Dövlətimizin başçısının müsahibəsi aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.
Prezident İlham Əliyevin 2025-ci il aprelin 22-də Çinə etdiyi dövlət səfəri Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələdir.
Dövlətimizin başçısı Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib və xüsusi vurğulayıb ki, Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın, o cümlədən, iki ölkə arasında 20-dən artıq sənədin imzalanması əməkdaşlığın daha yüksək inkişaf səviyyəsinə qaldırılmasını özündə ehtiva edir. Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətnində öz əksini tapan məsələlər ölkələrimizin milli maraqları, iqtisadi, ticari və digər sahələrin inkişaf perspektivləri baxımından olduqca əhəmiyyətlidir.
Dövlətimizin başçısı Azərbaycanın öz bölgəsində və həmçinin bəzi Avropa ölkələri ilə imzalanan bəyanatlar içərisində Çin ilə Bəyanatı onların daxilində ən güclüsü kimi dəyərləndirib.
Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bu gün də bir çox ölkələr, o cümlədən Azərbaycan üçün mühüm önəm daşıyır. İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayanda ölkə çox yoxsul idi. Müxtəlif Qərb dairələri tərəfindən ölkəmizə müdaxilələr olunurdu, yürüdülən siyasətə təsir göstərmək cəhdləri vardı. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumağı bir nömrəli vəzifə hesab edən Prezident İlham Əliyev bunsuz inkişaf etməyin mümkün olmayacağını aydın bilirdi.
Dövlətimizin başçısı Azərbaycanın güclü iqtisadiyyatının qurulması istiqamətində aparılan ardıcıl, məqsədyönlü iş, siyasi iradə sayəsində ölkəmizin nail olduğu uğurlar haqqında da tamaşaçıları məlumatlandırıb: "Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik."
Yaşıl gündəlik Azərbaycanın əsas prioritetləri sırasındadır. Müsahibədə qeyd olunub ki, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub. Yaşıl enerji və rəqəmsal transformasiya sahələrində Çin təcrübəsindən istifadə Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına, rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Bu təşəbbüs uzunmüddətli iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
İki ölkə arasında imzalanan və icra fazasında olan müqavilələr Azərbaycana 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Ölkəmiz elektrik enerjisini istehsal etmək üçün, əsasən, təbii qazdan istifadə etməyi dayandıracaq, elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcək və təbii qazı beynəlxalq bazarlara ixrac edəcək, əlbəttə ki, çoxlu mənfəət əldə edəcək.
Nəqliyyat sahəsinə gəlincə, yaxın perspekrivdə Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirmək nəzərdə tutulub.
Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı imzalanan saziş turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə yeni töhfələr verəcək.
"Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq"- deyən dövlətimizin başçısı ölkəmizin turizm sektorunun inkişafında maraqlı olduğunu bildirib və coğrafi üstünlüklərimizi diqqətə çatdırıb. Qeyd olunub ki, Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz turistlər üçün maraqlı, unudulmaz, zövqlərini oxşayacaq cəlbedici məkandır. Bu gözəlliyi zəngin Azərbaycan mətbəxi, insanlarımızın qonaqpərvərliyi tamamlayır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin birgə əməkdaşlığı sırasında təhsil sahəsində əlaqələrə də diqqət çəkib və bildirib ki, xüsusilə texnologiyanın inkişafında, süni intellekt sahəsində potensialı nəzərə alsaq, Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var. Həmçinin, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar.
Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların daşınmasına münasibət də bildirib. Qeyd olunub ki, həmin təşəbbüs Azərbaycan üçün yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu- dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır.
"İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır. Bizim bacarıqlı işçi qüvvəmiz var. Əhalimizin sayı artır, bazarımız böyüyür. Beləliklə, vergilər və müxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çox asandır."- deyən ölkəmzin başçısı, Azərbaycanın biznes imkanları barədə çinli iş adamlarına daha çox məlumat çatdırılmasına ehtiyac olduğunu bildirib.
Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarı kimi Şanxay Əməkdaşlıq Təşkilatı ilə daha yaxın əməkdaşlıq qurmaq niyyətindədir. Qeyd olunub ki, Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır. Azərbaycanda Çin Qlobal Cənubun lideri hesab edilir və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır.
Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri Azərbaycan üçün vacibdir. Ölkəmiz beynəlxalq birliyin fəal üzvü kimi müxtəlif platformalarda bu prinsipləri əsas tutur və müdafiə edir.


