Zəngilan şəhəri 2020-ci il 20 oktyabr tarixində işğaldan azad olundu


Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Ötən yüzillər ərzində bu ərazi neçə-neçə hərbi yürüşlərə, basqınlara, qanlı döyüşlərə məruz qalıb.  

Zəngilan rayonu inzibati ərazi vahidi kimi Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra yaradılıb- 1930-cu ildə. 
Rayon 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdi. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar- yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

Zəngilan ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardı. Bu ərazilərdə XIII-XIV  əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırırdı. Təssüflər olsun ki, Zəngilan rayonu erməni işğalçıları tərəfindən talan edildi, maddi mədəniyyət nümunələri barbarcasına dağıdıldı. 

Erməni vandalizminə məruz qalmış tarixi-dini abidələr sırasında bunların adlarını saymaq olar: -İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri.

Ziyarətgahlardan: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi.

Tarixi memarlıq abidələrindən: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi,Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalıqülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – QuyudərəXəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsr­lər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şə­rifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də düşmənə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı 30 ildir əsirlikdə qalan torpaqlarımızın erməni işğalından azad olunması yolunda dönüş nöqtəsi oldu.
 
Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.  

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.

2020-ci il 20 oktyabr tarixində Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa olunub. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. 

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə oldular. Müzəffər Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaltdı. 

Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.  

Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan Zəngilan üçün yeni dövr başlayır.

“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər- “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Rayonun ölkənin nəqliyyat logistika mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir. Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərtilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma onların bu istəyi baş tutmadı. Ali Baş Komandanın rəhbərliyi ilə, şəhidlərimizin, döyüşçülərimizin qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı.

Zəngilandan keçən logistik layihələrdən biri Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasıdır. Bunun böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanları genişlənib. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. 
İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

Xatırladaq ki, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir. 

- Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri
23.12.2020:14.02.2021:
  • Görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi.
21.10.2021:26.10.2021:27.05.2022:


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az