“Ənənəvi olaraq, bu ilin yanvar ayının 10-da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlət Başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə Başçısı müsahibəsidə həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir. Beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, şübhəsiz ki, bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qədər mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkəmizin dünya siyasi səhnəsində nüfuzunun günü-gündən daha da artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, Liderliyi mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri Moderator.az-a Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, yerli televiziya kanallarına müsahibəsində ölkə başçısı bir çox mühüm məsələlərə toxunmuşdur. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkilər, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə bağlı suallarını cavablandırıb. Bunlardan bəzilərini xüsusilə vurğulamalıyıq. Cənab Prezident növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq, ilk dəfə suveren ərazilərimizdə keçiriləcək seçkilərin əhəmiyyətini və bunu şərtləndirən amillərə diqqət çəkib. Ölkə Baçısı qeyd edib ki, “İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Qeyd etmək lazımdır ki, Azərbaycan suverenliyini tam bərpa edib və bu baxımdan seçkilər bir dövrə yekun vurur. Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsi epoxal bir hadisədir. Bu tayı bərabəri olmayan möhtəşəm bir Zəfərdir. Bu nöqteyi-nəzərdən deməliyik ki, fevral ayının 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olacaq.
Dövlət Başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə əlaqədar olmuşdur. Ölkə Başçısı hələ də işğal altında olan səkkiz kənd barədə qeyd etmişdir ki, bu kəndlərin məsələsi daim gündəlikdədir. Bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Dövlətimizin Başçısı Azərbaycan torpaqlarının XX əsrdə hissə-hissə Ermənistana verildiyini diqqətə çatdıraraq deyib:” XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki, bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Tarixi faxtlar, xəritələr mövcuddur. 1920-ci il xəritələrində Zəngəzur Azərbaycan ərazisidir. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə düşdü. Qeyd etmək lazımdır ki, bu torpaq hədiyələrinin yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra qarşısı alınmışdır. Bütün bunları nəzərə alaraq, qeyd etməliyik ki, Azərbaycanın mövqeyi tamamilə ədalətli, haqlı və məntiqli mövqedir. Cənab Prezidentin sözləri ilə desək “Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Bütün anklavlar qaytarılmalıdır. Anklav olmayan işğalda qalmış dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.
Prinsip etibarilə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bəndin olması tamamilə məntiqə uyğundur. Lakin, delimitasiyanı gözləyib, sülh müqaviləsini ləngitmək yaxud da təxirə salmaq düzgün deyil. Cənab Prezidentin də dediyi kimi sülh müqaviləsi imzalanmalı, sərhədlərin delimitasiya prosesi isə davam etməlidir.
Ümumən deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirməklə yanaşı, ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajları özündə ehtiva edirdi. Dövlət Başçısının söylədiyi fikirlər dövlətin həyata keçirdiyi yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəricilərini Azərbaycan xalqının nəzərinə çatdırdı. Şübhəsiz ki, bütün bunlar vətəndaşın dövlətə inamının daha da güclənməsində və xalq-dövlət birliyinin, həmrəyliyinin möhkəmlənməsində mühüm amillərdən biridir. Millət vəkili Tamam Cəfərova belə deyib.