booked.net

Prezident İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib


2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.

2003-cü il oktyabrın 1-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. 


Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.


Cənab İlham Əliyevin ilk dəfə  Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 illik zaman keçir. Bu illər ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Cənab İlham Əliyevin fəaliyyətinə nəzər salsaq görərik ki, müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. 


Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.


Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.


Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.


Liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz Prezident İlham Əliyevin xarakterindəki yüksək liderlik keyfiyyətlər sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.


Dövlətimizin başçısı İlham Əliyev funksional baxımdan “bayraqdar”, yəni, ali və nəcib keyfiyyətlərə sahib, mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, "faydalı", yəni, özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, "təmsilçi", sahib olduğu bütün resurslardan təmsil etdiyi xalqın mənafeyi üçün istifadə edən liderdir.


Prezident İlham Əliyev hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə həm də xarizmatik və rasional-leqal liderdir. Yəni, pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, natiqlik və ünsiyyətcillik məharəti ilə, eyni zamanda, ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir.


Bu illər ərzində cənab İlham Əliyev təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıq nümayiş etdirdi. Dövlətimizin başçısı beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. Ölkə başçısı “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.


Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. 


Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlətin formalaşmasına yönələrək səmərəli, effektiv nəticələrlə müşayiət olunub. Hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə yüksəldilərək ardıcıl davam etdirilir. Son illər dövlət idarəetməsində həyata keçirilən islahatların hakimiyyətin bütün qollarını əhatə etməsi, məhkəmə-hüquq sistemində baş verən yeniliklər, müxalifət partiyaları ilə konstruktiv siyasi dialoqun aparılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanın hüquqi-demokratik dövlət kimi əsaslarını daha da möhkəmləndirib.


İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.


Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkə başçısının apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Təkcə son bir il ərzində Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən iki böyük sosial paket vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Birinci və ikinci dəfə 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə artırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən çox tələbə və gəncin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunmağa başladı və bu da 1 milyondan çox insanı əhatə edir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək.


Dövlətimizin başçısı Azərbaycanın milli-mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, zaman-zaman azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib. 


Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi fikirlər yada düşür: "Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində, mehriban şəraitdə yaşayırlar. Mən çox şadam ki, son beş il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənmiş, Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olmuşdur və bütövlükdə cəmiyyət çox aydın görür Azərbaycan hansı istiqamətdə irəliləyir".


Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.


Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.


Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.


2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. 


Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprelində Ermənistan hərbi qüvvələrinin təxribatına qarşı həyata keçirdiyi əks-hücumlarda nümayiş etdirdi. 2016-cı il okt­yabr ayının 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olun­muş təntənəli mərasimdəki çıxışında cənab İlham Əliyev ordu quruculuğu sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirərək deyirdi: “Ordu qu­ruculuğu sahəsində Azərbaycanda böyük addımlar atılıb və bu iş davam etdirilməkdədir”.


Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində  Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçünAzərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.


Müasir dünyada enerji istehlakının kəskin şəkildə artması ilə enerji mənbələrinin əldə edilməsi dövlətlərin əsas siyasi məqsədlərinə və hədəflərinə çevrilməkdədir. Çünki geniş enerji mənbələri ölkələrin iqtisadiyyatına, onların dirçəldilməsinə, inkişafına töhfə verirsə, ölkədəki enerji qaynaqlarının azlığı onları enerji baxımından zəngin ölkələrdən asılı vəziyyətə gətirir. Bu baxımdan dəyərləndirilikdə ölkəmiz birinci kateqoriyada qərarlaşmaqdadır. Azərbaycan zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq, enerji infrastrukturuna və sisteminə malik ölkədir. Eyni zamanda, tərəfdaş çıxdığı layihələr çərçivəsində götürdüyü öhdəlikləri vaxtında icra etməsi Azərbaycanı istər regionda, istərsə də dünyada beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı kimi tanıdıb. Bütün bu amillər onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə olduqca mühüm təsir göstərir ki, həm region, həm də digər dünya aktorları Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirirlər.


Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul edilmişdir. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, eləcə də yoxsulluğun aradan qaldırılmasıdır.


Regionlarda fəaliyyət göstərən sahibkarların xarici ölkələrə ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Azərbaycanda milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi bu sahədə mühüm addımlardan biridir. Azərbaycanda xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin təşkili, milli məhsulların dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması, ixracda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülməsi Azərbaycan iqtisadiyyatının bu inkişafını dünya ölkələrinə necə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Onlar ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldırlar. Gənclər ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.


Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda isə gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri olması, gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleklərinin artması, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu qeyd edilən zaman dövründə həyata keçirilməsi nəzərdə tutulur.


Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılmışdır. Dövlət başçısının apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.


Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır.


Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunublar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər.11 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Birlik Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası) VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.


