İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun- Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
Giriş sözü ilə tədbiri açan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova ən yeni tariximizin başlanğıcı olan Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan - Heydər Əliyevdir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. 44 günlük Zəfər yürüşündə Cənab Ali Baş Komandanın əmri ilə döyüş meydanında əsl qəhrəmanlıq nümayiş etdirən Azərbaycan əsgəri Ulu öndər ideyaları işığında yetişən gənclikdir.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov çıxışında bildirdi ki, məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etmişdir. Dahi lider ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olmuşdur. Qeyd olunmuşdur ki, 1993-cü il 15 iyun tarixində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımızın və dövlətimizin qurtuluşu olmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini, YAP təşkilatının sədri, fəlsəfə doktoru Şasəddin Mikayılov “Heydər Əliyev demokratik cəmiyyətin qurucusudur” mövzusunda çıxış edərək Ulu Öndərin hakimiyyətə gəlməsi ilə ölkədə vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və bərabərliyinin qorunması, multukulturalizm və tolerantlıq ənənələrinin yayılması istiqamətində aparılan işlərdən danışdı.
Filialın Tələbə Gənclər Təşkilatının sədri Hilal Mürsəlov və YAP GB sədri Məhərrəmli Məhərrəm hər iki hakimiyyəti dövründə gənclərin himayədarı olan Ulu öndər Heydər Əliyevin gənclər siyasəti sahəsində həyata keçirdiyi islahatlardan danışdılar.