26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür


“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.” - Ulu Öndər Heydər Əliyev

Ulu öndər Heydər Əliyevin xalqımız üçün qoyduğu zəngin və əvəzsiz irs ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən fundamental bir fəaliyyət proqramıdır. Bu çoxcəhətli, zəngin fəaliyyət  proqramının ən mühüm qollarından birini, heç şübhəsiz, ordu quruculuğu təşkil edir. Bu istiqamətdə Heydər  Əliyev fəaliyyətinin qlobal miqyası Azərbaycanın bugünkü reallıqları ilə yanaşı, həm də keçmişinin və  gələcəyinin prizmasından əzəmətli görünür. Belə ki, hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik  edən ulu öndərimizin ordu quruculuğu, xüsusilə də hərbi təhsil sisteminin təməlini qoymaq istiqamətində həyata  keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. O vaxtlar Heydər Əliyevin təşəbbüsü və təkidi ilə  Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin yaradılması, ölkənin ali hərbi məktəblərinə göndərilən azərbaycanlı gənclərin sayının artırılması, onların qəbulunda konkret güzəştlərin tətbiqi respublikamızın  gələcəyinə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Ən azı ona görə ki, ulu öndər əsası 1918-ci ildə qoyulan ənənələri yeni tarixi şəraitdə davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, ilk tədris ilində iki onuncu sinif komplektləşdirilmiş və məktəbə birinci qəbul 400 nəfərdən çox olmuşdur. 1970-80-ci illərdə Azərbaycan  hökuməti məktəbin tədris-maddi bazasının və təlim-tərbiyə işinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş və bunun nəticəsində lisey keçmiş sovetlər birliyində analoqu olmayan təhsil ocağına çevrilmişdir. Bütün bunlar, heç şübhəsiz, Heydər Əliyev kimi əsl sərkərdənin gündəlik diqqət və qayğısı  sayəsində mümkün olmuşdur. Ötən müddət ərzində məktəbi 10 minə yaxın gənc bitirmiş və ali hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə almış, Azərbaycanın hərb salnaməsinə yaddaqalan səhifələr yazmışdır. 

Ulu öndəri bu məktəbə, sözün həqiqi mənasında, çox böyük mənəvi və tarixi tellər bağlayırdı. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamı və müdafiə nazirinin müvafiq əmri ilə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin filialı açılmış, Prezident İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə bu filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Bu təhsil ocaqlarının maddi-tədris bazası yüksək standartlara cavab verir və idman, mədəniməişət komplekslərini əhatə edir. Kursantların istifadəsində müasir kompyuter kabinetləri, sürətli dil öyrətmə kabinetləri və təbiət elmləri laboratoriyaları var. Böyük təəssüf hissi ilə qeyd olunmalıdır ki, 90-cı illərinəvvəllərində milli dövlət və ordu quruculuğunun ilkin mərhələsində əsası Heydər Əliyev tərəfindən qoyulmuş varislik ənənələri tamamilə unuduldu. Azərbaycan ordusu düşmən təcavüzünün qarşısını almaq əvəzinə, siyasi məqsədlərə cəlb edildi və hakimiyyət uğrunda mübarizədə alətə çevrildi. Belə bir vaxtda peşəkar hərbçilərin səyləri, döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlar da sadəcə epizodik xarakter daşıyırdı.

Silahlı Qüvvələrin maddi-texniki təminatı möhkəmləndirildi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırıldı. Tam elmi-nəzəri prinsiplər üzərində qurulan Silahlı Qüvvələrimiz keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Məhz ulu öndər Silahlı Qüvvələrimizin daha da möhkəmlənməsi, xüsusilə də ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi. Onun 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust  2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust  2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu  istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi məktəblərində bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar.Ümummilli liderimizin 1993-cü il noyabr ayının 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə görüşləri ordu-da mənəvi əhval-ruhiyyənin güclənməsinə, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin formalaşmasına müsbət təsir göstərdi. Ordu quruculuğunda aparılan kompleks işlərin nəticəsində Azərbaycan Respublikasının qanunvericilik orqanı olan Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə edildi. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, Milli Məclis tərəfindən “Silahlı Qüvvələr haqqında “, “Hərbi xidmət haqqında “, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və s . qanunlar qəbul edildi.Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz ümummilli liderimizin adı ilə bağlıdır. Bu əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Belə ki, həmin il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuş, 1996-cı ilin aprel ayında isə Azərbaycan Prezidenti NATO-nun Baş katibinə Azərbaycanın prezentasiya sənədlərini təqdim etmişdir. Azərbaycan dövləti bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirak edir. Belə ki, Silahlı Qüvvələrimizin sülhməramlı taqımı Türkiyə Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taborunun tərkibində 1999-cu ilin sentyabr ayından Kosovoda, 2002-ci ilin noyabr ayından Əfqanıstanda, 150 nəfərdən ibarət sülhməramlı bölüyü isə 2003-cü ilin avqust ayından ABŞ Silahlı Qüvvələrinin kontingenti tərkibində İraqda sülhməramlı missiyanı yerinə yetirməyə başlamışdır. Sülhməramlılarımızın nümunəvi xidməti haqqında yerlərdəki qoşunların ali komandanlıqları tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin ünvanına göndərilən təşəkkür məktubları hərbçilərimizin peşəkarlığından və yüksək döyüş hazırlığından xəbər verir. Bundan əlavə, Azərbaycan ilə NATO arasında hər il fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir ki, bu da Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi-texniki bazasının yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Bütün bunları nəzərə alan ümum-milli liderimiz yüksək tribunalardan dəfələrlə demişdir: “On il ərzində ordumuz gücləndi, inkişaf etdi və bu gün, demək olar ki, bizim ordumuz çox yüksək səviyyədədir. Qarşıda duran bütün vəzifələri həll etməyə qadir ordudur”

