Prezident İlham Əliyev: “Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir”
Dövlətimizin başçısı müsahibəsində Azərbaycan və Çin arasındakı münasibətlərdən danışıb.Qeyd edib ki, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. İki ölkə arasındakı əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.Onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensial mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. Daha sonra ölkə rəhbəri müsahibəsində qeyd edib ki, bizim Astanada sədr Si Cinpinlə görüşümüz və onun yekunlarına dair qəbul edilən birgə bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
Dövlətimizin başçısı bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan bəyannamə Çin Xalq Respublikası və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu böyük nailiyyət, böyük məsuliyyətdir.
Prezident İlham Əliyev yüksək səviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi əlavə impuls verəcəyinə inandığını vurğulayıb. Həmçinin Prezident İlham Əliyev Çinin Sinxo agentliyinə verdiyi müsahibədə vurğulayıb ki, biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.
“Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”.
Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xəttlə inkişaf edir. Bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.
Bundan başqa Prezident İlham Əliyev Çinin Sinxo agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, ötən il biz Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə bəşəriyyətin ortaq taleyi, cəmiyyətinin yaradılmasına kömək etmək istəyimizi bəyan etdik. Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətinə çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sisitemin birgə dəstəklənməsi, onun beynəllxalq məsələlərdə rolu, həqiqi çoxtərəflik mövqeyi, həmçinin BMT nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu, deyə ölkə rəhbəri əlavə edib.
Prezident İlham Əliyev vurğulayıb ki, mən artıq dedim ki, qlobal cənub bir hissəsi kimi biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Bizim sədrliyimiz dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərilib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması bizim COP29-da sədrliyimiz çərçivəsində ideyalardan biri olub.
Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir.
Prezident İlham Əliyev eyni zamanda verdiyi müsahibəsində bildirib ki, hesab edirəm ki, Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. Dövlət başçısı bildirib ki, ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. “Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək.
Ötən il Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə mən ŞƏT-in sammitində iştirak etdim. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın dəstəklənməsi kimi məsələlər diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal rol oynayır.
Biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir.
Həmçinin əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.
