Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 mart tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı etmişdir


Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən hesab edilir. Azərbaycanda da qlobal çağırışlara cavab verən layihələrinin   reallaşdırılması, bərpaolunan enerji növləri ilə bağlı davamlı olaraq qəbul edilən qərarlar ölkəmizdə bu sahəyə xususi diqqət yetirilməsinin mühüm göstəricisidir. 

 Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi strategiya nəticəsində Azərbaycan istənilən xarici investor üçün böyük əhəmiyyət kəsb edən ölkəyə çevrilib. Dövlətimizin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması mühüm tarixi hadisədir. 

 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Layihənin icraçısının dünyada tanınmış və böyük təcrübəyə malik, çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərən “Masdar” şirkətinin olması, həm də Azərbaycanın xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olmasının göstəricisidir. 

Prezident İlham Əliyev cari ilin 15 mart tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində bu faktı xüsusi qeyd etmişdir: "Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq."

  Ölkə başçısı çıxışında Azərbaycanda elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial olduğunu qeyd etmiş, dörd qonşu ölkəyə enerji ixracının artıq təmin edildiyini, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxışın mümkün olacağına tam əminliyini bildirmişdir. Hər bir yeni stansiyanın inşa olunması isə öz növbəsində ölkəmizin bu sahədə ixrac imkanlarını artırır. 

 Bir il bundan əvvəl imzalanan Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsi imkan verdi ki, bu müddət ərzində hazırlıq işləri aparılsın və Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi gerçəkləşdirilsin. 

 Dövlət başçısı mərasimdə çıxışı zamanı qeyd etmişdir ki, Masdar” şirkətinin təmsil etdiyi Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edən hər iki dost ölkə arasında yeni bir sahəsində- bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilib.

Cari ilin əvvəlindən energetika sahəsində atılan çox önəmli addımlar sayəsində yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır.

Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan   nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısına çevirir.  Dövlətimizin başçısı bu xüsusda demişdir: "...Biz artıq bu işin təzahürlərini görürük. Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək."

İşğaldan azad edilmiş ərazilərin böyük potensiala malik olduğunu diqqətə çatdıran ölkə başçısı demişdir ki, dəqiq hesablamalara görə  günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Bir sözlə, dövlətimiz tərəfindən azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlanıb və o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərilir. 

Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.

Ölkəmizin sənaye və iqtisadiyyatının dinamik inkişafı, postpandemiya dövründə əldə edilmiş nailiyyətlər Azərbaycanda aparılan islahatların,
sənayeləşmə siyasətinin, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində atılan təqdirəlayiq  addımların nəticəsidir. Ölkəmizdə xarici dövlət borcunun çox aşağı səviyyədə- cəmi 7,4 milyard dollar olması da aparılan uğurlu siyasətin göstəricisi kimi qəbul edilməlidir.

Prezident İlham Əliyev: "Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Bizim siyasətimiz isə ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək,- bu, böyük ərazidir, 10 min kvadratkilometrdən çox bir ərazidir,- və eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir."

Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillər haqqında da fikirlərini bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır- həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır. 

Dövlətimizin başçısı çıxışının sonunda stansiyanın inşasına uğurlar arzulamış, Azərbaycana etibar etdiyi və böyük sərmayə yatırımı planlaşdırdığı üçün “Masdar” şirkətinə təşəkkürünü bildirmiş, yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəklərinə əminliyini söyləmişdir. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az