                                           Ulu Öndər Heydər Əliyev Ordu haqqında:

•             “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir.”;
•             “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir.”; 
•             “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.”;
•             “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.”; 
•             “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.”; 
•             “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.”; 
•             “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur.”; 
•             “Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın.”;
•             “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.”


Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.

Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığının, döyüş hazırlığının fərqinin də təsdiqi oldu.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmayacaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu bəyanat Azərbaycan adından verilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla qeyd edirdi ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir: "Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Aprel döyüşləri Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu da təsdiqlədi.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Azərbaycan Ordusu bu gün örnək, düşmənlərin canında qorxu yaradan ordu nümunəsidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi.
Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir. Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal -“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Azərbaycanın  ərazi   bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin daha bir şanlı və qürurverici səhifəsi, zirvə hadisələrindən biri Zəfər paradının keçirilməsidir. Heç şübhəsiz, 2020-ci ilin dekabrın 10-da Bakıının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər Paradının keçirilməsi Azərbaycanın şanlı qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi oldu. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!”  şüarı bir daha qürurla  ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev  bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.

Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti uğurla davam etdirilir.  Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması- bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında demişdir:“Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. Bu təhsil müəssisəsinin əsas vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi ElmiTədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
                     Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı da dediklərimizi təsdiq etməkdədir.

Aparıcı Qərb mətbu orqanlarında, eləcə də ABŞ-ın Milli Müharibə Kollecinin ("National War College"), "Seton Hall" Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən qürurverici qənaətlər hasil olub.
II Qarabağ Müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərbi məktəblərin dərsliklərinə salınaraq, öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edir;

-                    Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsinin önəmli maddələri:

•             “Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”;
•             “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”;
•             “Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər”;
•             “Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir”.

                                                 BÖYÜK  QƏLƏBƏNİ TƏMİN EDƏN VACİB AMİL

“Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” - Prezident İlham Əliyev.

Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycanın güclü dövlətə çevrilməsi fəlsəfəsi və strateji məqsədi dayanır. Ona görə də ötən müddət ərzində iqtisadi, siyasi, sosial, hərbi və digər sahələrdə islahat xarakterli, inkişafa xidmət edən inqilabi addımlar atılıb, mühüm nailiyyətlər, nəticələr əldə olunub, Azərbaycanı güclü dövlətə çevirib. Belə strateji məsələlərdən biri də milli müdafiə sənayesinin yaradılmasıdır.

Ümumiyyətlə, müdafiə sənayesinin inkişaf etdirilməsi, ordunun hərbi-texniki təchizatında kəmiyyət və ketfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi, dünyada mövcud olan ən qabaqcıl təcrübə və texnologiyalar əsasında yeni istehsal müəssisələrinin yaradılması, müdafiə təyinatlı məhsulların istehsalının artırılması və bu sahədə xaricdən asılılığın azaldılması dünya miqyasında ayrı-ayrı ölkələrin timsalında strateji istiqamətlər kimi diqqəti cəlb edir. Müdafiə sənayesinin inkişafı həm iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, həm də ölkənin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının gücləndirilməsi məqsədlərinə xidmət edir. 

Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan danışarkən II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsində Türkiyə hərbi sənayesinin istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində müştərək istehsal kimi əməkdaşlıq üsullarının tətbiqi hərbi əməkdaşlığın perspektiv layihələridir.

Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış "İkitərəfli Hərbi Əməkdaşlıq Planı" da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.
İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır.

                                      Prezident İlham Əliyev Ordu haqqında:

•             “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”;
•             “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”;
•             “Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb”;
•             “Ordu quruculuğu bizim üçün prioritet məsələdir”;
•             “Bizim ordumuz bizim qürurumuzdur”;
•             “Güclü dövlətin güclü ordusu olmalıdır”;
•             “Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”;
•             “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”


Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.  



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az