Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edib
Bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə gücləndiyi və qloballaşdığı bir vaxtda atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəmində duran ən mühüm məsələlər sırasındadır.
Azərbaycan qlobal çağırışlara cavab olaraq yeni bir layihənin reallaşdırılması istiqamətində uğurlu bir addım atdı.
İstehsal gücü 240 meqavat olacaq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası ölkəmizdə bərpaolunan enerji sektorunda çox böyük rol oynayacaq. Stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətidir. Şirkət enerji sahəsində dünyanın ən böyük şirkətidir.
“ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14 900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42 800 MVt qoyuluş gücünə bərabər istehsal və 67,2 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
"Xızı-Abşeron" külək elektrik stansiyasında ildə təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal ediləcək ki, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, eləcə də 400 min ton karbon tullantılarının qarşısı alınacaq.
Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir.
Prezident İlham Əliyevin yanvarın 13-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı belə tanınmış investorun Azərbaycan üçün qardaş ölkədən olmasını yüksək qiymətləndirib: "Mən investorları cəlb etmək məqsədimizə nail olduğumuzu yüksək qiymətləndirirəm və bu investorun bu sahədə dünyada ən aparıcı şirkətlərdən biri və qardaş ölkədən olması məni şəxsən sevindirir. Bu, bizim üçün və gələcək əməkdaşlığımız üçün çox önəmlidir."
“ACWA Power” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf və təmiz ətraf mühitə nail olmağa xidmət edən “yaşıl enerji” kursunun həyata keçirilməsində mühüm tərəfdaşımızdır. “ACWA Power” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın dənizdə külək enerjisi üzrə inkişaf hədəflərinə də töhfə verəcəyi yaxın perspektivdədir.
Dövlət başçısı çıxışında Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparıldığını qeyd etmiş, torpaqlarımızın işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirmişdir: "Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik. Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səylərimiz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır."
Ölkə başçısı çıxışının davamında OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynadığnın da xüsusi qeyd edib və bunun sayəsində bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail olunduğunu bildirib.
Əlbəttə, dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azaldığı bir vaxtda qardaş ölkənin şirkətinin Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verməsi Səudiyyə Ərəbistanının ölkəmizə olan yüksək dəyərin nümunəsidir.
Prezident İlham Əliyev yeni layihəni Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə kimi qiymətləndirib. Bu layihə ölkə iqtisadiyyatına yatırılan 300 milyon dollar xarici investisiya deməkdir. Həmçinin bu, 220 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək və atmosferə atılacaq 400 min ton karbon qazını azaldacaq.
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerjisi ilə 300 min ev təmin olunacaq. Elektrik enerjisinin generasiya gücünün artması gələcəkdə ixrac xətlərimizin genişləndirilməsini gündəmə gətirəcək. İşğaldan azad olunmuş ərazilərdə də bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində geniş işlər görülür.
İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.
Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək niyyətindədir.