"ELƏ BİR AĞDAM QURACAĞIQ Kİ, BÜTÜN DÜNYA ÜÇÜN ÖRNƏK OLACAQ"


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazandı. Düşmənin hərbi birləşmələri darmadağın edildi, əzəli torpaqlarımız işğaldan qurtarıldı. Bu, xalqımıza böyük ruh yüksəkliyi, sonsuz sevinc bəxş etdi. Elə həmin vaxtdan da Dövlət başçısının tapşırığı ilə azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinə başlandı. Dövlət başçısının işğaldan azad edilmiş rayonlara mütəmadi səfərləri ilə böyük inkişafın təməlləri atıldı. Hədəf yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafa nail olmaqdır. Həyata keçirilən geniş miqyaslı layihələr 30 ilə yaxın erməni əsirliyində qalan, vəhşiliklə dağıdılıb vuiran qoyulan torpaqlarımızda tezliklə həyatın öz axarına dönəcəyindən, doğma yurdlarından perik düşən yurddaşlarımızın Böyük dönüşünün başlayacağından xəbər verir.

Ölkə rəhbərinin işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri mayın 28-də oldu. Həmin gün xalqımız Respublika Gününü qeyd edirdi. Prezidentimiz Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səfərin 28 may gününə salınmasının təsadüfi olmadığını söylədi:
“Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir."
Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu.
Ölkəmizin rəhbəri dedi: "Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq- 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb.Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq."
Dövlət başçısı bu səfərdə erməni vandalizmini bir daha xatırlatdı: “Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü”…
Əlbəttə, qarşıdakı müddətdə Azərbaycan ərazilərini bu cür vandalcasına dağıtdığı üçün Ermənistan beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək, təzminat tələb olunacaq.
Prezident Ağdamda çıxışında bir daha dünya birliyinin, müxtəlif güclərin, beynəlxalq qurumların Qarabağ münaqişəsi mövcud olduğu dönəmdə – 2020-ci ilin payızınadək, danışıqlar prosesində ikili standartlar tətbiq etmələrinə, ədalətsiz davranışlara diqqət çəkdi.
Dövlət başçısı bir daha bəyan etdi ki, ədalətsiz davranışlar, mənasız sülh danışıqları və ermıni təxribatları sonda Azərbaycanı əks-hücuma keçib, torpaqlarını azad etmək – müharibə variantına əl atmağa vadar edib: “Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi”.
Prezidentin çıxışında diqqəti xüsusi cəlb edən məqamlardan biri də Azərbaycanın Böyük Qələbəsi ilə bağlı mesajları, şərhləridir. Dövlətimizin başçısı dedi ki, Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi. Ölkə rəhbəri çıxışı zamanı bu möhtəşəm zəfəri şərtləndirən amilləri xüsusi vurğuladı: “Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi."
Qələbəmizdən sonra dünyanın bir sıra güclərinin Azərbaycana münasibəti dəyişib. Artıq Azərbaycanla heç kim təzyiq, təhdid tonunda danışa bilməz.
Dövlətimizin başçısı bir daha bəyan etdi ki, bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq.
Ermənistan özünü işğalçılıq çıxılmaz duruma salıb ki, indi özlərini yazıq görkəmdə təqdim etmək hiyləsinə əl atırlar. Prezident bəyan etdi ki, rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanın “dalan” dövlətinə çevrilməsinin əsas səbəbidir: “30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir, ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir."
Rəşadətli Ordumuzun tarixi zəfərini şərtləndirən amillərdən biri də Ali Baş Komandanın tətbiq etdiyi hərbi strategiyalar idi. Bunun sayəsində ermənilərin çox mürəkkəb istehkam qurduqları, böyük hərbi qüvvə saxladıqları Ağdamda Azərbaycan Ordusuna döyüşsüz təslim oldu.
Azərbaycan bütün dünyaya XX1əsr müharibəsini aparmağın və Qələbə qazanmağın sirlərini, bu sirlərin nümunəsini göstərdi. Hərbi təcrübəsi ilə dünyanı mat qoydu. Dövlət rəhbərimizin “Biz nəyi, nə zaman, necə etməyi yaxşı bilirik” kəlmələri hər zaman olduğu kimi, bu dəfə də sözdə deyil, real əməldə öz təcəssümünü tapdı.
Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə elə bir dərs verdi ki, mənfur ermənilər bundan sonra bir də cəsarət edib müharibə haqqında düşünə bilməzlər,- düşünsələr, yaxud belə xam xəyallara qapılsalar, onları dəmir yumruğun ağır zərbəsi gözləyir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az