“Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm,- insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”
-Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söylədiyi bu fikirlər bir daha təsdiq etdi ki, dövlət öz vətəndaşının həyatına ən yüksək dəyər verir və bu məsələni özü üçün prioritet sayır.
Hava-damcı yolu ilə insanları sürətlə yoluxduran qorxulu xəstəlik olan COVID-19 virusu insanlar üçün ölümcül ola bilər. Bunu hər kəs anlayır və dərk edir. Təssüflər olsun ki, cəmiyyətdə bəzən vaksinin insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsul olduğuna şübhə ilə yanaşanlar da var. Bu qorxulu xəstəliyə belə biganə, bəzən də şüursuz münasibət isə öz növbəsində yalnız həmin insanın özünə deyil, həm də yaxınlarına və doğmalarına, eləcə də ətrafındakılara böyük faciələrə yol açır. Peyvənd olunmadığı üçün çox sayda insan vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.
Amma unutmamalı və birdəfəlik dərk etməliyik ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.
Bir də unutmaq olmaz ki, bu xəstəlik yaşa baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Əlbəttə ki, sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək insanların sağlam olmasında mühüm rol oynayır. Lakin indiki pandemiya dövründə bu tədbirlər kifayət etmir. Bu mənada, peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Bəzi gənclər elə düşünürlər ki, bu xəstəlik ancaq yaşlılar üçün təhlükəlidir və məhz bu səbəbdən çox məsuliyyətsiz yanaşmaları formalaşıb. Əlbətdə statistik olaraq COVID-19 xəstəliyi səbəbindən bu xəstəliyi ağır keçirənlər daha çox yaşlı təbəqə insanlar olur. Lakin bu o demək deyil ki, cavan nəsil xəstəlikdən 100% qorunub. Gənclər anlamalıdırlar ki, onlar xəstələndiyi an yaşlı insanları təhlükə altına atmış olurlar.
Doğrudur, çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı keçmiş tarixə nəzər salsaq görərik ki, yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25 30% i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub.
1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.
Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Uşaqlarımızın
gələcəyi üçün hər birimizin vaksin olunması vacibdir. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısını birlikdə ala bilərik. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.
Pandemiya təhlükəsi başlayanda dövlətimiz çox vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Dövlətimizin aydın hədəfləri nəticəsində ölkənin səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Sağlam və firavan gələcək öz əlimizdədir. Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70 - 80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də biz birliyimiz, sağlam düşüncə sayəsində bu qorxunc xəstəliyə qalib gələcəyik.