COVID-19 ümumbəşəri bəlaya çevrilib. Bundan xilas olmaq üçün dünya ölkələrinin səylərinin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması çox vacibdir.
Azərbaycan pandemiyanın ilk günlərindən başlayaraq COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması və pandemiya təhlükəsinin qarşısının alınması üçün sistemli tədbirləri bu gün də davam etdirir.
Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında qeyd etdi ki, pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti bu istiqamətdə gərəkli olan bütün tədbirləri davam etdirir. Hökumət COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edib.
Bu tədbirlərin nəticəsində pandemiya dövründə işsiz qalmış vətəndaşlar aylıq təzminatlar əldə etmişlər. Həmçinin biznes sahiblərinə də önəmli yardımlar olunmuşdur. Tarixin bu çətin anlarında bizneslərini ayaqda saxlamaq üçün dövlət tərəfindən onlara subsidiyalar ayrılmışdır.
Qısa zaman ərzində Azərbaycanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib, həmin xəstəxanalar lazımi avadanlıqlar və tibbi ləvazimatlarla təmin olunub. Ölkədə COVID-19 xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən artıqdır.
Dövlətimizin başçısı sessiyadakı çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində beynəlxalq səviyyədə gördüyü işləri də diqqətə çatdırdı. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Prezident İlham Əliyev çıxışında pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyası olduğunu xüsusi vurğuladı. Görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmasını da diqqətə çatdırdı: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.
Pandemiya dünya əhalisi üçün qorxunc düşməndir. Onun gətirdiyi fəlakətin qarşısını almaq üçün ölkələrin birgə əməkdaşlığı çox vacibdir. Ölkəmiz hər zaman humanizm prinsiplərini yüksək tutur və dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Prezident İlham Ələiyev çıxışında da qeyd etdi ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini beynəlxalq səviyyədə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.
Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəyliyin strateji əhəmiyyətinni diqqətə çatdıran dövlət başçısı Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün bunun əhəmiyyətini daim təbliğ etdiyini dedi.
Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etməsi bu istiqamətdə atılan əhəmiyyətli addımlardır. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası xüsusi diqqət çəkir.
İnkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırması bir daha təsdiq edir ki, ölkəmiz birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması üçün böyük işlər görür.