Prezident İlham Əliyev cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalına müsahibə verib


“ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA ÇOX VACIB ROL OYNAYIB”.

Çin və Azərbaycan arasında da əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Dövlətlərarası möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. 1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb. 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev Çin-Azərbaycan dostluğunun təməlini qoyan Böyük Şəxsiyyət şəxsiyyətdir.
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verərkən bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb: "Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub". Dövlət başçımız onu da qeyd edib ki, Çin Heydər Əliyev üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi: "Vaxtilə O, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi".

"BİZİM AZƏRBAYCAN VƏ ÇİN ARASINDA YEKDİL SİYASƏTİMİZ VAR"
"İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır"."Bəli, bunu bir daha təsdiq edə bilərəm ki, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir", - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev : "Beləliklə, xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, mən Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar görürəm. Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".
   
"BİR KƏMƏR, BİR YOL" TƏŞƏBBÜSÜ DOSTLUĞA ƏLAVƏ TƏKAN VƏ TÖHFƏDİR
Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir”, - deyən dövlətimizin başçısı müsahibə zamanı vurğulayıb ki, buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq.
Azərbaycanın coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunu da qeyd etməliyik. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir. İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin – "Bir kəmər - bir yol" nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb.
Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "İpək Yolu İqtisadi Kəməri"nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. "Bir kəmər, bir yol" təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək, - deyən Prezident onu da bildirib ki, qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir.
“İKİTƏRƏFLİ ƏLAQƏLƏRDƏ ƏLDƏ ETDİYİMİZ NAİLİYYƏTLƏR ÇOX UZUN BİR YOLUN BAŞLANĞICIDIR”.
Azərbaycanın yürütdüyü xarici siyasət, regionda həyata keçirilən infrastruktur layihələrin icrası ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Yaranan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadə edilməsi üçün Azərbaycan regiondakı geosiyasi mövqeyinə mühüm təsir göstərən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı mühüm addımlar atıb. Xüsusilə. Şimal-Cənub nəqliyyat dəhlizi əhəmiyyətli nəqliyyat dəhlizi olmaqla yanaşı, iştirakçılara üstünlük faizi vəd edir. "İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi, - deyə Prezident müsahibəsində diqqətə çəkib. "Bir kəmər, bir yol" layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi, - deyən Prezident indi bizim, sadəcə, texniki imkanları artırmaqla məşğul olduğumuzu bildirib: "Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır".
Azərbaycan Respublikasının "Bir kəmər, bir yol" strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.
Müsahibəsində iqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanla Çinin mövqelərinin üst-üstə düşdüyünü bildirən Cənab Prezident diqqətə çatdırıb ki, biz qarşılıqlı ticarətin həcminin artdığını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarının olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.
Qeyd edək ki, Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb.

“MİLLİ MARAQLARA SÖYKƏNƏN SİYASƏT”.
"Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək", - deyən dövlətimizin başçısı qeyd edib: "Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir". Xalqların öz müqəddəratının təyin edilməsinin hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli olmadığını diqqətə çatdıran Prezident bildirib ki, bu, beynəlxalq hüququn fundamental prinsipidir.
Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafeylərinə tamamilə uyğun gəlir. Prezidentin vurğuladığı kimi, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir: "Beləliklə, xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, mən Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar görürəm. Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".

“İDMAN İCTİMAİ HƏYATIN MÜHÜM AMİLİDIR”.
İki dost dövlət arasında münasibətlərin bir çox sahələrinə toxunulan bu müsahibədə həm də idman sahəsinə toxunulub.
Bir veteran idman mütəxəssisi kimi müsahibədəki məqamlar məni çox maraqlandırdı. Ölkə başçısı qeyd etdi ki, o, idmanı çox sevir, ömrü boyu idmanla məşğul olub. Bildirdi ki, idman ictimai həyatın mühüm amilidir. 30 ilə yaxın vaxt ərzində torpaqlarımızın işğalı dövründə idmanda əldə edilən qələbələr insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya olub. İdmançılarımız göstərdi ki, biz qalib gələ bilərik və qələbə Azərbaycanda vətənpərvərliyin çox mühüm amilinə çevrildi. Çünki idmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz səslənəndə adamı böyük qürur hissləri bürüyür. Bu, gənc nəsil üçün vətənpərvər olmaqda mühüm amil idi.
Keçən müddət ərzində, yəni İkinci Qarabağ müharibəsinə hazırliq dövründə ölkədə çox böyük işlər görüldü. Güclü iqtisadiyyat quruldu, onun da nəticəsində ordu quruculuğuna diqqət artırıldı. Ordumuz yeni müasir silah və avadanlıqlarla təchiz edildi, müdafiə imkanlarımıza, hərbçilərimizin təliminə böyük sərmayələr yatırıldı. Bununla yanaşı Vətən müharibəsində qazanılan Şanlı Qələbənin əsas meyarı qələbə ruhu idi. Torpaqlarımızı azad edən gənclər həyatlarında heç vaxt Qarabağı görməmişdilər. Qarabağ işğal ediləndə onlar heç anadan olmamışdılar. Onları qələbəyə aparan isə qələbə ruhu, vətənpərvərlik və ləyaqət idi.
İdman həm budur, həm də fiziki sağlamlıq deməkdir. Ölkə başçısının dediyi kimi “Biz istəyirik cəmiyyətimiz fiziki baxımdan güclü olsun. Bunun üçün idman birinci yerdədir. Əlbəttə ki, yaxşı qida, pis vərdişlərin olmaması məsələsi də var. İdman bəlkə onları üstələyir. Həmçinin hazırda biz idmanın kütləviliyi üzərində çalışırıq ki, hər rayonda idman infrastrukturumuz olsun. Bunu artıq yaratmışıq. Eyni zamanda, bu, beynəlxalq nüfuz deməkdir, çünki ilk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı. Formula 1 yarışlarını artıq yeddi dəfə keçirmişik. Xüsusən də, nəzərə alsaq ki, o, şəhər küçələrində baş verir. Bu, Bakını heç vaxt görməyən üçün şəhərimizin təqdimatıdır. Formula 1-in auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Yarışlar sayəsində çoxlu xarici turist gəldi. Ölkəyə çox xarici valyuta daxil oldu. Bir çox amillər hər bir hökumətin idmanın inkişafına böyük diqqət yetirməli olduğunu göstərir”.
Prezident İlham Əliyev öz müsahibəsində Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirilməsini qeyd etdi. Bu gün Bakı artıq böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib. Azərbaycan, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirildi. Bu, bir daha Azərbaycanı idman ölkəsi kimi nümayiş etdirir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz müsəlman aləminin, eyni zamanda, Avropanın bir hissəsidir. Ölkəmizin yerləşməsi çox unikaldır. Ölkəmizin siyasəti, cəmiyyətin statusu bütün bunların təzahürüdür.
Müsahibəsində ölkə başçımız Hancouda Asiya Oyunlarının və Çinin Çendu şəhərində Dünya Universitet Oyunlarına toxunaraq əminliyini bildirdi ki, oyunlar mümkün ən yüksək səviyyədə təşkil olunacaqdır. Özünün 2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında iştirakıxı xatırladaraq vurğuladı ki, ölkəmiz Dünya Universitet Oyunlarında 150-dən artıq atletin daxil edildiyi böyük komanda ilə iştirak edəcəkdir. Prezident İlham Əliyev bu oyunlarda idmançılara qələbə, təşkilatçılara uğurlar, Çin xalqına bu oyunlarda sevinc arzu etdi.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az