“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Ümummilli Lider HEYDƏR ƏLİYEV
Azərbaycan gənclərinin günümüzün müasir, yüksək intellektli və aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, eləcə də müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prioritetlər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyərək Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd etmişdir. O, həmçinin daim sağlam və savadlı gəncliyin dövlətə sahib çıxmaq iqtidarında olduğu fikrini əsaslandıraraq işıqlı bir nəslin yetişməsinə xidmət etmişdir. 1970-1980-ci illərdə onun göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, onların mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.
Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Təsadüfi deyil ki, ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında ümummilli liderimiz onlara dərin inam bəslədiyini ifadə etdi. Onun "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlamdüşüncəli gənclərdir" - sözləri hər kəsə ümid oldu.
Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi ulu öndərimizi daim düşündürürdü. Bu mənada hələ 35 il bundan əvvəl, 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi "Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır" fikri hazırkı dövrün tələbləri və müasir yanaşmalarla necə də həmahəng səslənir. Həmin nitqində gənclərə müraciət edərək irəli sürdüyü "İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır", "Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsınız" müddəaları ilə isə ümummilli liderimiz əslində müəllimlərin, bütövlükdə təhsil müəssisələrinin fəaliyyətinin nəticələrini xüsusi olaraq diqqətə çatdırmaqla təhsil sisteminin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir.
Cəsarətli və uzaqgörən siyasətçi, müdrik dövlət rəhbəri olan Heydər Əliyev Azərbaycanın müstəqillik üfüqlərini hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrlərdə yaxşı görürdü. O əmin idi ki, gələcək müstəqil dövlətin bünövrəsinin möhkəm qurulması üçün təhsilin inkişafına indidən güclü təkan verilməlidir. 1977-ci il avqustun 27-də keçirilmiş tələbələrin respublika fəalları ilə görüşündə gənclərə "Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir" müraciəti, 18 may 1978-ci ildə keçirilən Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində "Biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik" deməsi, şübhə yoxdur ki, məhz həmin qənaətdən irəli gəlirdi.
Ümummilli liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. "Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı-şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır" (1997-ci il sentyabrın 1-də Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş görüşdəki nitqindən) deməklə ulu öndərimiz əslində məktəbdəki inkişafın bilavasitə burada həyata keçirilən təhsilin nəticəsi olduğunu diqqətə çatdırırdı.
Son illər belə bir fikir tez-tez səslənir ki, hər hansı bir ölkənin maddi ehtiyatları, yeraltı və yerüstü sərvətləri nə qədər çox olsa belə, təhsil sahəsində irəliləyişləri yoxdursa, orada inkişaf sürəti də zamanın tələbindən geridə qalacaqdır. Bununla əlaqədar tarixilik baxımından yanaşsaq, ulu öndərimiz bu mülahizəni neçə illər bundan əvvəl "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" (2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimindəki nitqindən) müddəası ilə çox lakonik və sərrast şəkildə ifadə etmiş, təhsilin cəmiyyətdəki roluna bir daha aydınlıq gətirmişdir.
Öz Vətəninin ləyaqətli övladı olan, ölkəmizə rəhbərlik etdiyi dövrdə gərgin və məqsədyönlü fəaliyyəti ilə millətimizə şərəf və başucalığı gətirmiş Heydər Əliyev "Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan bir xalqdır. Bunlar hamısı uzun illər-keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir" (1996-cı il sentyabrın 2-də Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılışı mərasimindəki nitqindən) deməklə xalqının intellektual səviyyəsinə, təhsildə qazanılmış uğurlara böyük qiymət verirdi. Onun 1997-ci il avqustun 29-da keçirilmiş Azərbaycan və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşdəki yekun nitqində gənclərə "XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə buraxacağıq" tarixi müraciəti həm ölkəmizin işıqlı sabahına, həm də bu işıqlı sabaha doğru qətiyyətlə addımlayan o dövrün gənclərinə dərin inamından irəli gəlirdi.
Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də hamımız üçün aparıcı istiqamət, əsas ideya mənbəyi olmalı, xüsusilə son illər göstərilən məsələlər ətrafında aparılan mübahisələrə, fikir ayrılıqlarına, nəhayət ki, son qoymalıdır. Hələ 32 il bundan əvvəl, 1978-ci il mayın 18-də keçirilmiş Azərbaycan müəllimlərinin VI qurultayında "Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı-bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax bu meyarla müəyyən edilir", - deyən ümummilli liderimiz 21 il sonra bu tarixi mülahizəni daha da dolğunlaşdıraraq "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər 11 il müddətində uşaq I sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o gedib universitetə imtahan verə bilməz. Heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir-ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır", "İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır" (1999-cu il avqustun 31-də respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqindən) müddəalarını irəli sürürdü.
Bütün bunlarla yanaşı, ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. Çox əlamətdar haldır ki, ümummilli liderimizin təhsillə bağlı nitq və çıxışlarındakı hər hansı bir istiqamət üzrə konkret fikir məqsədli mahiyyət daşıyaraq illər ötdükcə məzmun etibarı ilə daha da zənginləşdirilir, bir-birini tamamlayır və nəticədə konseptual xarakterli müddəaya çevrilir. Azərbaycanda siyasi hakimiyyətə qayıdışından təxminən bir il sonra 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqində dahi rəhbərimiz "Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir" söyləməklə həm ölkənin yaxın gələcək üçün aktual sayılan vəzifəsini müəyyənləşdirir, eyni zamanda həmin fikrin məntiqi açıqlanması kimi "Bu günün tələbləri gələcəyin tələbləri baxımından dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün gənclərimizə lazım olan fənlərin tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar" müddəasını irəli sürürdü.
Sosial-iqtisadi sahələrdə inkişafı dünya standartları səviyyəsinə qaldırmaq üçün nə tələb olunur?! Nələrə nail olmaq lazımdır?! Bu suallara da ulu öndər "Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il), "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik" (Yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdəki nitqindən, 1 sentyabr 1997-ci il) deməklə əsaslandırılmış cavab verir.
Ümummilli liderimizin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar vurğuladığı tələbi diqqətə çatdırarkən bir amili də qeyd etməyi lazım bilirik ki, bu məsələ ulu öndərimizi bütün vaxtlarda daim düşündürmüşdür. O, fənlərə sadəcə olaraq şagirdlərə müəyyən çərçivədə müvafiq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, hər şeydən əvvəl, şəxsiyyətin formalaşdırılmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi baxırdı. Biz haqqında söhbət gedən həmin məsələləri yalnız indi diqqət mərkəzinə gətiririksə, ulu öndərimiz bütün bunlar barədə hələ çox əvvəllər qiymətli fikirlər söyləmişdi. Onun 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə "Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır", "...Əməyin elmi təşkili prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rəyinə qulaq asmağı, tənqiddən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır" kimi gənclərə ünvanladığı dəyərli tövsiyələr hazırda ümumi təhsilin başlıca məqsədlərindən birinə çevrilmişdir. Ulu rəhbərin 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında irəli sürdüyü "Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri ilə, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır.
Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir", "Bizim məktəb şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Gənclər elmi işçilərin sırasına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu bundan irəli gəlir", "İctimai fənlərin təlimi keyfiyyətinin böyük əhəmiyyəti vardır.
Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür. İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir" müddəaları hazırda müasir səslənməklə ümumi təhsil sisteminə daxil olan həmin fənlərin indiki dövrdə məqsəd və vəzifələrini aydın ifadə edir. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, təhsil islahatları çərçivəsində ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədi, ümumtəhsil fənlərinin kurikulumları hazırlanarkən ümummilli liderimizin bütün bu fikir və mülahizələri aparıcı istiqamət olaraq əsas götürülmüşdür.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sistemlərinə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığı bir vaxtda ulu öndər bu tarixi şansı yüksək qiymətləndirməklə yanaşı, həm də çox vacib bir məqamı diqqətə çatdıraraq "Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır" (Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə yekun nitqindən, 31 avqust 1994-cü il) vəzifəsini qarşıya qoyurdu. Təxminən 3 il sonra ümummilli lider gələcəyə nikbinliklə baxaraq və irəli sürdüyü həmin vəzifənin tədricən yerinə yetirildiyinə inamını ifadə edərək "Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də budur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq", - deyirdi (Yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdəki nitqindən, 1 sentyabr 1997-ci il).
