Milli Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu Qurtuluş tarixini yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Vətənə dönüş tarixi doğulduğu Naxçıvanda başlayan Heydər Əliyev muxtar respublikada olarkən bütünlükdə Azərbaycan naminə, ölkəmizin müstəqilliyinin əbədiliyi üçün çox önəmli qərarlar qəbul etdi. Ulu öndərin iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyalarının hər biri Azərbaycan xalqının gələcəyi naminə atılan addım kimi tarixə yazılıb. Onun xalq elçisi kimi fəaliyyəti, Ali Məclisin sədri seçilməsi tarixi xilaskarlıq missiyasının başlanğıcı idi. Sovetlərin bərpa olunması üçün müəyyənləşdirilən referendum oyununa etiraz etməklə Azərbaycanın müstəqilliyini qoruyan Heydər Əliyev sonrakı fəaliyyəti ilə xilaskarlıq missiyasını yerinə yetirdi.
Ulu öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi:
-Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi;
-Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti;
-Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına,Vətəninə sonsuz və təmənnasız sevgisi.
Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində, xalqının yaddaşında əbədi yaşayacaq və daim var olacaqdır.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.
Beləliklə,1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.
Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən, yalnız öz hakimiyyətini qorumağı düşünən o vaxtkı iqtidar- AXC-Müsavat cütlüyü əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə getdiyi, torpaqlarımızın işğal altına salındığı bir vaxtda Ermənistana benzin satırdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.
Bütün ölkələrlə münasibətləri korlayan, bəzilərinə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən edən o vaxtkı iqtidarda təmsil olunanlar idarəetmədə tam səriştəsiz idilər. Onların bu yarıtmaz, antimilli fəaliyyətləri isə ölkəmizin süverenliyinə ciddi təhdid yaradırdı. Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında “xüsusi rol” oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək ölkə parlamentinin sədrinə və Prezidentə meydan oxumağa başlamışdı.
Daxili işlər naziri televiziyanın canlı efirində bir müxalifət nümayəndəsini döymüş, buna görə məsuliyyətə cəlb olunmamışdı.Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə
keçmiş, Gəncədə iğtişaşlar başlayan gün- 4 iyun 1993-cü il tarixində Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi. Xarici işlər naziri kimi mühüm diplomatik postu Fizika İnstitutunun kiçik elmi işçisi daşıyırdı- onun bu sahədə heç bir təcrübəsi yox idi.
O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar- məşhur “91-lər” dərk edirdilər ki, xalqımızı bu acınacaqlı vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Ona görə "91-lər" ulu öndərə müraciət etdilər.
Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”,- deyən ulu öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətli illər olmuş, müstəqil dövlətçiliyimizin əsasları qoyulmuşdur:
-20 Yanvar faciəsinə siyasi qiymət verildi.Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmiş, ört-basdır etmək istəmişdir, çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı;
-Azərbaycan Konstitusiyası yalnız Heydər Əliyevin dövründə qəbul edildi;
-Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Heydər Əliyev tərəfindən ləğv edildi;
-Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı;
-Azərbaycan beynəlxalq təcriddən çıxdı,hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı;
-Ölkəyə böyük investisiyalar cəlb edildi;
-Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
-Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu;
-Nizami ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı;
-İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inam geri qaytarıldı;
-Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu;
-Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi;
-Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan
görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.