Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək, uzun ömür yaşadığını və ömrünün son illərində öz dogma torpaqlarını tərk etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: ”O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”.
“1970-Cİ İLLƏRDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ AŞIQ ƏLƏSGƏRİN 150 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR”
Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermis Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi Azərbaycanımızda gözəl ənənəyə çevrilib. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.Qeyd edək ki,  Aşıq Ələsgərin zəngin poetik  irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və omum hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermis, azərbaycanlıların əzəli yurdlarından olan Göyçə mahalında, doğulduğu kənddə Açıq Ələsgərin qəbriüstü abidəsi ucaldılmışdır.
“Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi”- deyə, Prezident bildirib:”Bu gün bu tədbirdə iştirak edən yoldaşlar Aşıq Ələsgərin fəaliyyəti və yaradıcılığı ilə bağlı danışacaqlar. Sadəcə olaraq, onu demək istəyirəm ki, onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır”.
Dövlətimizin başçısı xaiqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş verdiyini vurğulayıb: “İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.
“BU GÜN BİZ AZƏRBAYCAN XALQININ ƏYİLMƏZ RUHUNU QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA QAYIDAN SOYDAŞLARIMIZIN TİMSALINDA GÖRÜRÜK”
Azərbaycan 30  ilə yaxın bir zamanda  işğal altında olan ərazilərimizi azad etdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir.Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyri-şərtsiz çıxarılmalıdır.Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi.Artıq Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib və tarixi ədalət bərpa olunub. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası genişlənib və nəhəng işlər görülür.Artıq Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri tarixi hadisəyə çevrilib. Respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları əzəli torpaqlarda əbədi yurd salırlar. Vətən müharibəsində qazandığımız Zəfərdən dörd il ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, dogma diyarlarına qayıdırlar.
“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır”- deyə Prezident İlham Əliyev bildirib.
2023-cü il tariximizdə Böyük Qayıdışın sürətli inkişaf mərhələsi oldu. “Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük”.
“GÜN GƏLƏCƏK BİZ AŞIQ ƏLƏSGƏRİN ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILMIŞ ABİDƏSİNİ BƏRPA EDƏCƏYİK VƏ AĞKİLSƏ KƏNDİNDƏ BUNA OXŞAR MƏRASİM KEÇİRƏCƏYİK”
Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapir.
“Biz üç gün bundan əvvəl Anım Gününü qeyd etmişik. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Amma bizim təqvimimizə bu kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.
Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az