Azərbaycan–Qazaxıstan münasibətləri: strateji tərəfdaşlıq və qardaşlıq birliyinin yeni mərhələsi » Shirvanqazeti.az - Şirvan Qəzeti

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji tərəfdaşlıq və qardaşlıq birliyinin yeni mərhələsi


21 oktyabr 2025-ci il tarixində Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və regional əməkdaşlığın inkişafı istiqamətində mühüm məsələlər müzakirə olunub. Həmin gün hər iki dövlət başçısı mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bu görüş Azərbaycan ilə Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, eləcə də siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.



Səmimi qəbul və dostluq münasibətləri

Prezident İlham Əliyev çıxışına Qazaxıstan Prezidentinə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək başlayıb. Dövlət başçısı qeyd edib ki, Qazaxıstana etdiyi hər səfərdə bu ölkənin Prezident Tokayevin müdrik rəhbərliyi altında əldə etdiyi inkişafı və modernləşməni aydın şəkildə müşahidə edir.

Qazaxıstanın müasir texnologiyalar, o cümlədən süni intellektin inkişafı istiqamətində həyata keçirdiyi islahatların ölkənin modernləşmə prosesinə böyük təkan verdiyi vurğulanıb. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Qazaxıstan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş və öz siyasətini müstəqil şəkildə həyata keçirən dövlət kimi tanınır.

Azərbaycan Prezidenti çıxışında qeyd edib ki, Azərbaycan xalqı işğal dövründə Qazaxıstanın qardaş dəstəyini daim hiss edib. Qazaxıstan bütün beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə töhfə verib.

Prezident İlham Əliyev həmçinin Qazaxıstan Prezidentinə sülh prosesinə dəstəyinə görə minnətdarlığını ifadə edib. O, Vaşinqtonda Ağ Evdə sülh sazişinin paraflanmasından sonra Qazaxıstanın bu məsələyə dərhal münasibət bildirdiyini və dost mövqe nümayiş etdirdiyini qeyd edib


Sülhün praktik addımları və iqtisadi əməkdaşlıq

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərdə praktiki sülh addımlarını artıq atmağa başlayıb. Bu addımlardan biri kimi, Qazaxıstanın Ermənistana taxıl yüklərinin tranzitinin təmin olunması qeyd edilib. Dövlət başçısının sözlərinə görə, bu, sülhün yalnız sənəddə deyil, həm də reallıqda bərqərar olduğunu göstərir.

Həmçinin Azərbaycan və Qazaxıstan arasında iqtisadi, ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlığın intensiv xarakter aldığı vurğulanıb. Hər iki ölkə hökumətlərarası komissiyalar və ali dövlətlərarası şuralar səviyyəsində əlaqələri praktik nəticələrə yönəlmiş şəkildə inkişaf etdirir.

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional və geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, yeni nəqliyyat yollarının açılması, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının bir-birinə inteqrasiyası geniş Avrasiya məkanını vahid iqtisadi və kommunikasiya sahəsinə çevirir.

Bu kontekstdə Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri xüsusi önəm daşıyır. Azərbaycan ərazisində avtomobil və dəmir yolu hissələri 2026-cı ilin ortalarında tamamlanacaq. Prezidentin sözlərinə görə, digər ölkələrin də öz ərazilərində layihəni vaxtında həyata keçirməsi ilə Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılması gözlənilir.

Bundan əlavə, Vaşinqton Sammitində əldə edilmiş TRIPP (The Trump Route for International Peace and Prosperity) layihəsi də yeni marşrut kimi Orta Dəhlizin genişlənməsinə xidmət edir. Layihə Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Prezident İlham Əliyev çıxışında humanitar sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Qazaxıstanın Qarabağın bərpasında göstərdiyi qardaş dəstəyinə görə minnətdarlıq ifadə olunub.

Xüsusilə Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun rəmzi kimi dəyərləndirilib. Dövlət başçısı vurğulayıb ki, bu mərkəz təkcə uşaqların təhsil və inkişaf məkanı deyil, həm də Azərbaycan–Qazaxıstan qardaşlığının əbədi simvoludur.