Ölkəmizin son illər əldə etdiyi beynəlxalq uğurlar içində bir amil özəlliklə ön plana çıxır- bu, heç şübhəsiz ki, “yumşaq güc” amilidir. O da şübhəsizdir ki, bu amildən danışarkən, ilk növbədə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın genişprofilli fəaliyyətini, fədakar çalışmalarını xüsusi qeyd etməliyik. 


Azərbaycan və dünya ictimaiyyəti Bakının 2012-ci ildə evsahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildəki I Avropa Oyunları, 2017- ci ildəki IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin Mehriban xanım Əliyevanın 2019- cu ildə UNESCO- nun Ümumdünya İrs Komitəsinin 43- cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisə dəyərindədir.


Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə evsahibliyi etdiyi fərqli beynəlxalq tədbirlərin təşkilat komitəsinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub. Birinci vitse - prezident öz siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən məharətlə gəlib.


Ölkədə siyasi plüralizmin inkişafına göstərilən dəstək bir daha Azərbaycanın demokratik inkişaf yolunda ciddi addımlar atdığının göstəricisidir. Qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülmüşdür. Ötən müddət ərzində 32 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir. Həmçinin uzun fasilədən sonra 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilmişdir. Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində müxtəlif media qurumları ilə yaradılmış əməkdaşlıq əlaqələri də qeyd olunmalıdır. 


Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 birgə müraciət imzalanmışdır. Bundan başqa, 2021-ci il 17 mart tarixində ümumilikdə 75 nəfər olmaqla 48 siyasi partiya nümayəndəsi, politoloqlar, habelə media təmsilçilərinin iştirakı ilə Ağdam şəhərinə səfər təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə 2021-ci il 7 oktyabr tarixində 43 siyasi partiyanın rəhbər və nümayəndələri, politoloqlar, habelə media təmsilçilərinin – ümumilikdə 90 nəfərin  iştirakı ilə təşkil olunan səfər də bu qəbildən olan növbəti tədbirdir. Həmçinin, 2022-ci il 24 iyun tarixində ümumilikdə 82 nəfərin (o cümlədən 40 siyasi partiyanın rəhbərləri və nümayəndələri, həmçinin politoloqlar və media təmsilçiləri) Zəngilan rayonuna səfəri təşkil olunmuşdur. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir. 


Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.


Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.


Prezident İlham Əliyevin Qarabağın azadlığına aparan yolda uğurlu addımları hər şeydən əvvəl dövlətin qüdrətinin artırılmasını, onun iqtisadiyyatının gücləndirilməsini nəzərdə tuturdu. Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarının ardıcıl surətdə reallığa çevrilməsi Ümummili Liderin vəsiyyətlərinin həyata keçirilməsi zərurətinin aktuallaşdırdığı çağırış idi. Ulu Öndərin uzaqgörənliyinin nəticəsi olan neft strategiyasının ilk bəhrələrini verməyə başlaması ölkənin həyatında möhtəşəm dəyişikliklərə start verilməsinə əlverişli imkanlar yaratmışdı. 


Prezident İlham Əliyev mövcud imkanları lazımınca dəyərləndirərək Azərbaycanın yeni güc potensialının yaradılması kimi tarixi missiyanı müvəffəqiyyətlə gerçəkləşdirməyə nail oldu. Ölkə hazırlaşdığı böyük sıçrayışı həyata keçirdi, iqtisadi inkişaf templərinə görə dünyada ilk pilləyə yüksəldi. Qısa bir vaxtda Azərbaycanın iqtisadi landşaftı ciddi şəkildə dəyişdi, bu isə öz növbəsində həm ölkə daxilində iqtisadi fəallığın artırılmasını şərtləndirdi, həm də güclü cazibədarlığı sayəsində milyardlarla xarici sərmayənin ölkə iqtisadiyyatına axmasını təmin etdi.


Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. 


İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.


Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə hər sahədə dövlətin diqqət və qayğısı hiss edilir, müxtəlif silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.


Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizlə yanaşı arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. 


Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının əbədi və sarsılmaz olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” kəlamı hər iki dövlətin vətəndaşları üçün örnəkdir. İki ölkə arasındakı bu dostluq, bu qardaşlıq qədim tarixə malikdir. Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz eynidir.


Azərbaycan və Türkiyə hər zaman biri-birinə dəstək olub. Ən ağır günlərdə biri-birinin yanında olub. Ta qədimdən Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin problemi isə heç bir maneəyə baxmayaraq Azərbaycanın problemi olub. Türkiyə ilə Azərbaycanın düşməni də eynidir. Yurdsuz ermənilər Böyük Ermənistan yaratmaq xülyası ilə Türkiyənin torpaqlarına da əsassız iddia edir və soyu olmayan ermənilərin soyqırımında günahlandırırlar.


44 gün ərzində Azərbaycanın igid övladları əsil qəhrəmanlıq göstərdilər.


Müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycanın yanında oldu. Türkiyənin dəstəyi Azərbaycanı vətən uğrunda döyüşə daha da ruhlandırdı.


