Prezident İlham Əliyevin 18 mart 2021-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Əlbəttə ki, bu, səbəbsiz deyildi. Hər kəs dövlətimizin başçısından xalqımıza çox əziz olan bir bayram- Novruz bayramı ərəfəsində belə bir humanist addımı böyük arzu və istəklə, həm də ümidlə gözləyirdi.
Prezident İlham Əliyevin bu Sərəncamı bir daha göstərdi ki, ölkəmizdə insan amili prioritet məsələdir və dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır. Bu vaxta kmi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində minlərlə vətəndaş əfv edilib.
Məhbusluq həyatında günahlarını və ya etdikləri səhvləri anlamış şəxslərə verilən yeni şans onların gələcəyinə düşən işıqdır. Bu işığı görmək və qiymətləndirmək, olanlardan dərs nəticə çıxarmaq lazımdır ki, bir daha dörd divarın məngənəsində boğulmayasan. Əfv olunmaq məhbusluğun qaranlıq ağuşundan gün işığına çıxmaq deməkdir. İnsan üçün bundan qiymətli nə ola bilər? Günahın, səhvin uçurumundan çıxarılan kəs onu bir addımlıqda olan yoxluğun pəncəsindən xilas edənə ömür boyu minnətdar olmalı və bir daha doğru yoldan sapmamalıdır.
Əfv olunmaq, həm də aydınlığa çıxan insanın vicdanını təmizləməyə verilən şansdır. Bunu bacaran insan ömrünün davamına, rahatlıq "təminatı" almış olur.
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı milli birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından da xüsusi dəyər daşıyır. Humanist siyasət yürütmək, vətəndaşlarının qayğısına qalmaq hüquqi dövlətə xas olan ən ümdə prisiplərdən hesab edilir.
Azərbaycan hakimiyyətinin cinayət törətmiş insanları qanuna müvafiq şəkildə cəzalandırmaqla bərabər, islah olunmağa meylli, cəzasının müəyyən hissəsini çəkmiş vətəndaşlara normal həyata qayıtmaq şansı verməsi ölkəmizdə insan hüquq və azadlıqlarına, humanizm prinsiplərinə sadiqliyin daha bir nümunəsidir.
Məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq həyata keçirildi. Cəza siyasətində humanistləşdirmə və cinayətlərin dekriminallaşdırılması ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri kimi mühüm dəyişikliklər ölkəmizdə həmin istiqamətdə aparılan əhəmiyyətli addımların göstəricisidr. Bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmənin müəyyən edilməsi, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə bəzi alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları bu sıradandır.
Xalq öz Prezidentini sevir, Onunla qürur duyur, fəxr edir. Çünki haqqının təminatçısı və qoruyucusudur. Daim vətəndaşlarını düşünən, onları dünyanın yaşadığı ən ağır iqtisadi, siyasi, sosial burulğanından çıxaran Odur! 30 ildir qəlbimizdə qövr edən bir acı həsrəti sona yetirən, bu möcüzəni hər birimizə yaşadan, Qalib Xalq adı ilə millətimizi şərəfləndirən ən böyük sərkərdəmizdir İlham Əliyev.
Xalq-iqtidar birliyi sarsılmazdır. Biz birlikdə güclüyük, birlikdə qüdrətliyik!