Prezident İlham Əliyev: "Elektrik enerjisinin nəqli üçün Zəngəzur dəhlizini aktivləşdirmək istəyirik"


            Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimində çıxış edib
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, bu beynəlxalq tədbirdə keçiriləcək müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək. 

           Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. 

Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı ötən əsrin sonunda mühüm hadisə idi. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi və tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başlanıldı: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

"Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir"- deyən dövlət başçısı bildirdi ki, bu layihə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha çox olacaq.

Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğu zaman boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşdur. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. 

Prezident İlham Əliyev: "Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə, bizə sadəcə işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır." 

Prezident İlham Əliyev çıxışında Azərbaycan qazına olan tələbatın sürətlə artmasına da münasibət bildirdi və qeyd etdi ki, biz bunu nəzərə almalıyıq, lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Dövlət başçısı bu tələbatı təmin etməyin mümkün yollarını da göstərdi: "Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik." 

Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinin Azərbaycanın enerji siyasətini və bu sahədə fəaliyyətini bütün mərhələlərində hər zaman verdiyi böyük dəstəyə görə onlara təşəkkürünü bildirən Prezident İlham Əliyev qazanılan nəticələrin bunun sayəsində qazanıldığını xüsusi vurğuladı. O, həmçinin beynəlxalq maliyyə təsisatlarına da- Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürünü çatdırdı. Ümid etdiyini bildirdi ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsinə, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də maliyyə dəstəyi verəcəklər. 

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızınreallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. 

          Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyini vurğulayan ölkə başçısı bunu etibarlı tərəfdaş olduğumuzun göstəricisi kimi qiymətləndirdi və bu məsuliyyət hissini tərəfdaşlarında görmək istədiyini dedi.

Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki Azərbaycan artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir.  

Xəzər dənizinin nəhəng potensialı var və dənizin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil etdiyi bildirilir.

Prezident İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin enerji potensialına da aydınlıq gətirdi. Bildirdi ki,  Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab olunur. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, - hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar. 

Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməyib.

Prezident İlham Əliyev: "Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub." 

Dövlət başçısı çıxışında şaxələndirməni enerji təhlükəsizliyinin başlıca amillərindən hesab etdi. Bildirdi ki, ölkənin enerji strategiyasında bu amil üzərində işlənib. Bunun nəticəsində Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var- müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq. 

Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Bu isə neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialının nəzərə alınmasını zəruri edir.

Prezident İlham Əliyev: "Burada söylədiklərim beynəlxalq tərəfdaşlarımız üçün də önəmlidir. Burada SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulamaq istərdim. Bizim üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Mən çox məmnunam ki, BP bərpaolunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və ümidvaram ki, tezliklə yaxşı nəticələr olacaq."
 
Enerji amili, enerji diplomatiyası və bütün layihələr Azərbaycanın iqtisadi potensialını gücləndirir. Bu da imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə edilən gəlirlər ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilsin. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və toplanılan gəlirlərin yönləndirilməsinin təzahürüdür. 

            Prezident İlham Əliyev çıxışında, həmçinin bildirdi ki, ölkənin xarici borcunun aşağı səviyyədə olması- ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Əlavə kreditlər götürmək mümkün olsa da, buna ehtiyac yoxdur.    
       
           Ölkənin xarici borcunu ümumdaxili məhsulun 10 faizi səviyyəsinə salmaq nəzərdə tutulub və dövlət başçısı artıq bununla bağlı hökumətə göstəriş verib. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az