Prezident İlham Əliyev 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib


Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Dövlətimizin başçısının tədbirdəki çıxışından məlum olub ki, Azərbaycan Milli Şəhərsalma Forumununun Ağdam şəhərində keçirilməsi təsadüfi deyil. Bir zamanlar həyat dolu olan bu şəhərdən heç nə qalmadığına, işğal dövründə erməni vəhşiləri tərəfindən törədilən dağıntılara qonaqlar da şahid olub, bu ağrılı mənzərələri öz gözləri ilə görüblər.

Dövlətimizin başçısı deyib: "O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub."

Respublika Prezidenti İlham Əliyev Forum iştirakçılarına bildirib ki, bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.

İndi Azərbaycan torpaqlarımızın işğalı dövründə məcburi köçkün və qaçqın düşmüş soydaşlarımızın öz doğma yurdlarına mümkün qədər tez geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzədir. Ölkə rəhbəri çıxışında vurğulayıb ki, genişmiqyaslı bərpa proqramı ilə yanaşı, düşmənin basdırdığı çox sayda minalar bu işə çətinliklər yaradır: "Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Təkcə keçən həftə 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir."

Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qaldı. Bir milyonun qaçqın və məcburi köçkünə çevrilməsinin necə dəhşətli olmasını təsəvvür etməyin özü belə çətin və son dərəcə ağrılıdır.  

Dövlət başçısı müstəqilliyin ilk illərində humanitar dəstəyə ciddi şəkildə ehtiyacımız olan zamanda qaçqın və məcburi köçkünlərimizə göstərdiyi dəstəyə görə beynəlxalq təşkilatlara, xüsusilə BMT təsisatlarına dərin minnətdarlığını bildirib. 

İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə gələrək bunu öz gözləri ilə görüblər. Onlar Ağdama bir neçə ad verdilər: “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması”...- bütün bunlar qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur.

Prezident İlham Əliyev: "Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb."

28 il davam edən danışıqlar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən nəticəsiz qaldı. İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Ən ağrılı faktlardan biri də bu idi ki, torpaqlarımızın işğalı faktının qarşısında dünyanın aparıcı dövlətləri səssiz qaldı, işğalçının torpaqlarımızdan çıxarılması təkidlə tələb edilmədi. Doğrudur, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etsə də, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, Azərbaycanın Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətləri eşidilmədi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. 

Prezident İlham Əliyev: "Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması,- irəli sürdük." 

Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır. 

Prezident İlham Əliyev çıxışında hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin gələcəyi ilə bağlı məsələyə bir daha dövlətimizin mövqeyini bəyan edib: "...Onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır!" 

Dövlət başçısı vurğulayıb ki, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik. 

Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var. Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını Ermənistan düzgün qiymətləndirməlidir.

Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya- Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər: "Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq. Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir."

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması çağırışlarını "xoş çağırışlar" kimi qeyd edən dövlət başçısı çıxışında onu da fərəh hissi ilə bildirib ki, məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıtmaq arzusunu reallaşdıra  bildi və artıq Böyük Qayıdış proqramı başlayıb. Onların geri qayıtmaq istəyi qürurvericidir: "...Biz artıq burada - Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq."

Prezident İlham Əliyevin çıxışından bir daha məlum oldu ki, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatıtamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.

 İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjinin potensialına gəlincə, dövlət başçısı qeyd edib ki, ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. 

Prezident İlham Əliyev çıxışının sonunda ümidvar olduğunu bildirib ki, Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaqdır. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az