Beynəlxalq əməkdaşlıq və qarşılıqlı dəstək

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini mütəmadi olaraq dəstəkləyirlər. Türk Dövlətləri Təşkilatı, BMT və digər platformalarda iki ölkə vahid mövqedən çıxış edir.

Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə — İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi edəcək. Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi bu tədbirlərdə fəxri qonaq kimi iştirak etməyə dəvət edib.


Prezident İlham Əliyevin Qazaxıstana səfəri və mətbuat üçün bəyanatı iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan–Qazaxıstan əlaqələri ortaq tarix, mədəni dəyərlər və strateji maraqlar üzərində qurulub.


Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək bu münasibətləri daha da möhkəmləndirir. Qardaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan bu əlaqələr gələcəkdə də regionun sabitliyinə və inkişafına mühüm töhfə verəcək.

Prezident İlham Əliyev çıxışına Qazaxıstan Prezidentinə qonaqpərvərliyə və dövlət səfərinə dəvətə görə təşəkkür etməklə başlayıb. O bildirib ki, iki ölkə arasında ikitərəfli və regional məsələlər üzrə aparılan danışıqlar zamanı mövqelərin tam uyğunluğu və müttəfiqlik ruhu müşahidə olunub.

Dövlət başçısı Qazaxıstanın sosial-iqtisadi inkişafını və beynəlxalq nüfuzunun artmasını yüksək qiymətləndirərək, bu uğurları Prezident Tokayevin müdrik rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər kimi dəyərləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqı Qazaxıstanın inkişafını dost və qardaş ölkə kimi səmimi sevinclə izləyir.



Sülh prosesi və beynəlxalq dəstək

Azərbaycan Prezidenti çıxışında Cənubi Qafqazda sülh prosesinə Qazaxıstanın verdiyi qiymət və dəstəyə görə minnətdarlığını ifadə edib. O qeyd edib ki, Azərbaycan torpaqları işğal altında olduğu illərdə Qazaxıstan həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə sadiq qaldı.

Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh dövrü başlayıb və bu, yeni mərhələnin əsasını təşkil edir. Onun sözlərinə görə, son iki ildə əldə edilən sülh sazişinin paraflanması tərəflərin yüksək siyasi iradə nümayiş etdirdiyini göstərir.

Dövlət başçısı xüsusi olaraq ABŞ Prezidenti Donald Trampın bu prosesdə oynadığı rolu yüksək qiymətləndirib. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammitin nəticələrinin regionda uzunmüddətli sabitlik və inkişaf üçün yeni imkanlar yaratdığını vurğulayıb.



Nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq

Prezident İlham Əliyev çıxışında iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının müsbət dinamika ilə davam etdiyini qeyd edib. O, Hökumətlərarası Komissiyanın uğurlu iclasını və Birgə İnvestisiya Fondunun fəaliyyətə başlamasını xüsusi qeyd edərək bildirib ki, bu fond çərçivəsində artıq bir sıra layihələrin həyata keçirilmə mərhələsinə qədəm qoyulub.

Prezident həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizi layihələrinin reallaşmasının regionun nəqliyyat və logistika potensialını artıracağını vurğulayıb. Onun sözlərinə görə, bu layihələr Avrasiyanın şərq və qərb hissələri arasında müasir tranzit əlaqələrinin əsas həlqəsini təşkil edəcək.



Qarabağın bərpasında Qazaxıstanın rolu

Prezident İlham Əliyev çıxışında Qazaxıstanın Qarabağın bərpasına verdiyi qardaş dəstəyini xüsusi minnətdarlıqla qeyd edib. O, Füzuli şəhərində açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin artıq aktiv fəaliyyət göstərdiyini bildirib.

Hazırda bu mərkəzdə 100-ə yaxın uşaq təhsil alır, və bu təhsil ocağı təkcə maarif ocağı deyil, həm də Azərbaycan–Qazaxıstan dostluğunun canlı simvoludur. Prezident vurğulayıb ki, belə təşəbbüslər iki xalq arasında humanitar və mədəni bağların daha da möhkəmlənməsinə xidmət edir.



