalıdırlar. YAP Veteranlar Şurasının sədri müsabiqənin qaliblərini təbrik edib.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsi sentyabrın 5-dən oktyabrın 7-dək davam edib. Daxil olmuş məqalələr Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və yekun ballara əsasən nəticələr müəyyən olunub. Müsabiqənin şərtlərində əks olunduğu kimi, bir nəfər I, iki nəfər II, üç nəfər isə III yer üzrə qalib olub. On nəfər müsabiqə iştirakçısı isə həvəsləndirici yer üzrə mükafata layiq görülüb.

Çıxış edən Müsabiqə Komissiyasının üzvləri – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd ediblər ki, yazıların qiymətləndirilməsi zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq dərəcəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist məsuliyyəti, ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürülüb və obyektivlik tam təmin olunub. Çap mətbuatı ilə yanaşı, onlayn media subyektlərinin, həmçinin regionlarda fəaliyyət göstərən mətbu orqanların nümayəndələri müsabiqəyə ciddi maraq göstəriblər.

Tədbirdə müsabiqənin qaliblərindən “Şərqin səhəri” qəzetinin baş redaktoru Muxtar Rzazadə, “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov və “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinin işıqlandırılmasında fərdi yazı müsabiqəsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, müsabiqənin nəticələrinə görə, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova I yerə layiq görülüb. İkinci yerin qalibləri Muxtar Rzazadə (“Şərqin səhəri” qəzeti) və Günel Abbasova (“Yeni Azərbaycan” qəzeti), üçüncü yerin qalibləri isə Elçin Mehdiyev (Trend İnformasiya Agentliyi), Sevinc Qarayeva (“525-ci qəzet”) və İlkin Nəcəfzadə (“AzVision.az” internet saytı) olub.

Həvəsləndirici mükafatlara isə Mətləb Salahov (“Səs” qəzeti), Zahid Rza (“İki sahil” qəzeti), Aysel Aslan Turan (Modern.az internet saytı), Nazim Hüseynov (“Oğuz yurdu” qəzeti), Yeganə Bayramova (“Yeni Azərbaycan” qəzeti), Əli İbrahimov (BayMedia.az internet saytı), Könül Məmmədova (“Şirvan” qəzeti), Ramiz Cürənov (APA İnformasiya Agentliyi), Rufik İsmayılov (“Kaspi” qəzeti) və Əli Əliyev (“Xalq qəzeti”) layiq görülüb.

                                                   MƏNİM MÜKAFATIM- MƏNİM SEVİNCİM

Mükafat alanlar sırasında olmaqdan çox qürur duydum. Jurnalist üçün onun yazısına dəyər verilməsindən, qiymətləndirilməsindən gözəl nə var? Bir də ona görə fərəhləndim ki, bu mükafata üzvü olduğum partiyanın- cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində layiq görüldüm. 

Müsabiqə üçün göndərdiyim yazıda Yeni Azərbaycan Partiyasının yarandığı dövrə qısa nəzər yetirdim, həmin vaxt ölkəmizin ictimai-siyasi həyatında necə ağır dövr olduğunu, hər yanda anarxiya, hərc-mərclik hökm sürdüyünü, dövlətçiliyimizin təhlükədə olduğunu oxuculara çatdırmağa çalışdım. Ümummilli Liderimiz Heydər Əliyevin banisi olduğu bu siyasi təşkilatın  belə bir dövrdə xalqımıza necə ümid yeri olduğunu, həmin vaxtdan bu günə kimi dövlətçiliyimizin keşiyində dayanmaqda davam edən böyük gücə, qüvvəyə, təcrübəyə malik siyasi qüvvəyə çevrildiyini xüsusi qeyd etdim.
   
Yeni Azərbaycan Partiyası ümidləri doğruldan, ölkəmizin iqtisadi-sosial, elmi tərəqqsində, dövlətçiliyimizin təməllərinin möhkəmlədirilməsində, cəmiyyətdə sosial sabitliyə nail olunmasında, humanizm və ədalət prinsiplərinin  qorunmasında aparıcı rolu, ən nəhayət, xalqımızın 30 illik həsrətinə son qoyub, Böyük Zəfərə qovuşmasında böyük xidməti olan partiyadır. 

Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbirdə hər birimiz bu qüruru birlikdə yenidən yaşadıq. 

Mən yazıma verilən dəyərə görə YAP Mərkəzi Aparatına dərin minnətdarlığımı bildirir, müsabiqədə fərqlənən qələm yoldaşlarıma, eləcə də bütün jurnalist həmkarlarıma işlərində uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram. 

                                                        Könül Məmmədova
                                          "Şirvan" qəzetinin baş redaktoru   
                                                        Tərəqqi medallı


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az