Şamaxıda Qurtuluş Günü: Sabitlik, tərəqqi və milli həmrəyliyin təntənəsi » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Qurtuluş Günü: Sabitlik, tərəqqi və milli həmrəyliyin təntənəsi


15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda anım tədbiri keçirilib. Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı və Şamaxı Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon ictimaiyyəti, partiya fəalları, dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Şamaxı Regional “ASAN xidmət”in direktoru Elçin Hacağayev 15 İyun tarixinin Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu gün ölkənin müasir tarixində dönüş nöqtəsi olmaqla, sabitliyin bərpası, milli həmrəyliyin formalaşması və hüquqi dövlət quruculuğunun əsasını qoymuş bir gündür.
Çıxışlarda qeyd olunub ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi və sosial böhran, vətəndaş qarşıdurması təhlükəsi, dövlət institutlarının iflic vəziyyətə düşməsi müstəqilliyin itirilməsi riskini artırmışdı. Məhz belə bir çətin dövrdə xalqın israrlı tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi sistemində sabitlik yaratdı, dövlətçilik ideyasının dirçəlişinə səbəb oldu və ölkənin inkişaf yoluna çıxmasına zəmin yaratdı.
Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması və regional liderliyə yüksəlməsi bu siyasi xəttin davamlı və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir.
Tədbirin sonunda ictimai fəallıqları ilə seçilən əməkdaşlar və partiya üzvləri Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar. Eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bu mərasim gənc nəslin milli ideologiyaya, dövlətçilik prinsiplərinə və ümummilli dəyərlərə sadiqliyinin göstəricisi kimi xüsusi rəmzi məna daşıyıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az