Möhtərəm Prezidentimiz İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi bir daha göstərdi ki, Qarabağımızın incisi olan bu şəhərin xalqımızın mənəvi dünyasında xüsusi yeri var. Düşmən uzun illik işğal dövründə nə qədər çalışsa da Şuşadan Azərbaycanın ruhunu silə bilmədi.
Xalqımız işğal faktı ilə barışa bilməzdi. Nəhayət, ötən il 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz qədim yurd yerlərimizi işğaldan azad etdi. Biz yenidən Qarabağımıza, mədəniyyətimizin baş tacı Şuşamıza qovuşduq. Uzun illərdən sonra bərpa edilən "Xarıbülbül" festivalı sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bizlərə belə bir qürurlu günlər yaşatdığı üçün Ali Baş Komandanımız başda olmaqla qəhrəman hərbçilərimizə borcluyuq.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalı duyğularımıza qanad oldu. Festival Şuşanın timsalında Qarabağımızın tarixi simasını təcəssüm etdirməklə yanaşı, həm də Vətən sevgimizin musiqili tərcümanına döndü.
Şuşanın rəmzi sayılan gülün adına qoyulmuş “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra ənənəyə qayıdış, festivalın bərpası, həm də bu musiqi bayramının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının açılışında qeyd etdi ki, biz bu gün üçün qəhrəman hərbçilərimizə, Azərbaycan xalqına borcluyuq: “Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində
şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Hər kəsin qəlbində Vətənimizin qəhrəman övladlarına sonsuz minnətdarlıq duyğuları ifadə edildi.
Bu genişmiqyaslı tədbiri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamı kimi də qiymətləndirmək olar. Bundan sonra hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Onu da xatırladaq ki, gələn il Şuşanın 270 illik yubileyi yüksək səviyədə qeyd olunacaq.
Budur,- Şuşamız yenidən musiqi ehtişamına qovuşdu. Şəhər yenidən bərpa edilir, dirçəldilir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövrə qədəm qoyulur. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.
Keçirilən musiqi festivalı qazanılmış Zəfərin bölgə üçün əhəmiyyətini bir daha göstərdi, eyni zamanda, işğalçıdan fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə və digər dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Tədbirdə ölkəmizdəki bütün etnik və dini icmaların nümayəndələrinin birgə iştirakı isə bizim vahid amal uğrunda birləşdiyimizi dünyaya nümayiş etdirdi. Bu festival böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, ölkəmizin Azərbaycanda yaşayan bütün xalqların doğma ocağı, öz evi olduğunu göstərdi. Dünya ictimaiyyətinə göstərdi ki, dinlərimiz müxtəlif olsa da, vahid Vətənimizi qorumağa hər an hazırıq. Vətən müharibəsi günlərində dünya bu birliyimizi görmüşdü, indi bir daha əmin oldu. Qazanılmış Zəfərdə Azərbaycanda yaşayan bütün icmaların payı var. Ermənistandan və onun himayədarlarından fərqli olaraq ölkəmizdə ksenofobiya yoxdur. Azərbaycan multikulturalizmi, tolerantlığı həyat tərzi olaraq seçmiş bir ölkədir və “Xarıbülbül” festivalı multikulturalizmin simvoluna çevrildi.
Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi var.
Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarinbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.
Dövlətimizin başçısı çıxışında xüsusi qeyd etdi ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.
Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında o demişdi ki,gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir.
-Budur, həmin gün gəldi.
Prezident İlham Əliyev dedi: "Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.
Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır.
İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdəazan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır.
Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olmaqla yanaşı, böyük tarixi Qələbənin təntənəsi oldu. Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin tarixi kimliyinin bərpası idi.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!