Türk əsgərlərinin Azadlıq Meydanında Azərbaycan əsgərləri ilə Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda və Zəfər paradında addımlaması, Türkiyə Prezidenti Rəcəb Tayyub  Ərdoğanın möhtəşəm çıxışı Azərbaycan və Türkiyənin birliyinin təntənəsi idi.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğan da Bakıda keçirilən “TEKNOFEST Azərbaycan Aerokosmik və Texnologiya” festivalında çıxış edərək bütün dünyaya önəmli mesajlar vermişdir. O demişdir ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir.


Əldə olunan şanlı qə­ləbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və böl­gədə tikinti-qurucul­uq işlərinin aparılm­asıdır. Dövlət tərəf­indən “Böyük Qayıdış” planına uyğun olar­aq məcburi köçkünlər­in doğma yurd-yuvala­rına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.


Həmin ərazil­ərdə yeni yaşayış mə­ntəqələrinin salınma­sı, infrastrukturun bərpası, yolların çə­kilişi, məktəb, xəst­əxana tikintisi sürə­tlə davam edir.
İşğaldan azad olunan ərazilərdə tikinti-­quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yen­idən çəkilməsi, körpü və tunellərin tiki­ntisi xüsusi əhəmiyy­ət daşıyır. Bu məq­sədlə azad edilən ər­azilərdə Prezident İlham Əliyevin tapşır­ığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişm­iqyaslı tikinti işlə­ri həyata keçirilir. Prezidentin imzalad­ığı müvafiq sərəncam­larla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliy­yə vəsaitləri ayrılı­b.


2023-cü ildə istifad­əyə veriləcək Uzunlu­ğu 70,4 kilometr olan Xudafərin-Qubadlı-­Laçın avtomobil yolu I texniki dərəcəli, 4 hərəkət zolaqlıdı­r. Yolda Qubadlı-Laç­ın istiqamətində 45 km, Xanlıq istiqamət­ində 14 kilometr his­sədə torpaq yatağının və körpülərin tiki­ntisi işləri aparılı­r.


Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.


“Zəfər” yolunun tikintisi cəmi bir ilə başa gəlib. Ali mühəndislik düşüncə­sinin, yüksək texnol­oji imkanların istifadə olunduğu bu layi­hə ilin bütün fəsill­ərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılar­aq həyata keçirilib.


Başlanğıcını Hacıqab­ul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan gö­türən 101 kilometrlik Zəfər yolu Qarabağ­ın tacı olan Şuşa şə­hərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonl­arının ərazisindən keçməklə inşa edilən “Zəfər” yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu ra­yonların onlarla yaş­ayış məntəqəsini əha­tə edir.


Dövlət büdcəsindən ayrılan vəsait hesabı­na hazırda işğaldan azad olunan ərazilər­də daha 15 avtomobi yolunun tikintisi hə­yata keçirilir.


Bunlardan biri Füzul­i-Hadrut avtomobil yoludur. 2 kilometr uzunluğundakı Füzuli-­Hadrut yolu 4 hərəkət zolaqlıdır. Boru və keçidlərin tikinti­si 21 faiz icra olun­ub. Yolun 300 m hiss­əsində asfalt-beton örtüyün alt layı tik­ilib.


Bu il istifadəyə ver­ilməsi planlaşdırılan Hadrut-Tuğ-Azıx ma­ğarası avtomobil yol­unun uzunluğu isə 22 kilometr dir. İki hərəkət zolaqlı yol­un mövcud örtüyü pro­filə salınıb, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış his­səsi qazılaraq ərazi­dən uzaqlaşdırılıb və yeni yol əsaslı şəkildə tikilir.


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: "Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır.” Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məqsədilə 7 iyul 2021-ci il tarixində imzalanmış Fərman Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsünü müəyyən etdi və bununla da regionun yeni iqtisadi və siyasi reallığı rəsmiləşdirildi. Fərmana əsasən ölkəmizdə yaradılmış 14 yeni iqtisadi rayon sistemli islahatların davamı olaraq dayanıqlı inkişafı təmin edir. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.


İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədə müvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Azərbaycan cəmiyyəti İlham Əliyevin liderliyini sabitliyin, təhlükəsizliyin, ictimai rifahın və dövlətin qüdrətinin ifadəsi və etibarlı təminatı hesab edir. Dövlət başçısı bu gün eyni zamanda milli birliyin və həmrəyliyin təcəssümü missiyasını yerinə yetirir. Bütövlükdə cəmiyyətimiz, ayrı-ayrılıqda isə hər bir vətəndaş həm ölkəmizin, həm də özünün gələcəyi ilə bağlı baxışları və ümidlərini Prezident İlham Əliyevdən, onun düşünülmüş siyasətindən ayrılıqda təsəvvür etmir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

  • 18.11.2022, 14:03 Səyyar qəbullar davam edir
    9.11.2022, 10:18 BAYRAĞIMIZ QÜRURUMUZDUR
    7.11.2022, 14:33 8 Noyabr - Zəfər Günü
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az