Xocahəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirildi
Hazırda dünyanın pandemiya və iqtisadi böhranla qarşılaşdığı bir dövrün olmasına baxmayaraq, Azərbaycan dövləti tərəfindən sosial siyasət artan xətt üzrə icra edilir. Respublikada sosialyönümlü layihələrin sayı və əhatə dairəsi genişləndirilir, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür.
İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir.
Kompleksin ərazisində 140 yerlik uşaq bağçası da inşa olunub. Burada balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün geniş imkanlar var. Bağçanın qrup otaqları, musiqi və idman zalları uşaqların zövqünə uyğun yaradılıb. Burada uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkarlamaq üçün hərtərəfli şərait var.
Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. Bu işlər sırasında onların avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu gün isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunur. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.
Kompleksin açılışında Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü. Dövlət başçısı
çıxışında qeyd etdi ki, “vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.
Yeri gəlmişkən, yuxarıda sadalanan kateqoriyalara dövlət qayğısı çərçivəsində hazırda aktual istiqamətlərdən biri də özünüməşğulluq ilə bağlıdır.
Prezident İlham Əliyevin 2021-ci il 14 iyul tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə dövlətin daim qayğı, diqqət göstərdiyini də qeyd etdi. Bildirdi ki, qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verib, bu da təbiidir. Çünki özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonunun keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək.
Hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim olunur. Cari ildə nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.
İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.
Prezident İlham Əliyev çıxışında Vətən müharibəsinin qələbə ilə başa çatmasında şəhidlərimizin hünərini xüsusi qeyd etdi: “Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”- dedi.
Əlbəttə ki, bu gün aparıcı ölkələrin hərbi məktəblərində Azərbaycanın rəşadətli Ordusunun döyüş taktikalarının öyrənilməsi xalqımız üçün qürur mənbəyidir. Sirr deyil ki, 44 gün ərzində müharibə aparan ordumuz dünya hərb tarixində yeni mərhələnin başlanğıcını qoydu. Döyüşlər haqqında danışan dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün məqsədlərə çataraq böyük zəfər əldə etdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı,
qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dənə də fərari olmamışdır."
Prezident İlham Əliyev çıxışı zamanı Ermənistan və havadarlarına vacib ismarıclar da göndərdi. O qeyd etdi: “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.
Dövlət başçısının daha bir ismarıcı: “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Prezident İlham Əliyev son zamanlar Ermənistan tərəfindən artan təxribatlar fonunda rəsmi İrəvanı xəbərdarlıq edərək onlara keçmişdən dərs çıxarmağı məsləhət gördü.
Beləliklə, 44 günlük müharibənin arxada qaldığı son bir neçə ay ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən sosial siyasətin bütün istiqamətlərində olduğu kimi, şəhid ailələri və qazilərə qayğı ən yüksək səviyyədə həyata keçirilir, bununla yanaşı, yeni təxribatlar fonunda qalib ordunun daha da gücləndirilməsi istiqamətində mühüm işlər aparılır.