ŞAMAXIDA NOVRUZ AB-HAVASI REPORTAJ


...Bahar gəlir yurdumuza,- gül-çiəkli bahar! Ana torpağın üzü gülür. Quşların nəğməsində, bulaqların zümzüməsində, çayların gur səsində gəlir bahar. Xoş gəlirsən, yurdumuza, bahar!
Prezident cənab İlham Əliyevin Şamaxıya səfəri zamanı Dəmirçi kəndində istifadəyə verilmiş xalq sənət obyektlərinin qarşısında böyük coşqu var. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Novruz bayramı münasibəti ilə keçirilən bu təntənəli tədbirdə iştirak edirlər. Kənd və qəsəbələrdən gələn minlərlə sakinin üzündəki sevinc ifadəsini gördükcə, onların hər biri ilə yaxından tanış olmaq, bayramlaşmaq, ürək sözlərini dinləmək istəyirəm. Bu mümkünsüz olsa da, mənə elə gəlir ki, könlümdən keçənləri hər biri duyur. Hansı səmtə boylansam insanların mehriban, isti baxışlarını görürəm. Və qəlbimdə xalqımızın bu əziz bayramını sevimli şairimiz Səməd Vurğunun yaz ətirli misraları ilə əzizləyirəm:
-Bahar, istəklimsən başdan-binadan, 
Ən gözəl qızısan sən təbiətin. 
Xoşbəxt yaranmısan xoşbəxt anadan, 
Gözünün odusan şeirin, sənətin, 
Ən gözəl qızısan sən təbiətin.
Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirirlər. Sərgidə rəsmlər çoxluq təşkil edir. Tamaşaçılar onların qarşısında bir anlıq da olsa ayaq saxlayır, bacarıqlı uşaq əllərinin və təfəkkürünün möcüzəsinə heyranlıqlarını gizlətmirlər. Əl işlərində Novruzun gəlişi rənglərin əlvanlığında əks olunub. Təbiətin “ən gözəl qızı”nın cilvəli görüntüləri sərgiyə xüsusi gözəllik verir. Hər tərəf yaşıl rəngin könülaçan rahiyəsi ilə süslənib. Şagirdlərin əl işləri yazın mübarək gəlişinə həsr olunan şirin nəğməni xatırladır.
Tədbirin keçirildiyi əsas meydana daxil oluruq. Baharın gəlişini müjdə verən çərşənbələrin "tamaşasına" duran insanlar şeir, sənət yurdu ulu Şirvan torpağında yaz adına neçə-neçə söyləmələrə dinşək kəsilirlər:
-Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış, yaxşılıq elə,
Nə çıxar yamanlıqdan.
Söz tamama yetən kimi tədbir iştirakçıları bir görürlər ki, bir nəfər irəli çıxıb onları sınağa çəkdi:
-Ay gedər ha, il gedər,
Gecə-gündüz yol gedər.
Nə dili var, nə ağzı,
Nərildər aslan gedər?
-Açması?
-Açmasını bilməyə nə var!-hamı yerbəyerdən cavab verir,- açması sudu. Üstəlik bu "sınağ"ı atalarımızın illərin imtahanından çıxardığı sözlər tamamlayır:
-Su olan yerdə dirilik olar.
-Su axdığı yerdən bir də axar.
Uşaqların gülüş, sevinc səslərinin gur olduğu guşəyə gəlirik. Od üstündən hoppanan uşaqlara böyüklər də qoşulur. Qıraqdan gələn gur səsə tərəf boylanıram:
-Lopa yandırın, dostlar,
Zülmət nura qarışsın.
Susub durmaq günahdır,
Küsülülər barışsın!
Sevinsin, gülsün hamı,
Gəlir Novruz bayramı!
-Od xalqımızın düşüncəsində Günəşin rəmzi olan Od, insanları, beləcə ətrafına düzür, onları isidir, "ağırlıq-uğurluqlar"ını közündə yandırır.
Qarşı guşədə isə uşaqların nəğməsi bayram şənliyinin xoş ovqatını daha da artırır. Onlar Yel babanı səsləyərək, torpağımıza bərəkət gətirməsini arzulaırlar:
-Ay Yel baba, Yel baba,
Tez gəl baba, gəl baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən yığılıb dağ olsun,
Yel babamız sağ olsun.
Nəhayət, torpağın "oyandığı" guşə... Bu guşə səmənilərlə bəzənib- oyanışın ifadəsidir. İnama görə, ilaxır çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir. Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır. Xalqımızın düşüncəsində yazda torpağın oyanması dirilmə, canlanma deməkdir.
