İKİNCİ İLDİR Kİ, NOVRUZ BAYRAMINI İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZDA DA QEYD EDİRİK!
Ulu öndərimiz Heydər Əliyev qeyd etmişdi ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderimizin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Ötən il uzun həsrətdən sonra Prezidentimiz İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu.
Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”,- deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.
Hər bir xalq, millət öz milli-mənəvi dəyərləri, adət-ənənələri ilə tanınır. Azərbaycan xalqı öz dəyərlərini qoruyan, inkişaf etdirən, gələcək nəsillərə çatdıran xalq kimi nüfuz qazanıb. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyi təqdir edilərək 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyimizə yol açdı. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramınominasiyasına qoşulub. Bu fakt Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayının daim artdığının göstərisidir.
Bu bayram dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bir sözlə təbiət canlanır.
Novruz xalqı birləşdirən bayramdır. Bu bayramda siyasi mövqeyindən asılı olmarayaq, müxtəlif partiyaların rəhbərləri də bir-birilərini təbrik edirlər. Ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiya fonunda bu gözəl ənənə daha da inkişaf edir. Bu amil də milli həmrəyliyimizi və birliyimizi daha da gücləndirir.
Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin- su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən- su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.
Su çərşənbəsi- qışın şaxtasından buz bağlayan çayların, baharın ilk nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə başlamasına, Od çərşənbəsi- Günəşin torpağı isidərək, onu yaratmaq qabiliyyətinə hazırlamasına, Yel çərşənbəsi- artıq oyanmış torpağı, tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə hərəkətə gətirməsinə, Torpaq çərşənbəsi- sularla islanıb, Günəşlə isinmiş torpağın əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir.
Bu bayram, həm də xalqımızın tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruz bayramı ərəfəsində dənli bitkilərdən səməni cücərdilir. İnanclara görə, Novruz bayramında göyərdilən səməni təbiətin oyanmasının, yaşıllığın, yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Səməni halvası bişirmək üçün buğdadan adi qayda üzrə səməni cücərdilir. Cücərtilər sarımtıl rəngdə olduqda ətçəkən maşından keçirilir, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğurulur. Xəmir yağlanmış mis tiyana qoyulur, zəif alov üzərində arabir çevirilmək şərtilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq kərə yağı tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşı qarışdırılır.
Novruzun atributlarından biri boyanmış yumurtadır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur.
Novruzda xüsusi şirniyyatlar bişirirlər- qoğal, şəkərbura, paxlava. Qoğal-Günəşin, şəkərbura- Ayın, paxlava isə- alovun rəmzi sayılır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Bu obrazlar qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Əlbəttə ki, bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür.
Ölkəmizin paytaxtında Novruz şənliyi daha kütləvi və geniş tədbirlərlə qeyd edilir. Əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Yaz gəlişi ilə insanların qəlbinə yeni arzular, ümidlər bəxş edir. Həyat eşqi, yaratmaq istəyi bizi Vətənimiz naminə daha əzmlə çalışmağa, qurub-yaratmağa, ülvi sabahlara qanadlandırır.
Arzularınız çin olsun! Bayramınız mübarək!