Ulu öndərimiz təhsilin milli məqsəd və mənafelər əsasında qurulması zərurətinə toxunarkən, ilk növbədə, heç şübhəsiz, uşaq və gənclərin əsl azərbaycanlı, əsl vətəndaşlıq, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını diqqət mərkəzinə çəkirdi. O qeyd edirdi ki, "Təhsil sahəsi müqəddəs bir sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur" (BDU-nun 80 illiyi münasibətilə görüşdəki nitqindən, 11 fevral 2000-ci il), "Respublikamızın, xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini... heç vaxt unutmaq lazım deyil və bunu heç bir şeyə dəyişmək olmaz" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il). Özünün şəxsi keyfiyyətləri və fərdi xüsusiyyətləri ilə millətimizə nümunə olan böyük rəhbərimiz uşaq və gənclərin tərbiyəsində dini dəyərlərin də rolunu yüksək qiymətləndirir, bunları insan mənəviyyatının formalaşmasında əsas amil hesab edirdi. Onun fikrinə görə, "Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri-hamısı birlikdə bizim milli sərvətimizdir. Bizim bütün milli və dini adət-ənənələrimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhvali-ruhiyyədə tərbiyə etməkdən ibarətdir" (Qurban bayramı münasibətilə Mirmövsüm Ağanın ziyarətgahında keçirilən görüşdəki nitqindən, 8 aprel 1998-ci il). Yeri gəlmişkən, ümumtəhsil məktəbləri üçün "Həyat bilgisi" fənninin kurikulumuna "Mənəviyyat" məzmun xətti daxil edilərkən və onun nəticə standartları müəyyənləşdirilərkən ulu öndərin irəli sürdüyü həmin müddəalar ideya istiqaməti kimi əsas tutulmuşdur.
"Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır" (Respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqindən, 31 avqust 1999-cu il) vəzifəsini qarşıya qoyan ümummilli liderimiz, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin, dövlət atributlarının mahiyyətinin uşaqlara geniş şəkildə izah olunmasını vacib sayır, bu istiqamətdə görülən işləri şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm amil hesab edirdi. Bununla yanaşı, ümummilli liderimiz uşaq və gənclərin kamil şəxsiyyət kimi formalaşmasında onların həm doğma ana dilinə, həm də xarici dillərə yiyələnməsinə, ədəbi irsimizi, tariximizi dərindən öyrənmələrinə ciddi diqqət yetirilməsini dönə-dönə vurğulayır, bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsini məktəbin, bütün müəllimlərin müqəddəs borcu olduğunu bəyan edirdi. Ulu öndərin "Azərbaycan dili öz söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin", "Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır", "Ədəbi irsimizin bütün gənclərə, bu gənclər hansı istiqamətdə işləyəcək, çalışacaqlarsa, ondan asılı olmayaraq-çatdırılması, bildirilməsi, tədris olunması çox mühüm bir işdir. Buna ciddi fikir vermək lazımdır", "Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər" (Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə yekun nitqindən, 31 avqust 1994-cü il), "Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il) müddəaları orta təhsilin yenidən qurulmasını, təhsilin məhz müasir insanda formalaşdırılası dəyərlər sistemi səviyyəsinə yüksəldilməsini təmin edən prioritet istiqamətlərdəndir.
Müdrik dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın təhsilinin inkişafındakı ölçüyəgəlməz və danılmaz xidməti, heç şübhəsiz, ölkəmizin ümumi təhsil sistemində əsaslı islahatların başlanmasının təşəbbüskarı və ilhamçısı olmasıdır. Vaxtilə keçmiş Sovet İttifaqının rəhbərlərindən biri kimi neçə-neçə strateji əhəmiyyətli sahələrlə yanaşı, bu super dövlətin təhsili də bilavasitə onun nəzarətində olmuş, 1984-cü ildə keçirilən məktəb islahatına rəhbərlik etmişdir.
Müstəqil Azərbaycanda təhsil islahatları 1999-cu ildən başlansa da, bu prosesin zəruriliyi hələ xeyli əvvəl ulu öndərimizin nitq və çıxışlarında dəfələrlə vurğulanmışdır. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki yekun nitqində ümummilli liderimiz "İndiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür", - deməklə diqqəti bir tərəfdən islahatyönümlü işlərin hansı bünövrə, təməl üzərində qurulmasına yönəldir, digər tərəfdən isə Azərbaycanda həmin tədbirlərin uğurla həyata keçiriləcəyinə inamını ifadə edirdi.