Daha torpağımız oyanıb- əkinə hazırdır. Torpaq qoynunda bəsləmək üçün toxum arzulayacaq indən belə. Ümidini torpağa bağlayan əkinçi qardaşım, işin avand olsun! Sən hərəkət et ki, çöllərimiz bərəkətini versin. Nahaqdan deməyiblər ki, bu günün alın təri sabahın bəhəridir.
Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən meydanda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələrinin nümayiş olunduğu sərgilər, o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli xörək növləri də tamaşaçılar tərəfindən maraqla qarşılanır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salırlar.
Tanınmış folkorşünas, həmyerlimiz Qalib Sayılov “Şirvanda Novruz” adlı araşdırmasında qeyd edir ki, Novruzun bütün adət-ənənələri, ritualları, nəğmə və etiqadları qədim Şirvanda daha əhatəli, geniş formatda keçirilir. A.Minorskinin yazdığına görə, Şirvanşahlar dövləti çox qədimdən əkinçilik və maldarlıq mədəniyyətinin inkişaf sürətinə görə yaxın ellərdə özünə böyük şöhrət qazanmış, əkinçilik və maldarlıq məhsullarının natura mübadiləsini genişləndirməklə iqtisadiyyatını yüksəltməyə nail olmuşdur.
Filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun qənaətinə görə, bəzi folklor nümunələrinin, o cümlədən əkin və biçinçi sözlərinin, əkin və səpin nəğmələrinin, eydirmə və sağın nəğmələrinin, eləcə də sayaçı sözləri, saya mərasimlərinin bir çox ilkin nümunələri Şirvanda yaranmışdır. Bu gün bizə gəlib çatan həmin nəğmələrin ritmik sistemi dialekt və ifa üslubunda şirvanlılara məxsus danışıq leksikonunun, demək olar ki, bütün əlamətlərini qoruyub saxlamışdır.
Xatırlatmaq yerinə düşər ki, hazırda həmin nəğmələrin böyük əksəriyyəti XIX əsrin sonu, XX əsrin əvvəllərində Şirvandan yazıya alınıb nəşr edilmişdir. Eyni sözləri bu bölgədə yaranan bir çox rituallar, digər əmək və məişət nəğmələri barədə də demək mümkündür.
Şirvanda Novruza hazırlıq mərhələsi bu gün də xüsusi təntənə ilə keçirilir. Hələ bayrama bir neçə həftə qalmış səməni göyərdilir, evlər təmizlənir, torpaq bellənir. Novruz bayramının gəlişinə az qalmış - ilin axır çərşənbəsində bayram şirniyyatı - şəkərbura, paxlava, şorqoğalı... bişirilir. Yumurtalar əsasən soğan qabığı qaynadılaraq, qırmızı rəngə boyadılır. Bütün əhali xüsusi ruh yüksəkliyi ilə bayramı qeyd edir.
Dəmirçi kəndindəki xalq sənət obyektlərinin qarşısında keçirilən bu ilki şənlikdə Novruz bayramının qədim ənənələrlə zənginliyi bir daha nümayiş etdirildiyinə şahid oluram. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini gözlər önündə sərgiləyirlər. Milli musiqinin sədaları altında şux rəqsləri ilə şənliyi daha da coşduran rəqqaslarını çıxışları alqışlarla qarşılanır.
Çox keçmir, meydana gənc pəhləvanlar çıxırlar. Onların məharətini tədbir iştirakçılarına mübarizə meydanı bəlli edir.
Novruz şənliyi kütləvi rəqslə sona çatır və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edir.
...Min il ömür sürək səninlə qoşa,
 Bir canda döyünən iki ürək tək.
Min il nəfəs verək torpağa, daşa,
 Nəsildən-nəsilə təzələşərək.
-Sən yeni günsən, yeni arzusan, Bahar! Sən həyatın özüsən, yeni günümüz- Novruzumuz, yazımız.
...Şənlikdən qayıdıram. Özümlə bayram övqatının sevincini, bir də ağbirçək nənənin tədbir iştirakçılarına ünvanladığı xeyir-duanı aparıram:
-"Yurudmuza bərəkət gətir, -bizdən uzaq düşən, yolumuzu gözləyən torpaqlarımıza- Qarabağımıza dönmək arzumuza qanad ver. Gücümüzü artır, əziz günümüz. Odumuz gur yansın. Torpaqlarımız bərəkətli olsun. İnasanlarımızın daim üzü gülsün. Yaşamaq, yaratmaq arzunuz tükənməsin."
Bayramınız mübarək!




PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az