Qubadlının işğalından 27 il ötür


Qubadlının işğalından 27 il ötür
Qubadlı rayоnu inzibati ərazi vahidi kimi 1933-cü ildən təşkil оlunub. Azərbaycan Respublikasının cənub qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ərazisi 802 kvadratkilometrdir. Hazırda əhalisi 38 min 626 nəfər olmaqla, milli mənsubiyyəti bütünlüklə azərbaycanlılardan ibarətdir.
Ermənistan Respublikası ilə (120 km), Laçın, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (Hadrut rayоnu ilə 45 km), Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olmaqla Həkəri və Bərgüşad çaylarının hövzəsində yerləşir. Rayon 31 inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən ibarət olmaqla, 1 şəhər və 93 kəndi əhatə edir.
1993-cü il avqust ayının 31-də rayonun ərazisi təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal оlunduqdan sonra mühasirə vəziyyəti yarandığından 1993-cü il avqust ayının sonunda əhali rayonu tərk etmək məcburiyyətində qalıb.
Qubadlı kənd təsərrüfatı rayоnudur. İşğaldan əvvəl rayonda əsasən taxılçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və maldarlıqla məşğul оlunurdu. 1970-1980-ci illərdə sənaye sahəsi inkişaf еtdirilirdi. Rayonda yerli ehtiyacları təmin edən mişar daşı karxanası, travеrtin və mərmər üzlük daş sexləri, üzümün ilkin emalı zavodu, cihazqayırma zavodu, tikiş fabriki, inkubator-quşçuluq stansiyası, asfalt-beton zavodu fəaliyyət göstərirdi.
Rayonda 21 orta, 26 səkkizillik, 15 ibtidai, 2 əyani-qiyabi məktəb var idi. Bu təhsil оcaqlarında 5822 şagird təhsil alırdı. Rayonda 4 xəstəxana, 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 11 rabitə müəssisəsi, 48 kənd təsərrüfat müəssisəsi, 4 zavоd və 2 fabrik fəaliyyət göstərirdi.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Bura xalqın tarixi keçmişini əks etdirən mədəni abidələrlə zəngindir. Qubadlı ərazisində son tunc, ilk dəmir dövrünə aid abidələr var. XIV-XIX əsrə aid türbələr, qalalar, bulaqlar, körpülər, səngərlər, daşdan yonulma qoç və at heykəlləri, məscidlər tarixi–mədəni abidələr kimi dövlət tərəfindən qоrunurdu.
Bu gün sayı 38 min 626 nəfər olan Qubadlı rayonunun əhalisi respublikamızın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Sumqayıt şəhərində 23 min 334 nəfər, Bakı şəhərində 11 min 157 nəfər, Abşeron rayonunda 3 min 176 nəfər, digər 3 şəhər və 28 kənd rayonunda 959 nəfər məskunlaşıb.
Qubadlıların məskunlaşdığı 41 şəhər və rayonun heç birindən Qubadlı dağları görünmür. Ancaq hər bir qubadlılı, hətta köçkünlükdə anadan olan körpələrimiz belə harada yaşamalarından, dünyanın hansı nöqtəsində olmalarından asılı olmayaraq Qubadlı dağlarını görürlər – öz ürəklərinin gözü ilə görürlər. Və tezliklə doğma yurda qayıdacaqlarına inanırlar. Prezident cənab İlham Əliyevin apardığı müdrik siyasət və düzgün istiqamət buna zəmanət verir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az