İslahatların dövrün tələbinə görə planlaşdırılması və aparılması sahəsində böyük təcrübəyə malik ulu öndərimiz həmin nitqində "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəlsin" müddəasını irəli sürməklə təhsil islahatlarının başlıca istiqamətini çox aydın şəkildə göstərmiş, "Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyi tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız" fikri ilə əslində islahatyönümlü tədbirlərin konseptual əsasını müəyyənləşdirmişdir. Ümummilli liderimizin 26 noyabr 1994-cü ildə BDU-nun 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində söylədiyi "İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir. İslahat naminə, dəb naminə aparılmamalıdır. Adını dəyişdirməklə, bir qədər formasını dəyişdirməklə ki, yeni bir qiyafəyə girsin, dəbə düşsün - bunun naminə yox, yalnız və yalnız əldə etdiyiniz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır. Bütün bu islahatlar ancaq bu yolla, bu istiqamətdə getməlidir, bu məqsədi daşımalıdır və biz bu məqsədə nail olmalıyıq" müddəasında isə nəzərdə tutulan islahatların mahiyyəti və məqsədləri lakonik surətdə son dərəcə dəqiq ifadə edilmişdir.
Birmənalı şəkildə demək lazımdır ki, 1999-cu il iyunun 15-də ulu öndərimizin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın əsasını məhz böyük rəhbərin təhsilimizin gələcək inkişafı ilə bağlı ideyaları, konseptual, proqram xarakterli fikirləri, müddəa və mülahizələri təşkil etmişdir. İslahat Proqramının iyunun 15-də - Qurtuluş günündə təsdiq olunması da rəmzi məna daşıyır. Dahi Heydər Əliyevin 1993-cü ilin həmin tarixi günündə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz siyasi, iqtisadi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas olmaqla inkişaf yoluna, tərəqqi dövrünə qədəm qoydu, İslahat Proqramının bu əlamətdar gündə təsdiq edilməsi isə təhsil sistemimizdə yeni mərhələnin başlanğıcı oldu.
Müstəqil Azərbaycanın təhsil sistemində, xüsusilə də ümumi təhsil sistemində islahatların qaçılmaz olduğunu diqqətə çatdıran ulu öndərimiz, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas və ehtiyatla yanaşmağa çağırırdı. Onun "Təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır", "Əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt tələb edir. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz" (Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqindən, 17 mart 1999-cu il) müddəaları bu gün də islahatlarla məşğul olan mütəxəssislərin fəaliyyətinə istiqamət verən dəyərli ideyalardır. Onu da qeyd etməyi lazım bilirəm ki, islahatlar prosesinə başlarkən ümummilli liderimizin həmin nitqində irəli sürdüyü "Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik" fikrini əsas tutaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə xeyli tədqiqatlar və müqayisəli təhlillər aparılmış, bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilərək yeri gəldikcə onlara istinad edilmişdir.
Ulu öndərin təhsillə bağlı nitq və çıxışlarına diqqət yetirdikdə daha bir maraqlı cəhət özünü büruzə verir: Müdrik və uzaqgörən dövlət rəhbəri məqsədli şəkildə müəyyən konseptual fikri, yaxud fikirləri yalnız bir dəfə deməklə kifayətlənmir, ayrı-ayrı auditoriyalarda bu fikirlər müxtəlif nitq çalarlarında səslənməklə yaddaşlara hakim kəsilir... Həm də islahatlar barədə danışarkən aydın hiss olunur ki, ulu öndər bu islahatların davamlılığında israrlıdır, çünki eyni tələbləri həm indiki, həm də gələcək nəsillərə ünvanlayır. Onun respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə 1999-cu ilin 31 avqustunda keçirilmiş görüşdəki nitqində irəli sürdüyü "Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyukturaya yol verməyəsiniz. Azərbaycanın milli ənənələrinin üzərindən keçməyəsiniz", "Çalışmaq lazımdır ki, islahat islahat naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın", "Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür... Amma təhsil sahəsi çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara yer verilə bilməz", 2000-ci il sentyabrın 1-də Bilik Günü münasibətilə Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbdə keçirilən təntənəli toplantıdakı nitqində söylədiyi "Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır", 2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimindəki nitqində vurğuladığı "Son illər Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən öyrənməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır" müddəaları dediklərimizə real əyani sübutdur.