Dövlət başçısı çıxışında humanitar əlaqələrin mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, son illərdə həm Azərbaycanda, həm də Qazaxıstanda Mədəniyyət Günləri uğurla təşkil olunub. Prezident belə tədbirlərin yalnız paytaxtlarda deyil, həm də regionlarda mütəmadi keçirilməsini təklif edib və bu məqsədlə mədəni əməkdaşlığın yol xəritəsinin hazırlanmasını vacib sayıb.

Energetika sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi üzrə üçtərəfli sazişin imzalandığını xatırladıb. O, bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində Azərbaycanın və Qazaxıstanın böyük potensiala malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev çıxışını Qazaxıstan rəhbərliyinə səmimi dost münasibətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür etməklə tamamlayıb. O, Qazaxıstan Prezidentinin iki ölkə arasında əməkdaşlıq məsələlərini şəxsi nəzarətində saxlamasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsipləri üzərində qurulub və bu əlaqələr gələcəkdə də bütün əsas istiqamətlərdə uğurla inkişaf edəcək.

Astanada keçirilən bu görüş və Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni və humanitar münasibətlər, eləcə də regional layihələr üzrə ortaq fəaliyyət iki ölkə arasında dərin və davamlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.


Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.

Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzaladılar.


Sonra Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu.


“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i mübadilə etdilər.


“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i mübadilə etdilər.


“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i mübadilə etdilər.


“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu mübadilə etdilər.


“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qazaxıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Memorandum”u mübadilə etdilər.


“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu mübadilə etdilər.


“Samruk Kazına” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu”nu mübadilə etdilər.


“Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi”ni mübadilə etdilər.


“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu mübadilə etdilər.


“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu mübadilə etdilər.


“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyi arasında rəqabət siyasəti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u mübadilə etdilər.



Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlər


Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulub. İki dövlət arasında əlaqələr dostluq, qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşıb. Hər iki ölkə türkdilli dövlətlər ailəsinə daxil olmaqla ortaq tarixi, mədəni və mənəvi dəyərləri bölüşür.


Siyasi münasibətlər:

Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq yüksək səviyyədə qurulub. Hər iki ölkənin prezidentləri, hökumət və parlament nümayəndələri mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirirlər. İki ölkə arasında 2022-ci ildə təsis edilmiş Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurası əməkdaşlığın ən yüksək siyasi platforması hesab olunur. 2025-ci ilin 21 oktyabrında Astanada bu Şuranın ikinci iclası keçirilib və bu görüş zamanı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.


İqtisadi münasibətlər:

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq neft-qaz, nəqliyyat-logistika, kənd təsərrüfatı və ticarət sahələrini əhatə edir. İki ölkə Xəzər dənizi vasitəsilə enerji və yük daşımaları üzrə strateji tərəfdaşdır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) hər iki dövlətin iştirak etdiyi mühüm layihədir və bu, regionda ticarət əlaqələrinin inkişafına böyük töhfə verir. Bundan əlavə, birgə iqtisadi komissiyalar və biznes forumlar əməkdaşlığı daha da gücləndirir.


Mədəni və humanitar əməkdaşlıq:

Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni, elmi və təhsil sahəsində sıx əlaqələr mövcuddur. Hər iki ölkədə qarşılıqlı mədəniyyət günləri keçirilir, universitetlər arasında tələbə mübadiləsi həyata keçirilir. Türk dünyasının birliyini gücləndirən Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər beynəlxalq qurumlar çərçivəsində Azərbaycan və Qazaxıstan fəal əməkdaşlıq edirlər.


Beynəlxalq əməkdaşlıq:

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar — BMT, ATƏT, İƏT, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində bir-birini dəstəkləyirlər. Hər iki ölkə regional sabitlik və təhlükəsizliyin təmin olunması, eləcə də enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq mövqedən çıxış edir.


Azərbaycan–Qazaxıstan münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tarixi, mədəni və dil yaxınlığı, qarşılıqlı siyasi etimad və iqtisadi maraqlar iki ölkə arasında əlaqələrin davamlı və çoxşaxəli inkişafına möhkəm zəmin yaradır.


















PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az